BURADA REKLAMINIZ OLA
BİLƏR

Siyavuş Novruzov: “Siyasi arenada İlham Əliyevə alternativ yoxdur”

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkiləri barədə müzakirələrə münasibət bildirib.

 

S.Novruzov Pravda.az-a müsahibəsində deyib ki, Prezident İlham Əliyevə siyasi arenada alternativ yoxdur: “Nəinki Azərbaycan miqyasında, heç Azərbaycan miqyasından kənarda da. Azərbaycan Prezidenti ilə xalq arasında olan münasibətlər, xalqın və seçicilərinin Prezidentimizə dəstəyi, inamı həmişə yüksək səviyyədə olub və hazırda daha da yüksəkdir. Çünki cənab Prezident Azərbaycan xalqının 100-200 ildən artıq müddətdə həll olunmayan taleyüklü problemlərini həll edib. Azərbaycanın Türkmənçay müqaviləsindən sonra yaşadığı ərazi problemlərinin, təxribatların, ərazisindən pay götürmək istəyənlərin qarşısını həmişə alıb, suverenliyini təmin edib, Azərbaycan xalqının hüquqlarını, demək olar, tam bərpa edib. Konstitusiyamıza görə, hakimiyyətin mənbəyi xalqdır. Xalq da öz seçimini edir. Xalqın hüquqları Azərbaycanın bütün ərazilərində bərpa olunub. Müstəqilliyimizi əldə etdikdən sonra Qarabağda prezident, bələdiyyə və s. seçkiləri olmayıb. Doğrudur, əhali səs verib, amma ərazi baxımından orada seçki keçirilməyib. Müstəqillikdən sonra birinci dəfədir ki, Azərbaycan bütün ərazisində seçki keçirəcək. Qalan şeyləri qeyd etməyə ehtiyac yoxdur. Cənab İlham Əliyev 20 ildir ki, Prezidentdir. Onun gördüyü bütün işlərin hamısını kənara qoyuram. Bu məsələ kifayətdir ki, hər bir Azərbaycan vətəndaşı, seçicisi Heydər Əliyev siyasi xəttinə, yoluna, siyasi kursuna səs versin. Bunun təməli də Ümummilli Liderlə bağlıdır. Ümummilli Lider ikinci dəfə hakimiyyətə gəldikdən sonra bu proseslər davam edir”.

 

S.Novruzov bir sıra siyasi partiyaların növbədənkənar prezident seçkiləri ilə bağlı mövqelərindən də danışıb: “Bu partiyaların funksiyası nədən ibarətdir? Seçkilərə hazırlaşmaq. Birinci şərtdir. Bunların işinin başqa adı nədir? Seçkiyə hər an hazır olmalıdırlar. Seçkiyə seçki elan olunanda hazırlaşmırlar. Dünya praktikasından misal gətirsək, hər siyasi partiya seçkiyə 1 il qalmış hazırlığa başlamalıdır. Proqramını hazırlamalı, tədqiqatlar, sosial sorğular aparmalıdır. Məsələn, parlament seçkiləridirsə, yoxlamalıdırlar ki, hansı dairədən namizəd irəli sürsələr, orada qələbə qazana bilərlər. Yaxud prezident seçkilərində hansı siyasi partiyanın rəhbəri, nümayəndəsi prezident ola bilər? Eyni zamanda bələdiyyə seçkiləri. Yəni siyasi partiya bir seçki bitəndə digər seçkiyə hazılaşmalıdır. İstər qələbə çalsın, istərsə də uduzsun, fərqi yoxdur. Kimsə bəhanə gətirib deyirsə ki, növbədənkənar prezident seçkiləri gözlənilməz oldu, biz gözləmirdik... Sən hər gün, hər an seçki gözləməlisən, həmişə hazır olmalısan. Siyasi partiyanın bir nömrəli funksiyası seçkiyə hazırlıqdır! Əli Kərimli 2000-ci ildən sonra, ümumiyyətlə, heç bir seçkidə iştirak etməyib. Əvvəlcədən yazılı şəkildə imza atıb ki, prezident seçkilərində başqasını müdafiə edəcəyəm. Çünki bilir ki, onun Azərbaycanda heç bir reytinqi, hörməti yoxdur. Bəlkə, bələdiyyə seçkilərində iştirak etsə, ona kimsə səs verər, vallah. Baxın, araşdırın, qalan hallarda onun digər seçkilərin heç birində iştirak etməsinin mənası yoxdur. Seçki elan olunan kimi deyir ki, seçki saxtalaşdırılacaq. Hardan bilirsən? Münəccim işləyirsən, yoxsa nədir? Seçki elan olunur, qanunvericiliyimiz var, ictimai-siyasi sabitlik, seçki mühiti var. Xalq stabil şəkildə hər şeyi gözləyir, geniş şəkildə informasiya mənbələri mövcuddur – kanallar, saytlar, internet televiziyaları... Azərbaycanda hər cür mühit yaradılıb. Əgər 40 min imza toplaya biləcəksənsə, namizədliyini irəli sür. Heç partiyasını qeydiyyatdan keçirəndə 5 min imza toplaya bilmirdi. İndi isə 40 min imza toplamalıdır ki, prezidentliyə namizədliyini qeydiyyatdan keçirsin. Onu qorxudan budur. Həm öz tərəfdarları qarşısında, həm cəmiyyət, həm də haradan ki maliyyə alır, onların qarşısında bu adam biabır olub. Hər ay verilən haram pulları, xaricdən aldığı maliyyələri kəsiləcək. Deyəcəklər ki, sən heç 40 min imza toplaya bilmədin. Məsələ budur. Ona görə də indidən böhtan atmaqla məşğul olur. Bir daha deyirəm, Azərbaycanda azad, ədalətli, demokratik seçki keçirmək üçün bütün mühit var, istənilən adam namizədliyini irəli sürsün”.

 

Aytəkin Qardaşova

Tarix: 9 Dekabr 2023, 09:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin