BURADA REKLAMINIZ OLA
BİLƏR

Psixoloq: "Yeniyetməlik yaş dönəmində qız, ya oğlan fərq etmir, hamısı özünü "qanuni oğru" kimi göstərərək seçilmək istəyir"

Bakının 156 saylı məktəbinin XI sinif şagirdinin törətdiyi əməl bir neçə gündür, ölkə gündəmindən düşmür. Məlum hadisə ətrafında aparılan müzakirələrdə bildirilir ki, məktəbli qızın davranışına görə onun təhsil aldığı məktəb deyil, ən başlıca valideynləri məsuliyyət daşıyır. Məsələyə bu rakursdan baxanlar deyirlər ki, məktəb islah müəssisəsi, tərbiyə mərkəzi yox, təhsil müəssisəsidir və bilik vermək funksiyası daşıyır. Müasir dövrdə böyüyən uşaqların əksəriyyəti sosial şəbəkələrin təsiri altına tez düşürlər və onlarda mobil telefonlara, internetə ifrat dərəcədə aludəçilik yaranır. Hazırda ailələrdə valideyn-övlad münasibətlərinin zədələnməsinin kökündə də məhz bu amil dayanır.

 

Tanınmış psixoloq Gülər Məmmədova da Pravda.az-a açıqlamasında deyib ki, hər yaşın özünəməxsus inkişaf dinamikası var:

 

“Hələ körpə ikən hər bir valideyn böyüməkdə olan övladında xarakter formalaşdırır. Xarakterin isə xüsusiyyətləri olur. Nümunəvi xüsusiyyətlər, ali, zehni, estetik hislər, əxlaq hisləri - bütün bunlar müəyyən yaş dönəmində uşaqlara ötürülür. Sadəcə, valideynlər bu sahədə mütəxəssis olmasalar da, kortəbii şəkildə olsa belə, nümunələrə, doğmalıq, qohumluq, dostluq münasibətlərinə əsasən, pisi-yaxşını ayırd etməyi, daha doğru-dürüst əməlləri kitab cümləsi ilə olmasa da, necəsə öz övladlarına aşılayırlar. Yaxud valideynlərin bir-birilərinə qarşılıqlı münasibətindən övladlar özləri nümunə götürür, dərs çıxarırlar. Natamam, tam, konfliktli, nevrotik ailə mühitində böyüyən uşaqlar özlərini təsdiq etmək üçün kiməsə bənzəmək istəyirlər. Kimlərisə təqlid edirlər. Həssas - yeniyetməlik yaş dönəmi elə bir dönəmdir ki, qız, ya oğlan fərq etmir. Hamısı özünü "qanuni oğru" kimi göstərərək seçilmək istəyir. Yaxud kimsə həyatında hansısa səhv edibsə, onu bu səhvə görə filmlərdəki kimi cəzalandırmağa çalışırlar. Onların idrak prosesləri tam inkişaf etmədiyi üçün hərəkətlərinin nəticəsinin nə ola biləcəyini düşünmürlər. Sadəcə, həmin an çılgınlığa qapılıb, emosional davranıb belə hərəkət sərgiləyirlər. Sözün əsl mənasında, cəmiyyətin qınağına səbəb olan bu mövzuda yeniyetmələr çılğınlıq əks etdirirlər. Bilirik ki, bu yaş dönəmində onlar dərin düşünüb, uzaqgörənlik edə bilmirlər. Üzləşdikləri hər hansı situasiyaya qarşılıq verir, özlərini nümayiş etdirirlər. Yəni komformizm, özlərini başqalarının ətrafında fərqli göstərmək, nümayiş etdirmək kimi xüsusiyyətlərə malik olurlar. Hətta bunu çəkib yaymaq da istəyirlər ki, “məndən qorx, məndən ehtiyat et, bax, mən bunlara qadirəm”. Lakin bunun onların həyatında nə qədər fəsad törədəcəyinin, yanlış, pis davranışla nəticələndiyinin fərqinə varmırlar. Çünki bu yaşda təfəkkür potensialı elə inkişaf edib ki, uzağı görə, törətdikləri əmələ yaxşı-pis don geyindirə bilmirlər. Təbii ki, bunun səbəbi ailədən gələn tərbiyədəki boşluqlardır. Həm psixoloji, həm pedaqoji aspektdən valideynlər tərəfindən müəyyən qədər xarakter xüsusiyyətlərinin doğru aşılanmaması, uşaqların bütün istəklərini həyata keçirərək onları bu cəmiyyətə uyğun şəxsiyyət kimi böyüdə bilməmələri buna səbəb olur. Ən həssas yaş dönəmindəki insanları bu cəmiyyətə adaptasiya etmək üçün hər bir valideyn məsuliyyəti dərk etməlidir, övladına diqqət ayırmaq valideynin vəzifə borcudur. Bezməmək, çətin də olsa, uşaqları bu dövrün tələblərinə uyğun olaraq, düzgün xarakterlə tərbiyələndirmək lazımdır. Xarakter doğru formalaşmalıdır ki, əməllər də, davranış da özünü doğrulda bilsin”.

 

Aytəkin Qardaşova

Tarix: 22 Fevral 2024, 09:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin