BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: Təcavüzkar dövlətin Rusiyaya xəyanət yolu tutması ona çox baha başa gələcək

“Avropa İttifaqı, Ermənistan və ABŞ-nin Brüsseldə keçirilməsi nəzərdə tutulan birgə görüşü ikili standartlara əsaslanmaqla qərəzlidir, regionda sülhün, əmin-amanlığın təmin edilməsinə deyil, münaqişənin qızışdırılmasını, müharibənin törədilməsinə hesablanıb. Bu, bilavasitə Azərbaycanın suverenliyinə təhdiddir, Ermənistanın tam dəstəklənməsi onun yenidən müharibəyə cəlb olunmasıdır. Bu hərəkətlərə, sözsüz ki, Ermənistanla bərabər Aİ və ABŞ də məsuliyyət daşıyır. Çünki reallıqları nəzərə almamaq, hadisələrə birtərəfli yanaşmaq, Ermənistanın mövqeyindən çıxış etmək Azərbaycanın milli maraqlarına ziddir, suverenliyimizə təhdid, siyasi xəyanətdir”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib. 

 

Deputat bildirib ki, Azərbaycan torpaqları işğal altında olduğu 30 il ərzində, milyondan çox insan ağır həyat şəraitində yaşadığı illərdə Avropa İttifaqı, eləcə də ABŞ ölkəmizə dəstəyini nümayiş etdirmədi: 

 

“Əksinə, Azərbaycan ABŞ Konqresinin 907-ci düzəlişi ilə ayrı-seçkiliyə məruz qaldı. Avropa parlamentləri dövlətimizin  haqlı səsinə səs vermədilər, böhtan, şantaj xarakterli bəyanatları, qətnamələri ilə təcavüzkarları müdafiəyə qalxdılar. Beynəlxalq hüquqa zidd olan belə hallar bu gün daha da qabardılır və Aİ-nin, ABŞ-nin və Ermənistanın səyləri bilavasitə təcavüzkar dövləti böhran vəziyyətindən çıxarıb Cənubi Qafqazda sülhün yaradılmasına yox, Rusiyanın regiondan çıxarılmasına, İranın təsir altına alınmasına, Azərbaycan üçün gələcək təhlükənin meydana çıxmasına yönəldilib. Paşinyan hökuməti bu təhlükəli şəraiti yaratmaqla ilk növbədə Ermənistanı risk qarşısında qoyur və erməni xalqını fəlakətə aparır. Ermənistanda revanşist qüvvələrin fəallaşması, müharibəyə yeni çağırışlar, ölkənin silahlandırılması, xarici dövlətlərin qoltuğuna sığınmaq gələcək üçün yaxşı heç nə vəd etmir. Çünki Rusiya heç vaxt Ermənistanın bu xəyanətkar hərəkətlərə sona kimi getməsinə, NATO qüvvələrinin düşmən dövlətin ərazisində yerləşdirilməsinə yol verməyəcək. Ermənistanın Rusiya ilə hərbi ittifaqdan çıxması məsələsi də şübhə altındadır. Vaşinqton və Brüssel üçün bu, bir nailiyyət hesab olunsa da, elə bilirəm, Ermənistanda siyasi böhranı daha dərinləşdirəcək. Sergey Lavrovun dediyi kimi, “Ermənistanın NATO ilə dialoqunun dərinləşməsi Ermənistanın müdafiə suverenliyini itirməsinə gətirib çıxarır”. Bakıya gəldikdə, keçirilən bu görüş Azərbaycana bir təsir vasitəsi rolunu oynayır və ölkəmizi Rusiya ilə münasibətlərində, əməkdaşlıqda geriyə doğru addım atmağa məcbur etmək xarakteri daşıyır. Ancaq Azərbaycan bu təsirlərə məruz qala bilməz və ölkəmizin rəhbəri cənab İlham Əliyevin bildirdiyi kimi, biz heç bir dövlətin diktəsi ilə hərəkət etmirik, heç bir qüvvə bizi tutduğumuz ədalətli yoldan döndərə bilməz. Çünki Azərbaycan öz fəaliyyətində, siyasi gedişlərində beynəlxalq normalara, reallıqlara əsaslanır və haqq-ədalət uğrunda mübarizə aparır. Sülh, əmin-amanlıq, əməkdaşlıq, təhlükəsizlik Azərbaycan dövlətinin başlıca amalıdır. Bu gün Azərbaycan öz siyasətini, iqtisadiyyatını özü müstəqil həll etməyə, Ordusunu gücləndirməyə, xalqını bir məqsəd uğrunda səfərbər etməyə qadirdir və Ermənistanla münasibətləri heç bir vasitəçi olmadan həll etmək qərarındadır. Vaşinqton və Brüsselin Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı heç bir faydası yoxdur. Onlar bu yolda öz şəxsi mənafelərini düşünür və Ermənistandan bir oyuncaq, vasitə kimi istifadə edirlər. Ermənistanın çıxış yolu isə Türkiyə və Azərbaycanla münasibətlərin normallaşmasından, tezliklə sülh müqaviləsinin imzalannasından keçir. Təcavüzkar dövlətin region ölkələrinə problemlər yaşatması cəhdi, Rusiyaya xəyanət yolu tutması ona çox baha başa gələcək. Ermənistan hakimiyyəti bu barədə ciddi düşünməli, səhv mövqeyindən çəkinməlidir”. 

Tarix: 2 Aprel 2024, 14:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin