BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat Nazirliyin təsdiqlədiyi qaydanı dəstəklədi: “Məktəbin nüfuzunu aşağı salacaq paylaşımlar edilməsinə ehtiyac yoxdur”

Elm və Təhsil Nazirliyinin Kollegiyasının təsdiqlədiyi yeni “Təhsilverənlərin etik davranış Qaydaları”a əsasən, müəllimlərə məktəblərdəki problemləri sosial mediada işıqlandırmaq qadağan edilib. Yəni müəllimlər bundan sonra sosial media hesablarında işlədikləri müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və videomaterialları, təsvirləri paylaşa bilməyəcəklər. Nazirliyin bu qərarı da müzakirəsiz ötüşməyib, təhsildəki problemlər yenidən göz önünə gətirilib. 

 

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov isə Pravda.az-a açıqlamasında deyib ki, hazırda təhsilin qarşısında duran ən mühüm məsələlərdən biri bu sahədəki problemlərin aradan qaldırılmasıdır. 

 

“Hər birimiz çalışmalıyıq ki, müəllimin nüfuzunu son dərəcədə qoruyaq. Müəllimin nüfuzdan salınmasına yol verilməsi qəbuledilməzdir. Bu mənada, hər bir təhsil işçisi, müəllim çalışmalıdır ki, çox ehtiyatlı, diqqətli olsunlar, paylaşımlarına fikir versinlər. Sosial şəbəkələrdəki paylaşımlarda yanlışlara, müəllimlərin nüfuzuna xələl gətirəcək addımlara yol vermək olmaz. Nazirliyin Kollegiyası tərəfindən belə bir qərarın qəbul edilməsini doğru hesab edirəm. Düşünürəm, bu prosesin tənzimlənməsinə ehtiyac var. Hətta belə bir sənəd olmasa da, müəllim özü öz nüfuzunu qorumalıdır. Çalışmalıdır ki, işlədiyi müəssisənin də nüfuzunu qorusun. Necə ola bilər ki, müəllim bir müəssisədə işləyir, həmin müəssisədə problem yarada biləcək addım atır? Buna imkan vermək olmaz. Yolverilməzdir. Hansısa problem varsa, müəllim məktəbin rəhbərliyi ilə, orada çalışan insanlarla müzakirə edə bilər. Məktəblə alınmırsa, ən son vəziyyətdə Nazirliklə müzakirə apara bilər. Müəllimlər mövcud problemlərin aradan qaldırılmasına bu cür nail ola bilərlər. Bir sözlə, sosial mediada məktəbin nüfuzunu aşağı salacaq paylaşımlar edilməsinə ehtiyac yoxdur. Təəssüf ki, bu gün insanlarımız bəzən sosial mediadan düzgün istifadə etmirlər. Bu da bir sıra hallarda ciddi problemlər yaradır. Əlbəttə, hansısa problemlər yarana bilər, amma dediyimiz kimi, bunun həlli yolu yalnız sosial media deyil. Məktəb, regional təhsil idarələri, ümumilikdə, Elm və Təhsil Nazirliyi qarşısında qaldırılaraq həll edilə bilər. Hər birimiz bu reallığı nəzərə almalıyıq”. 

 

Aytəkin Qardaşova 

Tarix: 27 May 2024, 13:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin