BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda koronavirus yoxdur, vəssalam! - Eynulla Fətullayev

Müəllif: Eynulla Fətullayev

Cəmiyyətimizin, üstəlik sosial səviyyəsindən asılı olmayaraq hamının koronavirus infeksiyasına münasibəti özünün paradoksal yüngüllüyü ilə heyrət doğurur. Paytaxtın küləksiz və qayğısız həyatını,  küçələrdə qaynayan insanları və yöndəmsiz yeni çoxmərtəbəli binaları izlədikdə sanki postpandemiya dövrünün gəlib çatdığı barədə illüziya yaranır. Azərbaycan paytaxtının sakinləri koronavirusu ləğv ediblər və özləri üçün hansısa qəribə, hipertrofiyalı virtual reallıq yaradıblar, “uydurma xəstəlik” barədə gizli qəsd nəzəriyyəsinə inanmaq məsələsində birləşiblər.

Heyrətamizdir, amma Bakıda mifik Uhan xəstəliyinin mövcudluğuna emək olar ki, inanan yoxdur. Bakı əhalisinin mütləq çoxluğu xəstəlikdən bütün profilaktik müdafiə tədbirlərini kənara atıblar. Çünki xəstəlik-filan yoxdur! Koronavirusu Azərbaycanda daha nə adlandırmadılar ki? ! Masonların uydurması və imperialistlərin planı, səhiyyə strukturlarının hansısa maliyyə vəsaitlərini mənimsəmək niyyətləri, bir sözlə xəstəlikdən başqa hər şey.

Az qala hər küncdə qarşılaşdığımız sevimli sual: “Axı sizin qohumlarınızdan kim bu virusa yoluxub?!”. “Şəxsən koronavirusdan müalicə olunan kimisə tanıyırsan?”.


Üstəlik bu suallar qarşısında heç bir arqument işə yaramır. Yoluxmaya dair rəsmi statistikanı göstərirsən, yenə inanan yoxdur. Təklif edirsən ki, gəl klinikalardan birinə gedək və yoluxanlara baxaq. İstəmirlər! Nəhayət virusun fəlakətli nəticələr doğurduğu və ictimaiyyətlərin əvvəlcə bu virusa məhəl qoymadığı, indi isə meyitlərin küçələrdə atılıb qaldığı ölkələri misal göstərirsən. Qəbul eləmirlər! Problemi bilmərrə yaxına buraxmırlar. Virus yoxdur, çünki o olmayıb. Bu siyasətdir-bəziləri belə deyir. Bəli, bəli, söhbət sivilizasiyaların toqquşmasından, dünya iqtisadiyyatında gedən oyunlardan, Çinə qarşı mübarizədən və Qərbin Rusiyanı “dəfn etmək” kimi gizli planından gedir,-başqaları bunların sözünə qüvvət verir.

İstənilən arqumentə hər iki adamdan birinin əvvəlcədən hazırlanmış tutarsız cavabı var. Hətta belələri də tapılır ki, Səhiyyə Nazirliyinin hansısa ağır xəstəliklərdən ölənlərin yaxınlarına onun koronavirusdan öldüyü barədə rəy vermək üçün sanballı rüşvət təklif etdiyini də deyirlər.

-Səhiyyə Nazirliyindən bunu təklif edən kimdir, bilirsən?,-maskasız, optimist tüpürcəyi saçan obıvateldən soruşuram.

-Qonşum deyir. İkinci mərtəbədə yaşayan. Axşam dedi.

-Dəqiq qonşun dedi? Gəl onda gedək qonşunun yanına!-,mən inad edirəm.

-Yox, qonşu deyil...

-Bəs kim?,-sonadək onun yaxasından əl çəkmirəm.

-Komendant deyirdi.

-Gəl onda gedək komendantın yanına!,-yenə israr edirəm.

-Heç bilmirəm ki, mən də belə eşitmişəm...

Az qala hər gün bu cür mənasız və bezdirici dialoqlarla qarşılaşırıq. Lakin belələrinin hamısı tələsik masklarını atır və yoldan keçənlərin arasında itib-batır.

İnsanların böyük əksəriyyəti tibbi maskalardan istifadə etmir, yaxud istifadə edənlər onu çənələrinə, ya da alınlarına çəkib saxlayır. Sosial məsafəni isə hansısa yersiz və axmaq zarafat kimi qəbul edirlər. Və ən şüurluları və elmdən nəsə anlayışları olanlar qızğın mübahisələrdən sonra təkzibedilməz məlumatlarla və elmi nəticələrlə hər halda razılaşırlar, amma aşkar reallıqla barışmaq istəmirlər. Bu, öldürücü kütləvi psixoz deyil, nədir? Bu sosial anomaliyanı necə izah edəsən?

Virusun yayılması statistikası isə durmadan artır. Son 10 günün qorxunc statistikası infeksiyanın yayılma arealının genişləndiyini göstərir. Hər gün yüzdən çox yeni yoluxma! Lakin nə statistika, nə molekulyar biologiya üzrə aparıcı mütəxəssislərin xəbərdarlıqları, nə qonşu ölkələrdə epidemiyanın qorxunc miqyas alması yeni virus təhlükəsinə inanmaq istəməyən milyonları ayıltmır.

Bu cür qəribə və sağlamlıq baxımından təhlükəli ictimai-psixoloji halın səbəblərinin araşdırılması ilə sistemli sosial araşdırma məşğul olmalıdır. Söhbət insan həyatının xüsusi vəziyyətindən, bir çox sosial qruplardan və insan yaşayışının  verbal artikulyasiyaya çətin uyğun gələn formasından gedir. Koronarejim milyonların stereotip həyat düzənini alt-üst edib, bir çox iqtisadiyyatları çökdürüb. Və insanlar görünməz düşmənə qarşı meydan oxumağa, mistik xəstəlikdən qisas almağa başlayıblar, bunu dərk etmədən ki, ilk növbədə özlərindən qisas alırlar. Bu insanların həyat düzəninə kənar təsirə qarşı qeyri-adi ekstensional və eksiztensional cavab reaksiyasıdır.


Qorxmuş və qorxudulmuş insanlara hansısa psixoloji təhlükəsizlik yastığı, əvvəlki həyata qayıtmaq inamı, lənətlənmiş dairədən çıxmaq yolları lazımdır. Və cəmiyyətin bütöv təbəqəsi bunu problemi inkar etməklə etməyə çalışır.

Beləliklə, biz görünməz və kifayət qədər təhlükəli həddə gəlib çatırıq, bunun ardınca yoluxanların sayının dramtik şəkildə artımı riski gəlir. Söhbət ispan-italyan ssenarisindən gedir, hansı ki, bu ölkələrdə də insanlar təhlükəyə əvvəlcə məhəl qoymamışdılar. Bu ssenari son həftələrdə əhalinin qorxulu virusun doğurduğu təhlükələri yetərli dəyərləndirməyən Braziliyada, Hindistanda, Peruda, Rusiyada, Pakistanda və bir sıra digər ölkələrdə də yaşanır.

Sosial məsuliyyətə emid etməyə dəymir, axı cəmiyyətin mütləq əksər hissəsi epidemiyanın özünün mövcud olduğuna inanmır. Ümid ancaq hakimiyyətə qalır, hansı ki, təəsüflər olsun, bir sıra səbəblərdən hələ də özünün məsələyə güc yoluyla təsir imkanlarını məhdudlaşdırıb. Cəmiyyətin laqeyd münasibəti göstərir ki, əvvəl görülən bütün tədbirlər-xəbərdarlıqlar, sanksiyalar, cərimələr və hətta inzibati həbs qorxusu ictimai reaksiyaya lazım olan təsiri göstərə bilməyib.

Sonra nə olacaq? Bizi nə gözləyir? Büsbütün ictimai məsuliyyətsizlik xoşagəlməz Braziliya ssenarisinə gətirib çıxara bilər ki, yoluxanların sayı hər gün minlərlə ölçülər, bu da milli səhiyyə sisteminin dərin böhrana düçar olmasına, çökməsinə gətirib çıxarar. Bəs belə olanda başqa xəstəliklərdən əziyyət çəkənlərin halı necə olacaq? Axı digər xəstəlikləri heç kim ləğv etməyib!

Digər tərəfdən, hakimiyyət üçün məcburiyyət tədbirlərinə əl atmaq da olduqca mürəkkəb olacaq. Təsəvvür etmək çətindir ki, hökumət milyonlarla adamı yenidən öz mənzillərinə qapatmağı qərara alır. Yaxşıdır ki, heç olmasa əyalətlərlə paytaxt arasında gediş-gəliş kəsilib. İqtisadiyyatın iflic olması pandemiyadan daha qorxulu və təhlükəli sosial problemlər meydana çıxara  bilər. Bu situasiyadan yeganə çıxış yolu yeni təşviqat konsepsiyasının hazırlanmasıdır. İnsanlar təhlükənin miqyasını dərk etməlidir! İstənilən yolla! İnsanlar pandemiyanın təhlükəli olduğuna inanmaq məcburiyyətindədir. Nə qədər tez olsa, o qədər yaxşı olar. Hökumət təşviqata bütün resursları cəlb eləməlidir. İnsanlar başa düşməlidir ki, mənzillərinin kəndarından çölə ayaq basanda onları hansı təhlükə gözləyir. Əks halda sabah gec ola bilər...Əks halda bizim epidemiyaya münasibətimizi gələcək nəsillər Moskvadakı “Leninqrad” mehmanxanasının administratoru, amerikalıları SSRİ-də seksin olmadığına inandırmağa cəhd edən Lyudmila Nikolayevnanın acı etirafı ilə müqayisə edəcəklər!...

Tarix: 28 May 2020, 18:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin