BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: "Müəllimləri kommunal xərclərdən azad etsək, təqaüddə olanlar və digərləri deyəcəklər ki, həmin güzəşti bizə də edin..."

“Müəllimlərin kommunal xərclərdən azad edilmələri ilə bağlı təklif kökündən səhvdir. Bu fikri kim irəli sürürsə, dərindən düşünmür. İnsanları da yanlış yola istiqamətləndirir. Biz bunu etsək, təqaüddə olanlar və digərləri deyəcəklər ki, həmin güzəşti bizə də edin. Təsəvvür edin, söhbət yüz minlərlə insandan gedir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov deyib. 

 

Deputat hesab edir ki, müəllimlərin kommunal xərcləri güzəştli, ödənişsiz olanda sui-istifadə halları da artacaq: “Bu cür təkliflə çıxış edən insanların necə təhsil eksperti olduqlarını anlaya bilmirəm. Təhsil eksperti təkcə bir yox, bir neçə istiqamətdə düşünməyi bacarmalıdır. Yəni bu yanaşma, düşüncə heç bir standarta, qayda-qanuna sığmır. Bəs nə edə bilərik? Müəllimlərin maaşını qaldıra bilərik. Ölkəmizdə müəllimlərin maaşı artıb və mərhələli şəkildə artır. Əvvəl də bu təşəbbüslə çıxış etmişdim ki, müəllimlərin güzəştli şərtlərlə mənzil əldə etmələrinə şərait yaradılmalıdır. Xüsusilə bölgələrdə işləyən müəllimlərin kommunal xərclərlə bağlı güzəşt əvəzinə standartlardan, mövcud kreditlərdən aşağı faizlə kredit götürmələri daha məqsədəuyğundur. Müəllim sahəsinə marağı artırmaq istəyiriksə, daha aşağı faizli güzəştlərlə ev əldə etmək kimi məsələləri gündəmdə saxlaya bilərik. Onsuz da, müəllim bizdə bəzən elə formada təqdim olunur ki, sanki dünyanın hər yerində müəllimlər çox yüksək maaş alırlar, bir bizim ölkədə maaş aşağıdır. Əlbəttə, çox arzulayırıq ki, müəllimlərimiz yüksək maaş alsınlar. Əminəm ki, bu, zamanla baş verəcək. İllər öncə 200-300 manat maaş alan müəllim bu gün 900-1000 manat maaş alır. Əlavələr də alanlar var. Zamanla düzələcək, sadəcə, səbirli, təmkinli olmalıyıq. Amma hazırkı dövrdə düzgün fikirlər irəli sürməliyik. Bəlkə də bu fikri kimsə özünü sevdirmək, məllimlərin diqqətini cəlb etmək üçün irəli sürür. Amma kifayət qədər yanlış düşüncədir. Tövsiyə edirəm ki, hansısa təklif irəli sürməmişdən əvvəl bu barədə düşünsünlər. Nəzərə alsınlar ki, böyük, güclü müəllim ordusundan söhbət gedir. Hər şeyə ciddi formada, ölçüb-biçərək yanaşmalıyıq. İnsanların beynini, düşüncəsini qarışdırmamalıyıq. Populist təkliflərlə çıxış etmək lazım deyil. Təkliflər rasional olmalı, məntiqə, sağlam təfəkkürəəsaslanmalıdır. Populist təkliflə təhsilimiz inkişaf etmir. Əksinə, bu, təhsilə olan inamı sarsıdır, ciddi problem yaradır. Çox diqqətli olmalı, "nə gəldi" prinsipi ilə çıxış etməməliyik”. 

 

Qeyd: Müəllimlərin kommunal xərclərdən azad edilmələri ilə bağlı təklifi ekspert Kamran Əsədov irəli sürüb.

 

Aytəkin Qardaşova

Tarix: 27 Fevral 2024, 11:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin