Deputat: “Xankəndində olan tədbirlərə heç belə emosional yanaşmırıq”

Deputat Erkin Qədirli ermənilərin Şuşada keçirdikləri son tədbirin kontekstində fikirlərini bölüşüb.

 

"1. Tədbirin Şuşada keçirilməsi heç nəyi dəyişmir (bir yenilik yaratmır). Xankəndi bizim deyilmi? Xankəndində olan tədbirlərə heç belə emosional yanaşmırıq. Şuşadakı tədbirlə bağlı reaksiyamız Xankəndini Şuşadan daha az istəməyimiz, Şuşanın bizdə qalması şərtilə Qarabağı ermənilərə verməyə hazır olmağımız anlamına gələ bilər (elə yozula bilər). Onu da deyim ki, zamanında belə söhbət olub (xarici diplomatlar belə suallar veriblər).

 

2. Ermənilərin Qarabağda keçirdikləri seçkiləri heç bir dövlət və ya beynəlxalq təşkilat tanımır, Qarabağın özünü də dövlət sayan yoxdur. Odur ki, ermənilərin oradakı bu tədbiri özlərinə təsəlli, bizə isə acıq vermək üçündür. Heç birisinin də siyasi anlamı yoxdur. Bilirəm, ağırdır, ona görə də qəzəbini bildirənləri bunu etməkdə haqlı sayıram. Bununla belə, dövlət qərarları duyğular əsasında verilmir (verilməməlidir)".

 

E.Qədirlinin növbəti tezisi cəmiyyətin demokratiyaya hazır olmaması ilə bağlıdır:

 

"3. Cəmiyyətimizin demokratiyaya hazır olmadığını bir kərə yazmışdım. İndi də müharibəyə hazır olmadığını yazım. Ordumuzun hazır olduğuna inanıram, amma müharibəni udan ordu deyil, cəmiyyət olur. Ordu döyüşləri uda bilir ancaq. Ordunun udduğu döyüşlərin siyasi nəticələri isə cəmiyyətin durumundan asılıdır. Yanlış anlaşılmasın deyə, bunu da yazım - problem hazır olmamağımızda deyil, hazırlaşmamağımızdadır. Aydındır ki, burada ən böyük məsuliyyət hökumətin üzərinə düşür.

 

4. Müharibə ehtimalını hələlik qoyaq bir qırağa. Gələk siyasi danışıqlara. Danışıqların da öz resursları olur - sənədlər, arqumentlər, rəmzlər, arxivlər, kəşfiyyat məlumatları və s. Ermənilərin bizdən güclü olduğu resurs rəmzlərdir. Ermənilər rəmzlərlə yaxşı oynayırlar, bizi də oynadırlar. Məsələn, Xocalını Sumqayıt hadisələrinin ildönümü günündə, Şuşanı Sovetlərin Böyük Vətən Müharibəsinin bitdiyi gündə işğal etdilər, Dilgəmlə Şahbaza 22 illik qondarma hökmünü Kəlbəcər işğalından 22-ci ildönəmində verdilər və s. İndi də Şuşada qondarma prezident seçkilərinin nəticələrini bayram ediblər. Biz bunu ermənilərdən hələ yeni öyrənməyə başlamışıq. Məsələn, Aprel döyüşlərini Kəlbəcərin işğalı günündə başlamışdıq. Düşməndən də öyrənmək lazımdır. Hələ çox öyrənməliyik. Məsələn, arxiv işlərini də ermənilər bizdən yaxşı bacarır, kəşfiyyat məlumatlarını isə əsasən Rusiyadan alırlar. Qarşıdan 28 May bayramı gəlir, biz isə Rusiyanın arxivlərindən Cümhuriyyət Ordumuzun alay bayraqlarını hələ də ala bilməmişik. Belə olunca, biz rəmzlərdə ermənilərə uduzmağa davam edəcəyik.

 

5. İndi də gələk danışıqlarda gerçəkdən güclü olduğumuz resurslara - hüquqi sənədlər və arqumentlər. Burada üstünlük tam bizim tərəfimizdədir. Bununla belə, nədənsə özümüzü (cəmiyyət olaraq) zəif hiss edirik. Nədən belə olur? Çünki: a) işin ancaq informativ tərəfinə güvənirik, performativ tərəfinə yetərli önəm vermirik; b) sənədlərlə yaxşı işləmirik - mətni oxuya bilsək də, onu oxumağı bacarmırıq (bunlar ayrı-ayrı bacarıqlardır - birincisi savadı, ikincisi hermenevtik bilikləri tələb edir); c) hələ də ədalətli bir dövlət qura bilməmişik. Birinci axsaqlığımız haqqında çeşidli mövzularda daha öncə yazmışam. Üçüncü nöqsanımız haqqında da məndən çox başqaları yazıblar. Odur ki, burada ancaq ikinci problemlə bağlı yazmaq istəyirəm".

Tarix: 23 May 2020, 12:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin