BURADA REKLAMINIZ OLA
BİLƏR

"Dövlət quruculuğu prosesi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır" - RƏY

Azərbaycan spesifik xüsusiyyətlərə malik davamlı inkişaf modeli çərçivəsində dünyaya həm də həyata keçirdiyi hüquqi dövlət quruculuğu prosesini təqdim edib. Ölkəmizdə aparılan islahatlar son dövrlər yeni mərhələyə qədəm qoyub. Bu mütərəqqi proses Prezident İlham Əliyevin rəhbərliyi ilə əzmlə davam etdirilir. Azərbaycan bir dövlət olaraq qlobal siyasi arxitekturada layiqli yer tutub. Ölkəmiz yürüdülən uğurlu daxili və xarici siyasət nəticəsində fundamental çalxalanmalar yaşayan dünyada işlək sosial-iqtisadi modeli ilə dinamik inkişaf örnəyi sərgiləyir. Azərbaycanın hüquqi və demokratik dövlət quruculuğu sahəsində bariz müvəffəqiyyətlər əldə etməsi də uğurlu dövlət siyasətinin əməli nəticələridir. 

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov bildirib ki, Azərbaycanın qədim dövlətçilik ənənələrinin olmasına baxmayaraq, müasir mənada dövlət quruculuğu prosesi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır:

"Məhz dahi Liderin rəhbərliyi altında ötən əsrin 60-cı illərinin sonlarından etibarən dövlət quruculuğu prosesi özünün yeni mərhələsinə qədəm qoymuş, Azərbaycanın müstəqilliyi və suverenliyinə doğru bazis də məhz həmin dövrdə formalaşmışdır. Heydər Əliyevsiz 6 il - 1987-1993-cü illərdə milli dövlətçilik tənəzzülə uğramış, hətta tam formada itirilmək təhlükəsi ilə üz-üzə qalmışdır. Ümummilli Liderin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışı milli dövlətçilik ənənələrinin dirçəlməsinə səbəb oldu. 

 

Dahi Liderin dövlətçilik təfəkkürünün mərkəzində insan amili, daha dəqiq desək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsi, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar olunması niyyəti dayanırdı. Dövlət quruculuğu prosesində isə Ulu Öndər çoxəsrlik dövlətçilik ənənələrinə əsaslanır, azərbaycançılıq ideologiyasını rəhbər tutaraq keçmiş, indiki və gələcək nəsillər qarşısında məsuliyyət anlayışını şərt kimi qoyurdu. Cənab İlham Əliyev tərəfindən davam etdirilən bu siyasi istiqamət, iqtisadi müstəqilliyə, hərbi-siyasi qələbələrə aparmaqla, işğal, təcavüz və separatizmə son qoymaqla özünü doğrultmuş oldu. Sirr deyil ki, Qafqaz mürəkkəb tarixi inkişaf yolu keçib. Amma etiraf edək ki, tarixinin heç bir dövründə Azərbaycan bu regionun lokomotivi ola bilməmişdi. Amma bu gün məhz Heydər Əliyev siyasi kursu əsasında güclənən dövlətçilik qayəsi ilə ölkəmizin və bütövlükdə regionun tarixində yeni dövr başladı. Aydındır ki, Zəfərimizdən doğan yeni reallığın tələbləri ilə ötən dövrün tələbləri heç də bütün hallarda üst-üstə düşmür, hədəflərimiz də 3 il əvvəlki hədəflərdən fərqlənir. Bu gün dövlət quruculuğu prosesi qarşısında yeni çağırışlar meydana çıxıb, yeni milli prioritetlər müəyyənləşib. Artıq dayanıqlı, artan rəqabətqabiliyyətli iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət quruculuğu, rəqabətli insan kapitalı formalaşdırılması və müasir innovasiyalar məkanına çevrilmək, işğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış"ı təmin etmək, ən nəhayət, təmiz ətraf mühit və Azərbaycanı “yaşıl artım” ölkəsinə transformasiya etmək kimi hədəflərimiz var.

 

 

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elman Nəsirov isə deyib ki, Azərbaycan dövləti demokratik inkişaf yolunu seçmiş dövlətdir: "Demokratiya bir prosesdir və bu prosesdə son nöqtə yoxdur. Hansı dövlətlər demokratiyanın pik nöqtəsində olduqları iddiasına düşüblərsə, bu, yanlış yanaşmadır. Bu, bir prosesdir və heç bir dövlət özünü demokratiyanın son nöqtəsində görməsin. Azərbaycan dövləti və onun ali siyasi rəhbərliyi demokratik inkişaf yolu istiqamətində çox mühüm həlledici addımlar atır. Bu yolun əsasını ulu öndər Heydər Əliyev qoyub. Vətəndaş cəmiyyəti institutlarının inkişaf etdirilməsi və Azərbaycanda hüquqi dövlətin möhkəmləndirilməsi əsas xətlərdən biridir. Hər bir dövlətin demokratik səviyyəsinin göstəriciləri sırasında vətəndaş cəmiyyəti institutlarının yeri, rolu, onların inkişaf göstəriciləri xüsusi məna və əhəmiyyət kəsb edir. Azərbaycanda da bu istiqamətdə çox ciddi işlər görülür. Vətəndaş cəmiyyəti institutlarının inkişafı ilə bağlı ayrıca dövlət qurumu fəaliyyət göstərir. QHT-lərin ölkəmizdə müxtəlif istiqamətlər üzrə problemlərinin araşdırılması və onun maliyyə təminatının reallaşdırılması istiqamətində bu gün dövlət qurumunun xüsusi yeri var. Hər zaman ölkəmizdə vətəndaş cəmiyyəti institutlarının inkişafı üçün mühüm layihələr irəli sürülür və onların icrası ilə bağlı maliyyə vəsaitləri ayrılır. Vətəndaş cəmiyyəti institutlarının inkişafı üçün hüquqi dövlət olduqca münbit şərait yaradır. Hüquqi dövlətin olmadığı bir reallıqda vətəndaş cəmiyyəti institutundan danışmağın mənası yoxdur, çünki onlar bir-birini tamamlayır. Hüquqi dövlət ilk növbədə qanunun aliliyinin olduğu, demokratiyanın, söz və mətbuat azadlığının inkişaf etdiyi dövlətdir. Buna görə də vətəndaş cəmiyyətinin inkişafı Azərbaycanda hüquqi dövlətin inkişafını təmin edir. Hüquqi dövlətin inkişafı isə vətəndaş cəmiyyətinin daha da genişləməsi, möhkəmlənməsi üçün əlavə imkanlar pəncərəsi açır. Burada bir asılılıq var, tərəflər bir-birini tamamlayır. Bu iki qolun yanaşı inkişafı nəticə etibarilə cəmiyyətin, dövlətin bugünkü və sabahkı inkişafının mühüm qarantına çevrilir. Bu gün ölkə Prezidenti cənab İlham Əliyev Ulu Öndərin müəyyən etdiyi siyasəti bütün sahələrdə, eyni zamanda ölkəmizdə vətəndaş cəmiyyəti institutlarının inkişafı və hüquqi dövlətin daha da möhkəmləndirilməsi istiqamətində davam etdirir. Hüquqi dövlət və qanunların aliliyi bizim üçün prioritet məsələdir. Bu reallıq həm də vətəndaş cəmiyyəti institutlarına xaricdən, Qərbdən anti-Azərbaycan dairələrin əl uzatmalarının da qarşını alır. Bir çox hallarda hüquqi dövlətin olmadığı, qanunun işləmədiyi hakimiyyətlərin olduğu dövlətlərdə pozucu fəaliyyətlər, xaos və anarxiyanın yaradılması üçün imkanlar geniş olur, beynəlxalq dairələr həmin ölkələrdə gərginlik yaratmaq, öz strateji maraqlarını həyata keçirmək üçün bu reallıqdan faydalanırlar. Azərbaycanda vətəndaş cəmiyyəti institutları kifayət qədər kamildir, onlar Azərbaycan milli maraqlarını hər şeydən üstün tuturlar. Anti-Azərbaycan dairələrin vətəndaş cəmiyyəti institutları vasitəsilə cəmiyyətimizə təsir etmək, cəmiyyətdə inamsızlıq, hakimiyyətlə xalq arasında uçurum yaratmaq kimi niyyətlərini alt-üst edir. Hesab edirəm, bütün bu reallıqlar fonunda Azərbaycanda səfərbər olunmuş cəmiyyət, vətəndaş həmrəyliyi hökm sürür. Bu reallıqlar bizi güclü edir, sabitliyimizin təminatçısına çevrilir. Bu reallıqlar həm də ərazi bütövlüyümüzün və suverenliyimizin təmin edilməsi kimi strateji əhəmiyyətli vəzifələrin yerinə yetirilməsi üçün unikal imkanlar yaradıb. Biz bu gün onun nəticələrindən istifadə edir və fəxr edirik".

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” mövzusu üzrə dərc olunub. 

 

Aytəkin Qardaşova

 

Tarix: 9 Dekabr 2023, 15:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin