BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat Zabuxdakı evlərdən danışdı: “Təsərrüfat üçün də şərait yaradılıb”

121 saylı Laçın seçki dairəsinin deputatı Mahir Abbaszadə Laçın rayonunun Zabux kəndində tikilən evlərin kənd təsərrüfatı üçün əlverişli həytəyanı sahəyə malik olmaması ilə bağlı müzakirələrə aydınlıq gətirib. 

 

Deputat Pravda.az-a açıqlamasında deyib ki, Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra Qarabağda bərpa-quruculuq işləri sürətlə həyata keçirilməkdədir.

 

 

“Laçın rayonunun Zabux kəndində 223 ailədən ibarət yeni qəsəbənin tikintisi həyata keçirilib. Burada orta məktəb, bağça, tibb məntəqəsinin inzibati binası və digər sosial infrastruktur layihələr icra edilib. Beləliklə, Zabux kəndinə köçürülən sakinlər bu sosial obyektlərdə öz ixtisaslarına uyğun işlə təmin olunmaqdadırlar. İşğaldan azad edildikdən sonra kəndlərdə torpaq sahələrinin bölünməsi məsələsi qanunvericiliyə əsasən həyata keçirilir. Sakinlərə şəhər yerlərində hər bir ailə üçün 3-6 sot, kənd yerlərində isə 6-12 sot torpağın verilməsi nəzərdə tutulur. Zabux kəndində də vətəndaşlar arasında torpaqların məhz bu qanuna uyğun olaraq torpaqların bərabər bölgüsü təmin edilib. Sadəcə, bilmək lazımdır ki, işğaldan əvvəlki dövrlərdə əhali və ailə sayları bu qədər çox deyildi. Bizdə olan məlumatlara görə, təxminən, məcburi köçkün əhali Azərbaycanın ümumi əhali sayı kimi son 32 ildə yüksək səviyyədə artıb. Yeni ailələr formalaşıb. Zabuxda da hər bir məcburi köçkün ailəsinə ev təsərrüfatı ilə məşğul olması üçün şərait yaradılıb. Fikir versəniz, həyətyanı sahələrdə ev təsərrüfatı üçün yaradılmış tikili məhz bu təsərrüfatın inkişafına xidmət edir. Kənd təsərrüfatının digər növləri, məsələn, bağçılıq, meyvəçiliklə məşğul olmaq üçün evləri daxil olmaq şərtilə vətəndaşların ixtiyarına 12 sot torpaq verilib. Zabux kəndində, təxminən, 4 mindən artıq meyvə ağacının əkilməsi üçün tədbirlər görmüşük. Bu tədbirlər yüksək səviyyədə həyata keçirilməkdədir. Eyni zamanda ev təsərrüfatında heyvandarlıqla məşğul olmaq üçün şərait var. Böyük təsərrüfatların inkişafı üçün Zabux kəndinin yuxarı hissəsində ictimai fermaların tikintisi sürətlə həyata keçirilir. Böyük təsərrüfat işləri, təxminən, 300-500, 1000 başdan ibarət heyvandarlıq təsərrüfatı ilə məşğul olan şəxslər üçün isə həmin ictimai tövlələrdə şərait yaradılacaq. Bir sözlər, Zabuxa köçdükdən sonra heyvandarlıqla məşğul olmaq istəyənlər üçün real imkanlar təmin ediləcək”, - deputat bildirib.

 

M.Abbaszadə Zabuxda tikilən evlərin görünüşünün xarici ölkələrin memarlıq layihələrinə bənzədilməsindən də danışıb: “Zabux kəndində, təxminən, dörd növ memarlığı özündə əhatə edən evlər var. Onlar iki, üç, dörd və beş otaqlı evlərdən ibarətdir. Evlərin ölçüləri də məhz otaqların sayına görə dəyişir. Bütün memarlıq işləri əvvəlcədən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində təsdiq edildikdən sonra həyata keçirildi. Nəzərə alsaq ki, Laçın rayonu 9 ballıq seysmik zonaya aiddir. Deməli, tikinti zamanı xüsusi konstruksiya və digər elementlərə ciddi riayət olunmalıdır. Artıq Zabuxa əhali köçəndən sonra iki böyük toy mərasimi də keçirilib. Kəndə həyat qayıtmaqdadır. Uzun müddət bu ərazilərdən köçmüş məcburi köçkünlər Zabux kəndində həyatlarına davam edirlər”. 

 

M.Abbaszadə xatırladıb ki, Qarabağda bərpa-quruculuq işləri sürətlə həyata keçirildiyini Laçın rayonunun Zabux və Sus kəndlərinin, Laçının şəhər mərkəzinin, eyni zamanda Fizuli, Şuşa şəhərlərinin, Zəngilan rayonunun Ağalı kəndinin timsalında artıq görünür: “Bütün proses cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə 2022-2026-cı illər Böyük Qayıdışı təmin etmək məqsədilə Dövlət Proqramının qəbul edilməsi, proqramın xüsusi maddələrinin sürətlə həyata keçirilməsi nəticəsində baş tutub. Bunun üçün Azərbaycan Respublikasının dövlət büdcəsindən kifayət qədər vəsait ayrılıb, həmin vəsaitlər hesabına bərpa-quruculuq prosesi sürətlə davam edir və keçmiş məcburi köçkünlər öz ata-baba yurdlarına qayıdırlar”. 

 

Aytəkin Qardaşova 

Tarix: 27 May 2024, 12:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin