BURADA REKLAMINIZ OLA
BİLƏR

Gömrükçünün şikayət etdiyi çobanın xeyrinə qərar çıxarıldı

Ali Məhkəmədə xüsusi ittiham qaydasında məhkəməyə verilən Şahin Eldarovun barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb. 

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

 

Qeyd: Dövlət Gömrük Komitəsinin əməkdaşı təsərrüfatında çoban işləyən qohumunu xüsusi ittiham qaydasında məhkəməyə verib.

 

Məlumata görə, Balakən rayonunda gömrük orqanında işləyən Mübariz Ağayev iddia edib ki, dayısı oğlu Ş.Eldarov telekanallardan birində yalan məlumat verərək ona böhtan atıb. Məsələnin mahiyyəti ondan ibarətdir ki, təqsirləndirilən Ş.Eldarov uzun müddət xüsusi ittihamçının təsərrüfatında çobanlıq edib, onun heyvanlarına baxıb. Aralarındakı qeyri-rəsmi razılaşmaya görə, M.Ağayev zəhmət haqqının əvəzi olaraq heyvanların bir hissəsini Şahinə verməli imiş.
Bir müddət sonra qohumlar arasında mübahisə yaranıb. M.Ağayev bütün heyvanları çobanlıq edən qohumundan alıb, əvvəlcədən olan sövdələşməyə də əməl etməyib.

 

Problemin həlli üçün təqsirləndirilən şəxs dəfələrlə Dövlət Gömrük Komitəsinə şikayət edib, qohumunun əməlləri barədə məlumat verib. Mütəmadi şikayətlər araşdırılıb və sözügedən şəxsin onun təsərüfatında əmək müqaviləsi olmadan işlədiyi məlum olub. Bununla bağlı Xidmət tərəfindən M.Ağayevə şiddətli töhmət də verilib.

 

Təqsirləndirilən şəxs bununla da kifayətlənməyərək televiziya kanallarından birinə müraciət edib, reportajda vəzifəli qohumunun onu aldatdığını, haqqı olan 180 baş heyvanı ona vermədiyini deyib. 

 

Qohumunun davamlı şikayətləri ilə bağlı gömrükçü məhkəmədə xüsusi ittiham qaydasında iddia qaldırıb. O, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 147.1-ci ( böhtan) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini tələb edib.

 

M.Ağayev deyib ki, çobana heç bir borcu yoxdur, qohumlarına nisbətən imkanlı olduğu üçün ünvanına deyilənlər şantaj və böhtan xarakteri daşıyır.

 

Yasamal Rayon Məhkəməsi gömrükçünün iddiasını əsaslı sayaraq ona böhtan atıldığının faktlarla sübut olunduğunu elan edib. Qərara əsasən, Ş.Eldarovun aylıq qazancından 15 faiz məbləğində dövlət nəfinə pul tutulmaqla 6 ay müddətə islah işləri cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs qərardan narazı qalaraq apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, Ş.Eldarovun əməlində cinayət tərkibi olmadığından ona bəraət verilib. Daha sonra M.Ağayev kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. 

 

Kamal Məmmədov

 

 

 

Tarix: 25 Aprel 2024, 08:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin