BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda məşhur “Messenat Holdinq”in binaları niyə yanır? – İşbazların qanunsuz əməlləri təhlükə saçır

Ötən gün paytaxtın Xətai prospektində yerləşən çoxmərtəbəli binada yanğın hadisəsi baş verib. Konkret.az-a bu barədə “Messenat Holdinq”in binalarında yaşayan sakinlər məlumat veriblər. Onların sözlərinə görə, “Nəsimi-45” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC) tərəfindən idarə olunan binada qanunsuz tikinti işləri aparıldığı üçün yanğın hadisəsi törənib. Məlum olub ki, tikinti zamanı alovlanan materiallar ətraf əraziyə, həmçinin sakinlərin həyatına ciddi təhlükə yaradıb.

 

Əldə etdiyimiz məlumata görə, adıçəkilən MMMC tərəfindən icarəyə verilən obyektin üzərində aparılan özbaşına tikintinin qarşısı aidiyyəti qurumlar tərəfindən dəfələrlə alınıb. Lakin icarədarlar qanunazidd cəhdlərini davam etdirir, ətrafdakı yaşayış binalarına təhlükə yaradan obyekti yenidən tikməyə çalışırlar. İnşaat işləri şəhərsalma və tikinti normalarına zidd aparıldığından və təhlükəsizlik qaydalarına əməl olunmadığından ötən gün ərazidə yanğın hadisəsi baş verib ki, bu da vətəndaşların narahatlığına səbəb olub.

 

Məsələ ilə bağlı sorğumuza Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən verilən açıqlamadan da aydın oldu ki, sözügedən ünvanda aparılan tikinti işləri bir neçə dəfə dayandırılsa da, işbazlar qanunsuz əməllərindən əl çəkmək bilmirlər. Məlumatda qeyd edilir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Bakı şəhəri Nəsimi rayonu Xətai prospektində yerləşən binalara bitişik ərazidəki obyektin üst hissəsində qanunsuz şəkildə yüngül metal konstruksiyanın quraşdırılması ilə bağlı yenidən sorğu daxil olub. “Qeyd edək ki, sözügedən ünvanda Komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən şəhərsalma nəzarəti qaydasında keçirilən monitorinqlər zamanı 2023-cü il ərzində, habelə cari ilin əvvəlində də bir neçə dəfə qanunsuz tikinti faktı aşkarlanıb və müvafiq qurumlarla birlikdə sökülməsi təmin edilib. Təəssüf hissi ilə bildiririk ki, görülən tədbirlərə baxmayaraq, bu kimi hal yenidən təkrarlanaraq qanunvericiliyin tələbləri kobud şəkildə pozulub”.

 

Yanğınla əlaqədar Fövqəladə Hallar Nazirliyinə (FHN) ünvanladığımız suallara isə birmənalı cavab verilməyib. Müxbirimizin “Məlum hadisədən FHN-in xəbəri varmı? Bununla bağlı hansı tədbirlər görüləcək?” suallarına belə aydınlıq gətirilib: “Bina artıq istismarda olduğundan inzibati icraat yerli icra hakimiyyəti orqanlarının səlahiyyətindədir”.

 

Ərazidə baş verən və uzun müddətdir davam edən qanunsuzluqlarla bağlı Nəsimi Rayon İcra Hakimiyyətinin də mövqeyini dərc etməyə hazırıq.

Tarix: 24 Aprel 2024, 20:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin