BURADA REKLAMINIZ OLA
BİLƏR

“Onların icra başçısı vəzifəsinə təyinat almaq şansı sıfıra bərabərdir” - AÇIQLAMA

İcra başçıları hansı keyfiyyətdə olmalıdır?

 

1992-93-cü illə hakimiyyətinin süqutunda icra hakimiyyəti başçılarının misilsiz xidməti olub. Bir çox rayonlarda məhz onların səriştəsiz və yarıtmaz fəaliyyəti nəticəsində xalqın Elçibəy hakimiyyətinə etimadı azaltdı və milli demokratik qüvvələrin xalq arasında dayağı sürətlə sarsıldı. Bununla o dövrün bütün başçılarının fəaliyyətinə kölgə salmaq istəməzdim. Ən azından həmin dövrün ən yaxşı icra başçılarından ikisi Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatında təmsil olunur. Belə ki, ADR Hərəkatı sədrinin müavini Ədalət Yusublu Salyan rayonunun, ADR Hərəkatı Məşvərət Məclisinin üzvü məhrum Rafiq Həsən (allah rəhmət eləsin) isə Yevlax rayon icra hakimiyyətinin başçısı işləmişdi. Onlar fədəkarlığı və dürüstlüyü ilə indiyədək rəhbərlik etdikləri rayon camaatının yaddaşında yaxşı izlər buraxıblar və həmişə başqalarına nümunə oaraq xatırlanırlar. Elçibəy hakimiyyətinin rayon icra başçıları arasında örnək olanların siyahısı Ədalət bəy və Rafiq bəylə bitmir. Lakin onların əksəriyyəti işlərində dürüst olsalar da peşəkar olmayıblar.

Son zamanlar icra başçısı vəzifəsinə təyinat alanlar arasında qınaq obyektinə tuş gələnlər İsmayıllı, Neftçala və Ağstafa rayonlarının hazırkı başçılarıdır. Onlar arasında sonuncu rayona təyinat alan icra başçısı Seymur Orucov ictimaiyyət arasında daha çox müzakirə olunur, bəzən haqlı, bəzən də haqsız qınağa rast gəlir. Seymur Orucovun ingilis dilində çıxışı onun biliklərinin səviyyəsini xarakterizə etmək üçün göstərici olsa da mən onun ingilis dilinin qolunu və qıçını sindırdığına görə qınanmasını düzgün hesab etmirəm, çünki ona qınamaq üçün buna qədər yetərli arqumentlər mövcuddur.

 

Nigeriyada hər kəs ingilis dilində danışır, amma bu o demək deyil ki, onlardan yaxşı icra başçısı çıxa bilər. Digər tərəfdən də Azərbaycan rayonları müstəqil iqtisadi agent deyil, onların malyyə muxtariyyatı yoxdur ki, vergi və gömrük tənzimlənməsinə təsir etməklə daha əlverişli biznes mühiti yaradıb xaricdən birbaşa sərmayə cəlb etsinlər.

Hesab edirəm ki, icra başçısı vəzifəsində çalışmaq üçün daha vacib keyfiyyətlər peşəkarlıq, düsrüstlük, vətənpərvərlik, dövlətçilik, ünsiyyət bacarığı və işgüzarlıq olmalıdır. Peşəkarlıq dedikdə icra başçısının regional iqtisadiyyat və yerli idarəetmə sahəsində bliklərinin və təcrübəsinin mövcudluğunu nəzərdə tuturam. Dürüstlük icra başçısının gəlirlərini və əmlakını bəyan etməsindən başlamalıdır. İcra başçıları bizneslə məşğul olmamalı, korrupsiyadan və rüşvətə qarşı mübarizə aparmalıdırlar. Onların açıq və səmimi olması, xalq yaxınlığı ilə seçilməsi ilə yanaşı, dövlətçiliyə bağlılığı da vacibdir. Xüsusilə də sərhəd rayonlarına rəhbərlik edənlər üçün milli təhlükəsizlik məsələlərini bilməsi, daim rayonun, dövlətin mənafeyini qoruması vacibdir. Nəhayət, ünsiyyət bacarığı və işgüzarlıq, daim çalışmaq, gününü istirahət yerlərində deyil, iş yerlərində keçirmək lazımdır. Azərbaycanda bu meyara uyğun gələn çoxsaylı gənc olsa da onların icra başçısı vəzifəsinə təyinat almaq şansı sıfıra bərabərdir, hətta belələri icra başçısı təyin olunsa da, hazırkı şərtlərlə işləyə bilməzlər. Çünki hazırkı təyinatlarda qohumbazlıq, regionçuluq, rəhbərə sədaqət, müxalifətə nifrət öndə olan meyarlardır.

Əslində ən düzgün yol budur: icra hakimiyyətləri ləğv olunur, onların yerini xalqın azad və ədalətli seçkidə mandat verdiyi bələdiyyələr tutur.

 

Ona qədər də müxalifətdən də icra başçıları təyin etmək olar.

 

Qubad İbadoğlu

 

İqtisadçı

Tarix: 26 May 2020, 12:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin