BURADA REKLAMINIZ OLA
BİLƏR

GAP Rəsul Quliyevin İlham Əliyevin namizədliyini dəstəkləməklə bağlı təklifini qəbul etdi - Partiyaya yeni sədr seçildi - YENİLƏNDİ - 6

Gələcək Azərbaycan Partiyasının (GAP) qurultayında sabiq spiker Rəsul Quliyevin məktubu səsverməyə çıxarılaraq yekdilliklə qəbul edilib.

 

Pravda.az xəbər verir ki, GAP İlham Əliyevin namizədliyi müdafiə edərək, prezident seçkilərinə onun namizədliyi ətrafında birləşməklə getmək haqqında qərar qəbul edib.

 

Daha sonra GAP sədri vəzifəsinə seçkilər keçirilib.

 

Ağasif Şakiroğlu yekdilliklə növbəti 7 il müddətinə partiya sədri seçilib.

 

Sonra İdarə Heyətinin üzvləri, Ali Məclis üzvləri seçilmiş və qurultay öz işini tamamlanıb.

 

Bununla da qurultay başa çatıb.

 

***

17:55

 

Eks-spiker, Gələcək Azərbaycan Partiyasının (GAP) fəxri üzvü Rəsul Quliyev Qurultay iştirakçılarına məktub ünvanlayıb.

 

Pravda.az-ın xəbərinə görə, məktubu GAP sədrliyinə namizəd Ağasif Şakiroğlu oxuyub.

 

“Sizin bugünkü qurultayınız çox əlamətdar bir günə təsadüf edir. 3 il bundan öncə işğal altında olan torpaqlarımız  azad edilib. Bu 3 il müddətində Qarabağda 1000 kilometrlərlə yollar çəkilmiş, 2 beynəlxalq aeroport inşa edilmiş, minlərlə ev, yüzlərlə məktəb istifadəyə verilib. İşğalda olan ərazilərin bir hissəsi minalardan təmizlənmiş, minlərlə insanımız öz doğma torpaqlarına qayıtmışlar. Azərbaycanın son bir neçə yüzillik tarixində bu səviyyədə möhtəşəm işlər heç vaxt görülməmişdir. Bütün bunlar olduqca möhtəşəm işlərdir. Şuşa şəhərinin Azərbaycanın mədəniyyət mərkəzi, mədəniyyət paytaxtı adlandırılması və buna münasib gözəl konsertlərin, mədəni tədbirlərin, festivalların, eyni zamanda yığıncaqların keçirilməsi ermənilərə göndərilən ən sərt xəbərdarlıqdır! Bu ərəfədə prezident seçkilərinin keçirilməsi ən düzgün və mühüm addımdır. Prezident İlham Əliyev və onun komandasının apardığı siyasət ölkədə 2024-cü ildən siyasi və iqtisadi reformaların, islahatların başlayacağından xəbər verir. Böyük işlərin astanasında seçkilərin keçirilməsi çox vacibdir, çünki seçilən şəxs xalqın dəstəyini görməli, xalqdan mandat alaraq inamla reformalarını həyata keçirməlidir.

 

Sizin vəzifəniz bu seçkilərin keçirilməsində çox aktiv iştirak etmək olmalıdır. Xalq sizləri bir siyasi qüvvə kimi tanımalıdır. Heç şübhəsiz ki, Prezident Əliyevin həm torpaqlarımızın azad edilməsində, həm Qarabağda tikinti-quruculuq işlərinin aparılmasında böyük rolu danılmazdır. Bunda başqa, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun zirvələrə qaldırılması da Prezident Əliyevin gərgin və səmərəli əməyinin nəticəsidir. Həmçinin mərkəzi Asiya ölkələrinin birləşdirilməsində Prezident Əliyevin xidmətləri çox böyükdür. Ümumiyyətlə müsəlman, türk dövlətlərinin yaxınlaşmasında da prezidentin rolu böyükdür. Mən bu gün Azərbaycanı daha da yüksəklərə qaldıra bilmək potensialına malik olan İlham Əliyevi dəstəkləyəcəyəm! Sizləri də onun namizədliyini dəstəkləməyə çağırıram. Bu gün Azərbaycanda heç kimin İlham Əliyevə qalib gəlmək şansı yoxdur. Ancaq bununla yanaşı öz namizədliyini irəli sürənlərə qarşı da tolerantlı olmaq lazımdır. Xanımlar və Bəylər eyni zamanda Sizləri üzümüzə gələn yeni ilinizi təbrik edirəm. Sizlərə işinizdə və şəxsi həyatınızda uğurlar arzulayıram…” – məktubda qeyd edilib.

 

***

17:25

 

Gələcək Azərbaycan Partiyasının qurultayı çıxışlarla davam edir.

 

Pravda.az-ın xəbərinə görə, GAP sədrinin müavini Aslan Həmidli prezident seçkiləri ilə bağlı partiya rəhbərliyinin mövqeyinin önəmli olduğunu bildirib.

 

 “Bütün çıxışlar əminəm ki, hər həs üçün önəmlidir, hər bir təklif özü-özlüyündə dəyərlidir. Demokratiyanın təməl prinsiplərindən olan fikir azadlığı, azad düşüncə Gələcək Azərbaycan Partiyası üçün əsas və fundamental dəyərlərdəndir. Məhz bu səbəbdən də partiya rəhbərliyi üçün hər birinizin fikirləri heç şübhəsiz ki, önəmlidir. Amma və lakin təklif edirəm ki, hər birimiz üçün partiya rəhbərliyinin, xüsusilə də partiya lideri cənab Rəsul Quliyevin, partiya sədri Ağasif Şakiroğlunun mövqeyini bilmədən hər hansısa bir təkliflə çıxış etməyi doğru hesab etmirəm. Ona görə doğru hesab etmirəm ki, bu bəzi özündən müşdəbeh şəxslərdə “Gələcək Azərbaycan Partiyasında fikir ayrılığı var” düşüncəsini səbəbsiz yerə tirajlamasına səbəb ola bilər. Heç şübhəsiz ki, Gələcək Azərbaycan Partiyası monolitdir və qərarlarını da monolit formada səsvermə ilə yekunda kollegial qəbul edəcək. Hər halda 10 ildən artıqdır ki, Ağasif bəy partiyaya sədrlik edir, eyni zamanda Rəsul müəllim də bir ağsaqqal olaraq 10 ildən artıqdır ki, başımızın üzərində ağsaqqal olaraq, lider olaraq doğru bildiyi yolla bizləri aparır… Bizim onlara inamımız və güvənimiz sonsuzdur. Heç şübhəsiz ki, burada əyləşmiş hər bir şəxs bu fikirlərimlə tam razı olar. Bu səbəbdən rəhbərliyin mövqeyini dinləməyi daha doğru hesab edirəm. Konkret olaraq isə mənim fərdi qurultay üzvü olaraq mövqeyimə gəldikdə isə hesab edirəm ki, indiki zamanda ölkə daxilində Qarabağ faktorunu nəzərə alaraq, yekun sülh sazişi ilə yanaşı Turan dövlətlər birliyinin yaranması istiqamətində aparılan mühim tarixi fəaliyyətləri də nəzərə alaraq Prezidentliyə namizəd, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin namizədliyini müdafiə etməliyik. Amma hər halda son sözü Partiya lideri Rəsul Quliyev, partiya sədri Ağasif Şakiroğlu və yekunda qurultay deməlidir! Liderimizə, sədrimizə bu günədək güvənib siyasi addımlar atdığımız kimi bundan sonra da belə əminliklə, inam və güvənlə addımlamalıyıq”, - o qeyd edib.

 

***

 

17:15

 

Gələcək Azərbaycan Partiyasının qurultayı davam edir.

 

Pravda.az xəbər verir ki, təklifi GAP sədrinin müavini Elşən Əhədzadə irəli sürüb.

 

"Bildiyimiz kimi 27 sentyabr 2020-ci il tarixində Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin başçılığı ilə 44 günlük Vətən müharibəsi nəticəsində şanlı zəfər əldə etdik, işğal altında olan torpaqlarımız düşmən tapdağından azad edildi. Ardınca 2023-cü ilin 19 sentyabr tarixində xüsusi peşəkarlıqla hazırlanmış 23 saatlıq antiterror əməliyyatı ilə vətənimiz Azərbaycanın tərkibində qanunsuz silahlı birləşmələri tam tərkisilah edildi - ərazi bütövlüyümüz müzəffər ali baş komandan İlham Əliyev cənablarının sərkərdəliyi nəticəsində tam bərpa edilmiş oldu.

 

Nə xoşdur ki, biz bugün ərazi bütövlüyü tam olan Azərbaycan dövlətində ilk dəfə tarixi hadisəyə şahid olmaqla yanaşı – birbaşa bu tarixi proseslərin iştirakçısı olacağıq. Bu səbəbdən hər birinizi, hər birimizi təbrik edirəm.

 

Partiyamız, partiyamızın rəhbərliyi, lideri, sədri, hər bir üzvü istər 44 günlük vətən savaşında, istərsə də 23 saatlıq antiterror əməliyyatları zamanı milli dövlətçilik maraqlarından çıxış etdi. Partiyamız ordumuza, ordumuzun rəhbərliyinə - silahlı qüvvələrin ali baş komandanına tam dəstəyini ifadə etdi. Bütün bunlar Partiyamızın, bizlərin, sizlərin dövlətimizə, millətimizə olan sevgisinin nəticəsi idi. Məhz bu həmrəyliyin, milli birliyin sayəsində də möhtəşəm zəfər əldə etdik. Hesab edirəm ki, bundan sonra da dövlətimiz və xalqımız adına daha böyük zəfərlərimiz olacaq! Bu gün zəfərini təmin etmiş Azərbaycanımızın irəlidə görməli olduğu çox böyük işlər var. Buraya yekun sülh sazişinin imzalanması, işğaldan azad edilmiş vətən torpaqlarında quruculuq işlərinin aparılması, 1 milyondan çox soydaşımızın öz dədə-baba yurdlarına köçürülməsi məsələləri və eyni zamanda post müharibə dövründə ölkəmizdə siyasi islahatların aparılması da daxildir. Sadaladığım məsələlərin hər biri vacib və strateji məsələlərdir. Amma mənim üçün bu sadaladıqlarım içində ən mühimi yekun sülh sazişinin imzalanmasıdır. Bu görə də əziz dostlar hesab edirəm ki, Prezident, silahlı qüvvələrin ali baş komandanı İlham Əliyev cənablarının 27 sentyabr 2020-ci il tarixində başlatdığı müqəddəs və tarixi misiyaya dəstək olmalıyıq.

 

Hesab edirəm ki, xüsusi ayrı namizədlə çıxış etmək indiki zamanda siyasi etikaya sığmaz. Bu səbəbdən də təklif edirəm ki, Gələcək Azərbaycan Partiyası Prezidenrt İlham Əliyevin namizədliyini müdafiə etməli, prezident seçkilərində hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev cənablarının namizədliyi ilə Prezident seçkilərində aktiv iştirakçı olmalıdır. Təbii ki, qurultay üzvü olaraq bu mənim şəxsi mövqeyimdir, bütün idealara, təkliflərə hörmətlə yanaşıram və qurultayın qərarı nə olacaqsa – rəhbərliyin mövqeyi nə olacaqsa partiya funksioneri olaraq bu qərarın yanında duracağımı da bəyan edirəm" -E.Əhədzadə qeyd edib.

 

***

 

16:42

 

Gələcək Azərbaycan Partiyasının (GAP) qurultayı çıxışlarla davam edir.

 

Pravda.az-ın xəbərinə görə, GAP Ağsaqqallar Şurasının sədri Ağa Abdullaoğlu qurultayda çıxış edərək prezident seçkilərində iştirakın tərəfdarı olduğunu bildirib və partiyanın prezident seçkilərinə eks-spiker Rəsul Quliyevin namizədliyi ilə getməyi təklif edib.

 

Eyni zamanda qurultayın qərarının nə olmasından asılı olmayaraq, qərara tabe olacağını bildirib.

 

Qurultayda prezident seçkiləri və namizədin kimliyi ilə bağlı müzakirələr hazırda da davam edir.

 

***

 

15:45

 

Gələcək Azərbaycan Partiyasının (GAP) keçirdiyi qurultayın gündəliyi açıqlanıb.

 

Pravda.az-ın xəbərinə görə, gündəliyə 10 məsələ daxildir:

 

1) Partiya sədrinin 2020/2023 aralığındakı fəaliyyət dövrünə aid hesabat:

 

2) Əsasnaməyə, nizamnaməyə yeni qanunvericiliyə uyğun dəyişikliklərin edilməsi;

 

3) Partiya sədrinin seçilməsi, namizədlərin müəyyən edilərək səsverməyə çıxarılması;

 

4) Partiya İdarə heyyətinin seçilməsi;

 

5) Partiya Mərkəzi Nəzarət Təftiş Komisiyasının tərkibinin seçilməsi;

 

6) Sədr Aparatının (Mərkəzi İcra Aparatının) əsasnaməsinin təsdiqi;

 

7) Partiya Ali Məclisinin üzvlərinin seçilməsi;

 

8) Növbədənkənar Prezident seçkilərinə münasibət;

 

9) Növbədənkənar prezident seçkilərində iştirak edib-etməməklə bağlı və iştirak ediləcəyi təqdirdə namizədin müəyyən edilməsi;

 

10) Cari Məsələlər

 

***

 

15:18

 

Gələcək Azərbaycan Partiyası (GAP) qurultay keçirir.

 

Pravda.az-ın xəbərinə görə, Ümid Partiyasının qərargahında keçirilən qurultayda fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərinə münasibət bildiriləcək, partiyaya sədr seçiləcək.

 

Səid

Fotoları təqdim edirik
Tarix: 23 Dekabr 2023, 18:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin