BURADA REKLAMINIZ OLA
BİLƏR

"Qərbi Azərbaycan Respublikası"nın yaradılması müzakirələrə səbəb oldu: “Deyirlər ki, parlament yaradıb deputat seçəcəyik...”

Mayın 10-da Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikası elan edilib. Qərbi Azərbaycan (İrəvan) Respublikası ilə bağlı təşəbbüs qrupunun sədrliyinə Türkiyənin Kayseri Universitetinin professoru, tanınmış ermənişünas-alim Qafar Çaxmaqlı seçilib.

 

Təşəbbüs qrupunun məram-məqsədləri birmənalı qarşılanmayıb. Qərbi Azərbaycan (İrəvan) Respublikasının elan olunmasını birmənalı dəstəkləyənlərlə yanaşı, bunu utopiya, reallıqdan uzaq məsələ kimi qiymətləndirənlər də var. Deputat Aqil Abbas bu mövzuda mətbuatın suallarını cavablandırarkən deyib ki, 25 il bundan qabaq Qərbi Azərbaycan Mühacirət Hökuməti ilə bağlı müzakirələr aparılırdı. “Qafar Çaxmaqlı dostumdur, bir yerdə işləmişik, amma mühacirət hökumətinin nə olduğunu bilmir, imkanı varsa, gedib öyrənsin. Türkiyədə böyük universitetdə kafedra müdiridir, orada erməni dilində bilən bircə qadın professor vardı, bu dilə çox laqeyd baxırdılar. Qafar Çaxmaqlı erməni dilini gözəl bilir, kadrlar yetişdirilməsində böyük xidmətləri olub, indi də kafedraya rəhbərlik edir. Amma mühacirət hökuməti anlayışını deyəsən, hələ bilmirlər”, - deyə A.Abbas bildirib.

 

Millət vəkilinin sözlərinə görə, 1920-ci il aprelin 28-də Rusiya Azərbaycanı işğal edəndə mühacirət hökumətini yaratmaq olardı: “Onda Azərbaycan dövləti vardı, xaricdə mühacirət hökuməti yarada bilərdilər. Yəni qanun budur. Ermənistanda hökumətimiz, baş nazirimiz, nazirlərimiz olmayıb axı. Çox mənasız söhbətdir. Hətta deyirlər ki, parlament yaradıb deputat seçəcəyik. Hamısı nağıldır”. A.Abbas hesab edir ki, bundan ermənilər istifadə edib Türkiyəyə qarşı təzyiq göstərəcəklər, “həm də dünya baxıb bizi lağa qoyacaq”.

 

Q.Çaxmaqlı isə özünün Facebook səhifəsində A.Abbasın dediklərini cavablandırıb: “Ay Aqil, deyirsən ki, belə bir respublikanın elan edilməsinə görə bizi dünyada lağa qoyacaqlar. Sənin dediyin o dünya niyə bu erməniləri lağa qoymur? Onlar çoxdan ”Qərbi Ermənistan Respublikası" deyilən qurumu yaradıblar, xəbərin varmı? Neçə dəfə qurultay keçiriblər, 101 nəfərdən ibarət parlamentini seçiblər, məclis sədri var, baş naziri var, Prezidenti var və Türkiyənin Şərqi Anadolu vilayətlərinə iddiaları ortaya qoyublar... Üstəlik Qarabağı işğal eləyib oturublar üstündə. Niyə onları lağa qoymurlar. Şərqi Anadolu onlarındı? Qarabağ onlarındı? Naxçıvan onlarındı, Ahıska onlarındı? Sən bunları bilmirsən, çünki sənin o dediyin dünyadan heç xəbərin yoxdur".

 

Q.Çaxmaqlı ardınca deyib: “Deyirsən ki, Ermənistanda hökumətimiz, baş nazirimiz, nazirlərimiz olmayıb axı, kolxoz sədri olub, ikinci katib olub və s. Ermənilərin Şərqi Anadoluda nəyi olub, ay Aqil? Burada heç vaxt erməni dövləti deyil, heç onun izi- tozu da olmayıb, amma burada ermənilər yaşayıb deyə indi ortaya iddia qoyulur, saxta-suxta sənədlər çıxarıb dava döyürlər. Bizim isə 1828 işğal faktı ortada, İrəvanın Ermənistana verilməsi ilə bağlı 1918-ci il 29 may 3 nömrəli protokolumuz ortada, 1947-ci il 23 dekabr SSRİ Nazirlər Sovetinin qərarı ortada. Deyirsən heç bunu dilə də gətirməyək? Bizim sənin Ermənistan dediyin Qərbi Azərbaycanda dövlətimiz isə, biləsən olub! Sən niyə kolxoz gözü ilə, kolxoz təfəkkürü ilə baxırsan? İrəvan xanlığı nə idi bəs? Onun sərhədləri, bəlli ərazisi, mahalları, paytaxtı, pul vahidi, dövlətə aid hər şeyi vardı. Sən 1920-dən danışırsan. Bu dövlətin varlığına 1920-də yox, 1828-də son verilib, işğal olunub. Əlbəttə, sən bunları bilirsən amma bilmədiyin bir şey də var ki, o da siyasət elmidir. Bax indi sən bu mövqeyinlə onsuz da bu günlərdə tankı - topu ilə üstümüzə gələnlərəin əlinə oynayırsan. Dəlinin yadına daş salırsan və sənin sözün yalnız yazıçı, jurnalist Aqil Abbasın deyil, millət vəkili Aqil Abbasın mövqeyi kimi qəbul edilir. Nə həddimə, sənə ağıl qoymaq, amma bir az da dediklərinə ermənilərin gözü ilə baxsan yaxşı olar. Nə deyirsən Aqil, deyirsən əlimizi əlimizin üstünə qoyub oturaq, heç nə eləmiyək? Gözləyək ki, Ermənilər Naxçıvanı da alsın, sonra Gəncəbasarı... ”Böyük Ermənistan"ı qursun? Əziz dostum Aqil, biləsən ki, neçə dəfə elan olunub kağız üzərində qalan təşəbbüslərdən fərqli olaraq bu dəfə çox ciddiyik... Səndən də bu məsələdə ciddi olmağı bir dost kimi tələb etməyə haqqım çatır..."

 

Rusiyanın artan gərginlik fonunda gizli planları var - Qafar Çaxmaqlı

 

Q.Çaxmaqlının yazdığı statusa çoxsaylı şərhlər gəlib. Jurnalist Qulu Məhərrəmli yazıb: “Əziz dostum Qafar bəy, əlbəttə, ideya gözəldir, hətta çox cazibədardır. Neçə il əvvəl də belə təşəbbüslər olub. Amma bir məsələnin reallaşması üçün sadəcə, istək və bu istəyi ruh yüksəkliyi ilə alqışlamaq kifayət deyil... Bunun üçün hərbi-siyasi güc və bir də HÜQUQ lazımdır... Əziz dostlar! Bir yerdə respublika (dövlət) yaratmaq üçün real əsaslar olmalıdır - yəni mütləq ərazi, o ərazidə yaşayan əhali və həmin əhalini idarə edən müstəqil hakimiyyət olmalıdır. Deyin, bunların hansı var? Heç biri! Və bunlar olmayanda hər hansı ideya populizm kimi qəbul olunur. Elə isə gücə, siyasi reallığa və hüquqa söykənməyən bu populizm kimə və nəyə lazımdır?! Məncə, Ermənistandan zorla çıxarılmış soydaşlarımızın haqlarını müdafiə etmək daha real və gərəkli iş kimi görünür mənə. Bu problem isə başqa hüquqi müstəvi və fərqli yanaşma tələb edir.  Hər kəsə hörmət və ehtiramla, işləriniz avand olsun!!!”

 

Deputat Aqil Abbas: "Mənə 150 manatlıq qoyun versələr, kəsib bir ...

 

Deputat Aqil Abbas “Yeni Müsavat”a açıqlamasında polemikanı davam etdirmək niyyətində olmadığını vurğuladı: “Qafar Çaxmaqlı nə deyibsə, düz deyib, mənim 40 illik dostumdur. İnşallah, Qərbi Azərbaycanda prezident seçkiləri keçiriləndə də mən Qafar Çaxmaqlının prezidentliyə namizədliyini müdafiə edəcəyəm, qəzetimdə də onu dəstəkləyəcəyəm. Uğurlar arzulayıram. Mövqeyimdə çox ciddiyəm və onun prezidentiyini dəstəkləyəcəyəm. Qəzetimdə də onun platformasını yayacağam, müraciət edəcəyəm ki, səs verin, Qafar Çaxmaqlı Qərbi Azərbaycanın prezidenti olsun”.

 

Q.Çaxmaqlı isə öz növbəsində dedi ki, A.Abbasın xətrini çox istəyir və son açıqlamasına, xeyir-duasına görə ona təşəkkür edir. Q.Çaxmaqlı onu da bildirdi ki, irəli sürülmüş ideyaya qarşı çıxanlar elə də çox deyil. Perspektiv planlara gəldikdə, Qafar bəy “iki-üç günə yeniliklər olacaq. Bir az gözləyək” deməklə kifayətləndi.

 

Əziz Ələkbərli: “II Qaregin öz keşişlərini təmin etməyə pul tapmır ...

 

Qərbi Azərbaycan İcmasının mətbuat xidməti isə bu arada bəyanatla çıxış edib. Yeri gəlmişkən, təşkilatın sədri deputat Əziz Ələkbərlidir. Ə.Ələkbərli isə “”mən hökumət elan edirəm" deməklə təşkilat qurulmaz" deyərək məsələyə tənqidi yanaşmışdı və Q.Çaxmaqlı da deputatı tənqid etmişdi. Qərbi Azərbaycan İcmasının bəyanatında deyilir: “Son günlər Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasının elan olunması ilə bağlı mövqeyimizi bildirsək də, Qərbi Azərbaycan kökənli insanlar Qərbi Azərbaycan İcmasına müraciət edərək sosial şəbəkələrdə çaşqınlıq yaradan fikirlər yazıldığından narahatlıqlarını bildirirlər. Bu çaşqınlığı aradan qaldırmaq məqsədilə Qərbi Azərbaycan İcmasının İdarə Heyəti bəyanat qəbul etmiş, mövqeyini bir daha bildirmişdir”.

 

İcmanın bəyanatında deyilir ki, Qərbi Azərbaycan İcması - Azərbaycanın tarixi torpaqları olan Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisindən son iki yüz ildə qanlı qırğın, deportasiya və soyqırımlarla qovulmuş bütün insanların təşkilatıdır: “Bu təşkilatdakı insanları minillərdən bəri məskunlaşdıqları və zaman-zaman qovulduqları ata-baba ocaqlarına qayıtmaq kimi vahid məqsəd birləşdirir. Biz, Qərbi Azərbaycan İcmasını yaradarkən bu məqsədə doğru irəliləməyin bütün yollarını müzakirə edərək, fəaliyyətimizdə aşağıdakı xətti qəbul etmişik və bu xətti hazırkı mövcud reallıqda həyata keçirilməsi mümkün, beynəlxalq hüquqa və beynəlxalq qanunlara uyğun olan yeganə xətt hesab edirik:

 

- Qərbi Azərbaycanın kəndləri və rayonları üzrə kənd və rayon icmaları formalaşdırılmaqla insanların Böyük Qayıdış uğrunda təşkilatlanması təmin edilməlidir;

 

- 1988-1991-ci illər qaçqınlarının qaçqınlıq statusundan irəli gələn və məcburi köçkünlərə bərabər tutulan bütün hüquqlarının bərpasına nail olunmalıdır;

 

- 1948-1953-cü illər deportasiyasına tarixi bəraət verilməsinə və deportasiya qurbanlarının, onların övladlarının repatriasiya (əvvəlki yaşayış yerlərinə qayıdış) hüquqlarına nail olunmalıdır;

 

- 1918-ci ildə İrəvan şəhərinin Azərbaycan Milli Şurası tərəfindən ermənilərə güzəştə gedilməsi məsələsinə hüquqi-siyasi qiymət verilməlidir;

 

- 1988-1991-ci illər qaçqınlarının öz ata-baba yurdlarına qayıdışı təmin edilməli və Ermənistana geri qayıtmış azərbaycanlı qaçqınlara Zəngəzur, Dərələyəz və ya Göyçə mahalları ərazisində Azərbaycanda ermənilərə veriləcək idarəetmə hüququ səviyyəsində idarəetmə hüququ, muxtariyyat statusu verilməsinə nail olunmalıdır".

 

Bəyanatda daha sonra deyilir ki, biz, Qərbi Azərbaycan İcması olaraq, yuxarıda qeyd olunan prinsiplər üzrə fəaliyyətimizi davam etdiririk və tarixi şəraitə uyğun tarixi torpaqlarımızda bütün haqq və huquqlarımızın bərpasına çalışacağıq.

 

Azərbaycanlıların onuncu deportasiyasından sonra ilk Qərbi Azərbaycan təşkilatını quran, Milli Azadlıq Hərəkatının gənc öncüllərindən olmuş, “İrəvan” qəzetinin təsisçisi və baş redaktoru Köçəri Nağıbəyli isə Reyting.az-a açlıqlamasında düşmənə qarşı yaradılan istənilən qurumu dəstəklədiyini bildirib. “BMT Ermənistanı indiki sərhədləri daxilində müstəqil dövlət kimi tanıyıb, indi ora iddia etmək hüquq baxımından ola bilsin ki, problem yarada bilər. Amma unutmayaq ki, ermənilər də Qarabağda saxta rejim qurublar” -Nağıbəyli deyib.

 

Qabil Hüseynli: “Siyasi Büronun bütün məxfi stenoqramlarını ...

 

Əslən Qərbi Azərbaycandan olan politoloq Qabil Hüseynli “Yeni Müsavat”a dedi ki,  təşkilatla əlaqəsi yoxdur: “İdeyanı isə bəyənirəm, müdafiə edirəm. Amma bir şərtlə: onlar Qaçqınlar Cəmiyyəti ilə dil tapmalıdırlar. Çünki Ermənistandan son deportasiyalar- 1948-53-cü illərdə və 1988-89-cu illərdə qovulan azərbaycanlıların hamısı Azərbaycanda yerləşib. Bu mənada deportasiya olunanların təşkilatı kimi daha çox Qaçqınlar Cəmiyyəti tanınır. Odur ki, Mühacir Qərbi Azərbaycan (İrəvan) Hökuməti Azərbaycana deportasiya olunmuş Azərbaycan türklərinin də maraqlarını nəzərə almalıdır, deyə, düşünürəm. Bu, işin daha vüsətlə aparılmasına kömək edə bilər”.

 

Q.Hüseynli bu ideyanı yüksək dəyərləndirdi.

 

Qeyd edək ki, tarixdə müxtəlif mühacir hökumətlər yaradılıb. Azərbaycan Xalq Cümhuriyyəti sovetlər tərəfindən süquta yetiriləndən sonra Cümhuriyyət qurucuları mühacirətdə fəaliyyətlərini davam etdirsələr də, koordinasiyalı fəaliyyət göstərə bilməyiblər.

 

Çexoslovakiyanın Azadlıq üzrə Milli Komitəsinin qeyri-rəsmi adı isə Mühacir Çexoslovakiya hökuməti olub. 1939-cu ildə Parisdə yaradılmış mühacirət hökuməti ilk olaraq Böyük Britaniyada hökumət kimi diplomatik müstəvidə tanınıb. Bu ad İkinci Dünya müharibəsində Böyük Britaniyanın digər müttəfiqləri tərəfindən istifadə edilmiş və sonradan onların tərəfindən tanınmışdı.

 

Q.Hüseynli də bildirdi ki, tarixdə mühacir hökumətlər mövcud olub: “Faşistlər Fransanı işğal edəndə Fransa Mühacir Hökuməti yarandı. Daha sonra Avropanın digər bir sıra ölkələrinin faşistlər tərəfindən işğalından sonra, məsələn, Albaniya özünün mühacir hökumətini yaratdı. Yəni mühacirətdə olan hökumət praktikası dünyada geniş yayılıb. Hər bir millətin siyasi elitası öz millətini təmsil etmək üçün bu formanı seçir və təşkil edir, sonradan da tanınmaq üçün BMT-yə müraciət ünvanlayır”.

 

Bu mənada Qərbi Azərbaycan Mühacir Hökuməti ilə bağlı ideya normal görünür...

Tarix: 16 May 2020, 09:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin