BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda gizlicə valyuta alveri edənlərin hökmü dəyişdirildi

Bakı Apellyasiya Məhkəməsində qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Qalib Nuhiyev və Elçin Xudaverdiyevin barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Hüseynin sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya protesti təmin edilməyib, apellyasiya şikayətləri qismən təmin olunub, Nərimanov Rayon Məhkəməsinin çıxardığı hökm ləğv edilib və yeni hökm çıxarılıb. Hər iki şəxsin Cinayət Məcəlləsinin (CM) 308.1-ci maddəsinin tərkibi olmadığından ona həmin maddə ilə bəraət verilib. Təqsirləndirilən şəxslərin CM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, cinayət məsuliyyətinə cəlb edilmə müddəti keçdiyindən onlara cəza təyin edilməyib. Onların barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri tədbiri ləğv edilib.


İttihama görə, Nuhiyev Qalib Pirməmməd oğlunun qanunsuz olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsində CM-in 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 192.1 (xeyli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq) maddələri ilə cinayət işi başlanıb.


Aparılmış əməliyyat-istintaq tədbirləri ilə Qalib Nuhiyevin 2019-cu ilin dekabr ayından etibarən Xudaverdiyev Eltac Həsən oğlundan icarəyə götürdüyü Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyadov prospekti 110 ünvanında yerləşən qeyri-yaşayış sahəsində qanunvericiliyin tələblərini pozaraq Eltac Xudaverdiyevlə birgə müvafiq dövlət qurumlarından icazə almadan və xüsusi lisenziya əldə etmədən gizli şəkildə müxtəlif xarici valyuta əskinaslarının alqı-satqısı fəaliyyəti ilə məşğul olmalarına və bu yolla 60 min manat məbləğində gəlir əldə etmələrinə əsaslı şübhələr yaranıb.


Bununla əlaqədar, məhkəmə qərarı əsasında valyuta dəyişmə məntəqəsinə texniki vasitələrdən istifadə etməklə həyata keçirilmiş baxış zamanı külli miqdarda müxtəlif məbləğlərdə yerli və xarici valyutalar, həmçinin pul vəsaitinin dövriyyəsinə dair qeyd dəftərləri və kompüterlər aşkar edilərək götürülüb.


10 yanvar 2021-ci il tarixdə Qalib Nuhiyev və Elçin Xudaverdiyev şübhəli şəxs qismində tutulublar.


Nərimanov Rayon Məhkəməsinin hökmü ilə hər iki şəxsə 2 il 8 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib. Təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbirinə dəyişdirilib və onlar məhkəmə iclas zalından azadlığa buraxılıb.

 

Kamal Məmmədov 

Tarix: 1 May 2024, 10:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin