BURADA REKLAMINIZ OLA
BİLƏR

Mövlud Süleymanlı dünyasını dəyişdi

Xalq yazıçısı, Əməkdar incəsənət xadimi Mövlud Süleymanlı müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Bu barədə Bakupost.az -a yazıçının yaxınları bildirib.

 

Qeyd edək ki, bu günlərdə insult keçirən M.Süleymanlı xəstəxanaya yerləşdirilmişdi. O, əməliyyat olunsa da vəziyyəti ağır idi.

 

Qeyd edək ki, Mövlud Süleymanlı 1943-cü il martın 18-də Ermənistan SSR-nin Kalinino rayonunun Qızıl Şəfəq kəndində (keçmiş adı "Cücəkənd") doğulub.

 

1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daхil olub, 1967-ci ildə oranı bitirib.

 

Ədəbiyyata ötən əsrin 70-ci illərində gəlmiş Mövlud Süleymanlı yaradıcılığa lirik şeirlərlə başlayıb. Onun "Əllərim" adlı ilk şeiri 1964-cü ildə "Azərbaycan gəncləri" qəzetində çap olunub. Ədibin "Bir ünvan" adlı şeir kitabı da nəşr olunub.

 

M. Süleymanlının ilk nəsr kitabı yetmişinci illərin sonları çapdan çıxıb.1970-ci illərin ikinci yarısında ədibin bir-birinin ardınca hekayə və povestləri dərc edilib. "Qar", "Yanğın", "Şanapipik", "Şeytan", "Dəyirman" hekayələrindən ibarət 1979-cu ildə "Ayın aydınlığında" kitabı işıq üzü görüb. Bu hekayələr M. Süleymanlını xalqa cəmiyyət problemlərini zamanında görüb əks etdirən gözəl bir nasir kimi tanıdıb.

 

Ədib 1980-ci illərdən başlayaraq daha çox roman janrına müraciət edib. Onun "Köç", "Ceviz qurdu", "Səs" romanları çağdaş Azərbaycan romançılığının inkşafında bir pillədir.

 

1980-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan M.Süleymanlı "Şöhrət" və"Şərəf" ordenləri laureatıdır.

Tarix: 21 Fevral 2024, 18:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin