BURADA REKLAMINIZ OLA
BİLƏR

"Turistlərin bölgələrə üz tutmamalarının səbəbi otellərin yanlış siyasət yürütməsidir" - RƏY

Yerli və regional turizmin inkişafının surətləndirilməsi hər zaman gündəmdə olan məsələdir. Azərbaycanda yerli turistlərin turizm mövsümündə bölgələrə deyil, xaricə üz tutmaları müzakirə mövzusudur. Vətəndaşlarımız rayonlara gedib keyfiyyətli otellərdə dincəlməyi istəsələr də, qiymətlər “kosmik” səviyyədə olduğu üçün çox vaxt həmin pula Türkiyədə, Gürcüstanda bir neçə gün gəzib-dolaşmağı üstün tuturlar. Bir sözlə, yerli turist Antalyada və Qəbələdə eyni şərtlərdə eyni qiymətə qalacaqsa, onu Qəbələyə çəkən nə ola bilər? Vətəndaşlarımız hesab edirlər ki, bölgələrdə turizm xidmətində qiymətlər aşağı salınsa, keyfiyyət yüksəldilsə, daxili turizmin inkişafından söhbət gedə bilər. Belə halda sahibkar da qazanar, turist də...

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən 75 saylı Lənkəran-Masallı seçki dairəsinin deputatı Cavanşir Paşazadə deyib ki, Azərbaycanda hər cür şərait, gözəl turizm yerləri, mənzərəli bölgələr olduğu halda, turizmə hesablanmış iaşə obyektlərinin xidmət səviyyəsi qənaətbəxş deyil: 

"Xidmətlər standartlara uyğun formalaşdırılmalı, insanlarımızın büdcəsi nəzərə alınmalıdır. Sahibkarlar yeni evlər, otellər tikib, bir-iki ilə vəsaitini çıxarmağa çalışırlar. Nəticədə isə  vətəndaşlarımız yüksək xidmət haqqı ödəməyə məcbur qalırlar. Buna hər kəsin imkanı çatmır. Yeməklərin qiyməti də aşağı salınmalıdır. Belə halda iaşə obyektləri bir nəfərin yerinə on nəfəri qəbul etsələr, yenə də həmin qazancı qazanacaqlar. Xidmət keyfiyyəti də düzələcək. Bu gün hər yerindənqalxanı işə götürüb restoranlarda işlətmək düzgün deyil. Sahəyə aid olmayan, davranış və danışıqlarını bilməyənləri işə götürürlər. Təbii ki, hər yerə şamil etmirəm, amma bütün bunlar yerli turizmin inkişafına mənfi təsir göstərir, böyük maneə törədir. Mən də istərdim ki, vətəndaşlarımız Azərbaycanda istirahət etsinlər. Çünki üç il pandemiya dönəmində insanlarımız ölkə daxilində istirahət etməyə alışdılar. Bu isə cəmiyyətimizin böyük kütləsi üçün gözəl şərait yaradılmasına imkan verməlidir. Turizm təşkilatları Dövlət Turizm Agentliyinin verdiyi  lisenziyalar əsasında fəaliyyət göstərirlər. Əgər Agentlik lisenziya verdiyi təşkilatlarda tez-tez yoxlamalar, monitorinqlər aparsa, treninqlər keçirsə, onları tədbirlərə dəvət etsə, görüşlərdə planlı şəkildə tövsiyələr versə, daha müsbət nəticə əldə etmək olar. Monitorinqlər nəticəsində işini düzgün görməyən şirkətlərin lisenziyaları alınsa, bir-neçə dəfə bu cür cəzalar tətbiq ediləndən  sonra problem öz həllini tapa bilər”. 

 

Turizm üzrə ekspert Üzeyir Bağırlı bildirib ki, turistlərin bölgələrə üz tutmamasının səbəbi oradakı otellərin yanlış siyasət yürütməsidir.

Novruz bayramında istirahəti harada keçirmək sərfəlidir? Ölkə daxilində,  yoxsa… - Ekspertdən AÇIQLAMA Pravda.az

"Onların bəziləri heç bir turizm şirkətləri ilə müqavilə imzalamır, bəziləri də müqavilə imzalayır, amma şirkətə təqdim etdiyi qiymət həm də müştəriyə təqdim etdiyi rəqəmlər üzrə olur, turizm şirkətinə müəyyən faiz qalır. Bu, yalnış siyasətdir. Müştəri birbaşa otellə əlaqə saxlayanda qiymət turizm şirkətinin təqdim etdiyi qiymətdən yüksək olmalıdır. Çünki bu sahənin reklamını edən turizm şirkətləridir. Şirkətlərin maraqları olmalıdır ki, bölgə səhayətlərinə reklamları artırsın. Onlar satış siyasətlərini dəyişməlidirlər, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasına üzv olan şirkətlərlə müqavilələr bağlasalar, xidmətlər ucuz təklif edilsə, şirkətlər də maraqlı olar ki, daha çox turpaketlər satılsın. Turizm şirkətlərinin əsas məqsədləri pul qazanmaqdır, ona görə də Avropa ölkələrini daha çox reklam edirlər. AZAL da qiymətlərdə müəyyən endirimlər edib, bu da imkan verir ki, vətəndaşlar xarici ölkələrə səyahət etsinlər", - o qeyd edib.

 

Ü.Bağırlının sözlərinə görə, qiymət məsələsində xarici və yerli turist arasında fərq qoyulmalıdır: "Bu, dünyada belədir. Azərbaycanda isə mənzərə fərqlidir: xarici turistə də, yerli turistə də eyni qiymət təklif olunur. Yerli turistlərin də xaricə üz tutmalarının səbəblərindəndə biri budur".

 

Ekspert vurğulayıb ki, bölgələrdə xidmət arzuolunan səviyyədə deyil: "Fikrimcə, bununla bağlı treninqlər keçirilməlidir. Kadr çatışmazlığı var. Təcrübəsi olmayanı, treninq keçməyəni işə götürürlər, bu da müəyyən problemlər yaradır, xidmət səviyyəsi aşağı düşür".

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" mövzusu üzrə dərc olunub. 

 

Aytəkin Qardaşova 

 

Tarix: 24 Aprel 2024, 09:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin