BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “YAP-ın seçkidə qalib gələcəyi heç kimdə şübhə doğurmur"

“Bələdiyyə seçkiləri ölkə üçün çox mühüm seçkidir. Yeni Azərbaycan Partiyası uzun illərdir bütün seçkilərin favoriti olub, indi də belədir. Bu, heç kəsə sirr deyil. 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasını yaradan vaxtdan bu partiya ümumxalq partiyasına çevrilib. O vaxtdan indiyə qədər keçirilən bütün seçkilərdə YAP qalib gəlib. İndiki bələdiyyə seçkilərində də favorit məhz Yeni Azərbaycan Partiyasıdır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Elman Nəsirov “Yeni Müsavat” qəzetinə açıqlamasında deyib.

 

Deputat bildirib ki, YAP-ın seçkidə qalib gələcəyi heç kimdə şübhə doğurmur: “Hətta siyasi opponentlərimiz də buna birmənalı şəkildə inanırlar. O ki qaldı təbliğat-təşviqat kampaniyasında İctimai Televiziyada ödənişsiz efir imkanından partiyamızın istifadə etməməsinə, beş il öncə keçirilən bələdiyyə seçkilərində digər partiyalar ödənişsiz efir hüququ əldə edə bilməmişdi. Ödənişsiz efirdən istifadə hüququnu yalnız hakim partiya əldə edə bilmişdi. Ona görə də YAP çox maraqlı bir jest elədi, təkbaşına efirə çıxmaq və təbliğat-təşviqat aparmaqdan imtina elədi. Bununla böyüklük, o biri partiyalara bir hörmət nümayiş etdirdi. Bununla həm də YAP demək istədi ki, efir vasitəsilə seçki təbliğatı-təşviqatı aparmadan da seçicilərin böyük əksəriyyəti məhz ona səs verir. Bu baxımdan da xüsusi bir böyük təbliğata ehtiyac duymur. İndiki seçkilərdə də hakim partiya seçkidə ən çox namizədi olan və ödənişsiz efirdən istifadə hüququ qazanmış partiyadır. Lakin hələ ki YAP efirdən istifadə etmir. Yenə də beş il əvvəlki kimi sonadək ödənişsiz efir hüququndan istifadə edib-etməyəcəyi barədə isə partiyanın rəhbərliyi yəqin ki, qərar qəbul edəcək. Bu gün üçün mənim konkret fikir bildirməyim dəqiq olmazdı. Ümumən onu deyə bilərəm ki, presedent var və istisna deyil ki, 5 il öncəki presedent təkrar olsun. Yəni hakim partiyanın bu dəfə də ödənişsiz efirdən imtina etməsi istisna deyil. Yekun qərarı partiyanın rəhbərliyi qəbul edəcək. Yeni Azərbaycan Partiyası ödənişsiz efirdən istifadə etsə də, etməsə də seçkidə qalib gələcək”.

Tarix: 5 Dekabr 2019, 09:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin