Reklam

Məhkəmə “Su Sonası” ilə bağlı qərar verdi

İddiaçı “RBA LAB” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Asəf Babazadə cavabdeh “Su Sonası” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati – İqtisadi Məhkəməsinə müraciət edərək, 5.500 manat əsas borcun, dəymiş maddi ziyanın əvəzi olaraq 2500 manat məbləğində pul vəsaitinin, cəmi 8000 manat məbləğində pul vəsaitinin cavabdeh “Su Sonası” MMC-dən tutularaq iddiaçı “RBA LAB” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, iddiaçı tələbini onunla əsaslandırıb ki, “RBA LAB” MMC Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 may 2018-ci il tarixli əmri və prezident İlham Əliyevin 9 oktyabr 2018-ci il tarixli göstərişi ilə Bakı şəhəri və ətraf ərazilərdə ictimai iaşə obyektlərindən, restoran və şadlıq evlərindən atmosferə atılan tüstü qazlarının qarşısını almaq məqsədilə bu obyektlərə təmizləyici qurğuların satışını həyata keçirib. Belə ki, hələ sentyabr ayının əvvəlindən etibarən şirkət tərəfindən bir sıra restoran və şadlıq evləri ilə danışıqlar aparılmış və qarşılıqlı qiymət razılaşdırılması əsasında müqavilələr imzalanmışdır. Qeyd edir ki, bu müqavilələr müxtəlif zaman intervalları ilə sentyabr, oktyabr və noyabr ayları ərzində bağlanıb. Bağlanmış müqavilələr hər bir obyektdə müxtəlif miqdarda avans ödənişlər vasitəsilə həyata keçirilib (cihazın dəyərinin 30-70 faizi). Bu aylar ərzində müqavilə bağlanan əksər obyektlər cihazla təchiz edilmişdir. Cihazın təchizatından sonra geridə qalan məbləğin şirkətə ödənilməsi tələb olunsa da, bəzi obyekt sahibləri (hüquqi və fiziki şəxslər) müxtəlif bəhanə və vasitələrlə ödənişdən imtina etmiş və bir sıra bürokratik əngəllər yaratmışlar. Bu ödənişlərin gecikməsi, daha doğrusu, ödənilməməsi vergi ödənişlərinin həyata keçirilməsinə də mane olmuşdur. Bununla yanaşı, prosesin zəncirvari olduğunu nəzərə alaraq, bu ödənişlərin zamanında həyata keçirilməməsi digər obyektlərə də söz verilən cihazların verilməsini ləngitmişdir. Bu da həmin obyekt sahiblərinin haqlı narazılığına gətirib çıxarmışdır. “RBA LAB” MMC Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən təsis edilmiş və vergi orqanlarında qeydiyyatdan keçmişdir. Bütün müqavilələr Vergilər Nazirliyində qeydiyyata salınmış və müqavilə dəyərlərinin dövlətin müəyyən etdiyi vergi siyasətinə uyğun olaraq ödəyəcəyi vergilər qeydiyyata alınmışdır. Alınmış avans ödənişlər və sahibkarların şirkətə olan borcu rəsmiləşdirilmişdir. “Su Sonası” MMC ilə 2409/2018 saylı, 24 sentyabr 2018-ci il tarixli müqaviləyə əsasən MMC-nin direktoru Əhmədov Mütalib Famil oğlu razılaşma əsasında ümumi dəyəri 18.500 manat olan “Baca tipli sulu filtr”in alınması üçün 03 oktyabr tarixində şirkət tərəfindən 10.000 manat avans ödəniş alınmışdır. Müqaviləyə əsasən mallar Türkiyə Respublikasından noyabr ayında gəldiyi zaman təhvil verilmişdir. Müqavilədə malın quraşdırılıb təhvil verilməsi haqda heç bir öhdəlik olmadığı halda avadanlığın quraşdırılması problemi yaranmış və onu da şirkət tərəfindən edilməli olması bildirilmişdir. Yalnız bundan sonra tam ödəniş ediləcəyi bildirilmişdir. Dekabr ayında aparılan quraşdırma işindən sonra ödənişin qalan hissəsi tələb edilsə də, cavabdeh ödəniş etməkdən boyun qaçırmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Əhmədov Mütalib ödənişin edilməyəcəyini vurğulamış və bu məsələ ilə bağlı bir daha onlara zəng vurmamasını bildirmişdir. “Su Sonası” MMC-nin borcu rəsmi olaraq vergi orqanlarında da təsdiqlənmişdir. Ancaq buna yenə də məhəl qoyulmamışdır. 04.03.2019-cu il tarixində bu və digər şadlıq evlərində olan, şirkətə borclu olduqları qalıq pulları almaq üçün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə ünvanlanmış məktuba cavab olaraq 02.04.2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidentinin Administrasiyası tərəfindən xüsusi nəzarətlə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə araşdırılması üçün göndərilmiş məktuba baxılmış və “Su Sonası” MMC-nin direktoru Əhmədov Mütalib də həmin idarəyə çağırılmışdır. Nəticədə qalıq 8.500 manat borcdan sadəcə olaraq 3.000 manat ödənilmiş, qalıq 5.500 manat məbləği isə bu günədək ödənilməmişdir. Şirkətə bu gecikdirilməyə görə 2.500 manat maddi zərər dəymişdir. Avadanlığa Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən baxış keçirilmiş və avadanlığın standartlara cavab verməsi və şadlıq evinin bacasından atmosferə atılan tullantı qazlarının avadanlıq qoyulduqdan sonra norma daxilində olması öz təsdiqini tapmış, bununla bağlı Milli Monitorinq Departamenti tərəfindən akt verilmişdir. İddiaçının qanuni təmsilçisi Babazadə Asəf Məhərrəm oğlu məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh “Su Sonası” MMC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin qanuni təmsilçisi Əhmədov Mütalib Famil oğlu iddia tələbini qəbul etmədiyini, həmçinin iddiaçı tərəfindən avadanlığın təhvil verilməsində gecikməyə yol verdiyini, eyni zamanda avadanlığın tam şəkildə quraşdırılmadığını bildirmişdir. Bundan başqa, M.F.Əhmədov iddiaçı tərəfindən bütün öhdəliklər yerinə yetirilmədiyindən, avadanlığın quraşdırılması başqa şəxsə tapşırıldığını və nəticədə ziyana düşdüyünü bildirmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki:

“RBA LAB” MMC (satıcı) ilə “Su Sonası” MMC (alıcı) arasında 2409/2018 saylı 24.09.2018-ci il tarixli alqı-satqı müqaviləsinin 1-ci bəndinə əsasən bu müqavilənin predmeti hazırki müqaviləyə əlavələrdə göstərilən “Baca tipli sulu filtrin-Tüstü filtrinin” satıcı tərəfindən alıcıya satılması, alıcı tərəfindən isə həmin malın qəbul edilərək, haqqın ödənilməsi ilə bağlı müasibətlərin tənzimlənməsi təşkil edir. Malların alqı-satqısı tərəflər arasında əlavələrin imzalanması və möhürlənməsi ilə rəsmiləşdirilir və belə Əlavələr müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilir. Həmin müqavilənin 2-ci bəndinə əsasən alıcı malın tam dəyərini hissə-hissə əlavələrin originalı əsasında satıcı tərəfindən təqdim edilmiş hesablaşma sənədlərinə əsasən 5 bank günü ərzində Azərbaycan manatı ilə satıcının bank hesabına köçürmə yolu ilə və ya nağd yolu ilə ödəyir. Satıcı ilk 70% avans ödənişindən (ödənişin qalan hissəsi mal təhvil verildiyi zaman həyata keçiriləcəkdir) sonra 2-5 həftə ərzində malların alıcıya təhvil verilməsini öhdəsinə götürür. Həmin müqavilənin 7-ci bəndinə əsasən əgər malların çatdırılması gecikərsə, satıcı alıcıya hər gecikdirilmiş həftə üçün müqavilənin ümumi dəyərinin 0.1% miqdarında cərimə ödəyir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. 24.09.2018-ci il tarixli, 2409/2018 saylı müqaviləyə əsasən qiymətlərin razılaşma protokolundan (1 saylı əlavə) görünür ki,  1 ədəd 17 metrlik manqal üçün (motorla birlikdə) sulu filtr 30000 m3/h avadanlığının qiyməti 18.500 manat müəyyənləşdirilmişdir. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. 24.09.2018-ci il tarixli, 2409/2018 saylı müqavilə əsasında “RBA LAB” MMC tərəfindən “Su Sonası” MMC-yə təqdim olunmuş 18.500,0 manat dəyərində mallara dair EAAQ seriyalı, 226148 saylı,  11.02.2019-cu il tarixli elektron qaimə tərtib edilmişdir. Həmin elektron qaimə əsasında 18.500 manat dəyərində olan malların təqdim edilməsi ilə bağlı HX seriyalı, 662640 saylı, 12.02.2019-cu il tarixli elektron vergi hesab-fakturası hazırlanaraq Azərbaycan Respublikasının Vergilər Nazirliyinin elektron informasiya sistemi vasitəsilə cavabdeh “Su Sonası” MMC-yə təqdim edilmişdir. 03 oktyabr 2018-ci il tarixli, ƏIA/2 seriyalı, 250952 saylı mədaxil qəbzinin kötüyündən görünür ki, “Su Sonası” MMC tərəfindən “RBA LAB” MMC-yə 10.000 manat məbləğində ödəniş edilmişdir. “RBA LAB” MMC tərəfindən cavabdeh “Su Sonası” MMC-yə pretenziya məktubu ünvanlanaraq 24.09.2018-ci il  tarixli müqavilə üzrə 5.500 manat məbləğində əsas borcun və 2500 manat məbləğində dəymiş maddi ziyanın ödənilməsi tələb edilmiş və borcun ödənilmədiyi halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi  ki, iddiaçı “RBA LAB” MMC ilə cavabdeh “Su Sonası” MMC arasında 2409/2018 saylı, 24.09.2018-ci il tarixli saylı alqısatqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı “RBA LAB” MMC tərəfindən həmin müqavilədə nəzərdə tutulmuş avadanlıq cavabdehə təqdim edilsə də, cavabdeh təqdim edilmiş malın dəyərini tam ödəməmiş, nəticədə həmin müqavilə üzrə cavabdehin iddiaçıya 5500 manat məbləğində borcu yaranmışdır. Hazırda cavabdeh iddiaçının alqı-satqının predmeti olan avadanlığın təhvil verilməsini gecikdirdiyini, eləcə də həmin əmlakı quraşdırmalı olduğu halda quraşdırmanı həyat keçirmədiyini nəzərə alaraq 5500 manat borcu ödəməkdən imtina edir. Malın gec təhvil verilməsi barədə cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd etməyi zəruri sayır ki, mülki qanunvericiliyin tələblərindən də göründüyü kimi iddiaçı tərəfindən malın müqavilədə nəzərdə tutulmuş müddətdə təhvil verilməməsi cavabdehə malın qəbul edilməsindən imtina etmək, eləcə də öhdəliyin icrasının gecikdirilməsinə görə qanunda nəzərdə tutulmuş mülki-hüquqi məsuliyyət tədbirlərinin tətbiq edilməsini (zərərin ödənilməsi, dəbbə pulu və s.)tələb etmək hüququ versə də, gecikdirilməklə təqdim edilmiş mal təhvil aldıqdan sonra onun dəyərinin bir hissəsinin ödənilməsindən imtina edilməsi üçün əsas vermir. Belə ki, Mülki Məcəllənin 445.8-ci maddəsinə görə kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər.  Həmin Məcəllənin 462.1-ci bəndinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Digər tərəfdən avadanlığın iddiaçı tərəfindən quraşdırılmalı olduğu halda quraşdırılmamasına dair cavabdehin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə təqdim edilməli olan avadanlığın satıcı tərəfindən quraşdırılmalı olması nəzərdə tutulmadığından göstərilən dəlillər əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.  Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567, 600.1-ci maddələrinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427 - ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin yuxarıda göstərilən alqı-satqı müqaviləsinə əsasən təqdim edilmiş malların dəyəri olan 18.500 manat məbləğində pul vəsaitini tam ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 2409/2018 saylı 24.09.2018-ci il tarixli müqavilə üzrə ödənilməmiş 5500 manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı “RBA LAB” MMC iddia ərizəsində əsas borcla yanaşı dəymiş maddi ziyana görə2500 manat məbləğində borcun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Lakin iddiaçı cavabdeh tərəfindən ödənişin gecikdirilməsi nəticəsində ona iddia etdiyi məbləğdə maddi ziyan dəyməsini təsdiq edən hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. Odur ki, həmin hissədə iddia rədd edilməlidir. Mülki Məcəllənin 443.7-ci maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 5 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 25 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia qismən təmin edilsin. Cavabdeh “Su Sonası” Məhdud Məsuliyyətli Cəmiyyətindən 5.500 manat məbləğində əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq  25 manat məbləğində pul vəsaiti tutularaq  iddiaçı “RBA LAB” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin.

Tarix: 3 Dekabr 2019, 11:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin