BURADA REKLAMINIZ OLA
BİLƏR

"Naxçıvana müxtəlif çaplı silahlardan ardıcıl olaraq atəş açılması qızışdırmaq xarakteri daşıyır" - RƏY

Ermənistan işğalı altında olan Qazaxın 8 kəndinin Azərbaycana qaytarılması hələ 2020-ci ilin 10 noyabr razılaşması zamanı gündəmə gətirilib. Sonradan sərhədlərinin delimitasiyası ilə bağlı müzakirələrdə kəndlərin qaytarılması məsələsi prioritet təşkil edib. Hazırkı məqamda Ermənistan tərəfi atəşkəsi məqsədyönlü, intensiv olaraq pozmaqla bir daha açıq şəkildə təsdiq edir ki, o, işğalçı ölkədir. Delimitasiya komissiyalarının sonuncu iclasında Azərbaycan anklav olmayan 4 kəndin - Bağanis Ayrım, Qızılhacılı, Aşağı Əskipara və Xeyrimlinin qaytarılmasını tələb edib. Ermənistan xoşluqla kəndləri boşaldıb Azərbaycana təhvil verməsə, təxribat xarakterli çıxışlarını davam etdirsə, bütün dünyaya məlumdur ki, Azərbaycan Ordusu lazımi addımları atacaq və çox qısa bir zaman kəsiyində erməniləri torpaqlarımızdan çıxaracaq. Buna nəinki Ermənistan, heç ona himayədarlıq edən qüvvələr də maneə ola bilməyəcəklər. 

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib ki, ermənilər tərəfindən atəşkəs tez-tez pozulur və nəticəsi bəllidir:

 

“Bu gün Amerikada, Avropada oturanlar istəmirlər ki, Cənubi Qafqazda sülh olsun. Onlar Cənubi Qafqazda yeni bir müharibə ocağı alovlandırmaq istəyirlər. Avropalı ekspertlər gəldilər, guya sərhədlərə baxırlar. Əslində, hamısı kəşfiyyatçılar, hərbçilər, hərbi sistemi bilənlər idi. Bunun ardınca orada müxtəlif qurğuların qurulması, səngərlərin qazılması, döyüş taktikası ilə əlaqədar işlər, müxtəlif ölkələrdən silah tədarükü, Hindistandan, İrandan gələn silahların toplanılması göstərir ki, müəyyən ölkələr Ermənistanla Azərbaycan arasında gələcəkdə imzalanacaq sülh müqaviləsini pozmaq istəyirlər. Demək olar, bir çox məsələlərdə razılaşma mövcuddur. Onlar isə bu razılaşmanı pozmağa cəhd göstərirlər. Var qüvvələri ilə kilsəni və başqa-başqa strukturları bu işlərə qoşurlar. İndi də Azərbaycanın 4 kəndi ilə bağlı məsələ... Hesab edirəm, Azərbaycan bu məsələlərdə ehtiyatla davranmalıdır. Təbii ki, o ərazilər Azərbaycanındır, Azərbaycana aiddir. Bu, dəfələrlə Ermənistan rəhbərliyi tərəfindən də təsdiqlənib. İstər Baş nazir, istərsə də parlament sədri və ayrı-ayrı deputatlar tərəfindən... Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasındakı son çıxışında da bir daha bu məsələlərə toxunub. Naxçıvanın müharibə bölgəsinə heç bir aidiyyəti olmamasına baxmayaraq, ora müxtəlif çaplı silahlardan ardıcıl olaraq atəş açılması qızışdırmaq xarakteri daşıyır. Bu da bilavasitə Avropa və digər ölkələrin təhriki ilə bağlıdır. Həmçinin erməni zabitlərin Amerikada təlim keçmələri, eyni zamanda orada təlim keçənlərin Ermənistana gəlmələri xüsusilə qıcıq yaradır. Bunlar Rusiyanı qıcıqlandırmaq istəyirlər. Rusiyanı Ermənistana qarşı hər hansı ciddi tədbirlər görməyə təhrik edirlər. Bunu ikinci cəbhənin açılması kimi qiymətləndirmək olar”. 

 

Ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov isə bildirib ki, hazırkı məqamda Ermənistanla Azərbaycan arasında genişmiqyaslı toqquşma gözlənilmir: 

Üzeyir Cəfərov: “Ermənilər basdırdıqları minaların altına başqa “surpriz”  minalar da basdırıblar” Pravda.az
“Ermənilər belə davam edəcəklərsə, yəqin ki, Azərbaycan Ordusu boş olan və erməni ordusunun hər hansı gücü olmayan mövqeləri tam şəkildə nəzarətə götürəcək. Bunun başqa yolu yoxdur. Çünki ermənilər kəndləri mart ayında boşaltmalı idilər, artıq aprel ayının yarısına gəlib çatmışıq, hələ də hərəkətlilik yoxdur. Gündə bir bəhanə, problem ortaya atırlar ki, guya, görüşmək, nəyisə müzakirə etmək lazımdır. Hansısa görüşə ehtiyac yoxdur. Onlar iki gün qabaq elan etdilər ki, Şahin Mustafayevlə Mqer Qriqoryanın rəhbərliyi altında Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyası görüşəcək. Məncə, böyük ehtimalla, Azərbaycan tərəfi o görüşə heç qatılmayacaq. Çünki biz martın 7-də Ermənistan tərəfə 4 kəndlə bağlı fikirlərimizi bildirmişdik. Humanistlik göstərib 8 yaşayış məntəqəsinin hamısını qaytarmalarını demədik. Dedik ki, 4-nü qaytarsınlar, digər 4-ü də müzakirə mövzusudur. Amma görünür, Ermənistan bundan da sui-istifadə etmək istəyir. Təəssüf ki, hələ də müxtəlif bəhanələrlə bu prosesi uzadır, Azərbaycanı hansısa yola məcbur etmək istəyirlər. Amma əmin olun ki, genişmiqyaslı döyüş əməliyyatı gözlənilmir. Əvvəla, heç buna ehtiyac da yoxdur. Sadəcə, Azərbaycan Ordusunun xüsusi təyinatlı komando hərbi hissəslərinin qısamüddətli - bir-iki saatlıq hərəkətliliyi lazımdır. Bunun üçün isə nə təyyarə, nə helikopter, nə də ağır texnika lazım olmayacaq”. 

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusu üzrə dərc olunub. 

 

Aytəkin Qardaşova

Tarix: 13 Aprel 2024, 16:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin