BURADA REKLAMINIZ OLA
BİLƏR

Ofisiantı öldürən administrator apellyasiya şikayətindən niyə imtina edib?

Lənkəranda “Mandarin” restoranında çalışan ofisiant Tofis Nəsirovu öldürməkdə təqsirləndirilən həmin obyektin administratoru Seymur Bayramlının apellyasiya şikayətindən imtina etməsinin səbəbi məlum olub.


Pravda.az-ın əldə etdiyi məlumata görə, Şirvan Apellyasiya Məhkəməsinin hakimi Habil Bəhmənovun sədrliyi ilə videokonfransla keçirilən məhkəmə iclasında məhkum edilmiş şəxsin məhkəməyə apellyasiya şikayətindən imtina barədə ərizə göndərdiyini, həmçinin apellyasiya şikayətinin onun tərəfindən verilmədiyini və imzalanmadığını bildirdiyi elan edilib.


O, apellyasiya şikayətindən imtina etdiyini qeyd edib.


Məhkəmə kollegiyası apellyasiya müraciətindən imtina haqqında Seymur Bayramlının xahişini, cinayət prosesinin digər iştirakçılarının şikayətlərinin olmadığını nəzərə alıb, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq, apellyasiya şikayətinin baxılmasına xitam verilməsini mümkün hesab edib.


Qərara əsasən, apellyasiya şikayətindən imtina edilməsinə görə apellyasiya şikayətinin baxılmasına xitam verilib.


Şirvan Apellyasiya Məhkəməsində Lənkəranda “Mandarin” restoranında çalışan ofisiant Tofis Nəsirovu öldürməkdə təqsirləndirilən həmin obyektin administratoru Seymur Bayramlının barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Xatırlatma: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 1992-ci il təvəllüdlü Seymur Bayramlı 10 il müddətinə azadlıqdan məhrum edilib.


Qeyd: 2022-ci il noyabrın 17-si saat 23 radələrində Lənkəran şəhəri, Füzuli küçəsində Cəlilabad rayon sakini, 2003-cü il təvəllüdlü Tosif Nəsirovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.


Aparılan araşdırmalarla zərərçəkmişin iş yoldaşı, 1992-ci il təvəllüdlü Seymur Bayramlının şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla ürək nahiyəsinə xəsarət yetirərək Tosif Nəsirovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.


Seymur Bayramlı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 30 May 2024, 10:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin