BURADA REKLAMINIZ OLA
BİLƏR

Ayının gözləri görmürdü - AÇIQLAMA

Mayın 31-də Şəki şəhərinin mərkəzində küçənin ortasında ayı görünüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə ayıya keyidici iynə vurulub və o,  Altıağac Milli Parkının nəzdindəki Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə göndərilib.

 

Bu hadisədən sonra ictimaiyyətdə müxtəlif müzakirələr açılıb. İnsanlar “Ayı şəhərin mərkəzinə haradan gəlib?” sualı ətrafında sosial şəbəkələrdə müzakirələr açıblar. Yayılan videolarda onun davranışlarının vəhşi ayıya xas olmadığı əsas gətirilərək bildirilir ki, o, əhilləşdirilmiş heyvana bənzəyir...

 

Bəs bu barədə rəsmilər nə deyirlər?

 

Məsələ ilə bağlı məlumat almaq üçün Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərovla əlaqə saxladıq. E. Əsgərov “Yeni Müsavat”a bildirdi ki, hələlik ayının vəhşi təbiətdən gəlib-gəlmədiyi və digər bu kimi məsələlərlə bağlı dəqiq fikir ifadə edə bilməz. E. Əsgərov söylədi ki, qeyd edilən ayı özünü xəstə kimi aparırdı:

“Deyə bilmərik ki, onun davranışı xəstəliyin əlamətidir, yoxsa əldə böyüyüb, bununla bağlıdır. Ayıya baytarlar baxacaq və bundan sonra yekun fikir söyləyə biləcəyik ki, əslində ayının bu cür davranışlarının səbəbi nə olub. Davranışından xəstəhal idi. Bu, xəstəliyin də səbəbi ola bilər. Ayının gözləri görmürdü. Ayının yaşlı olması da mümkündür. Buna baytarlar qiymət verəcəklər. Hələ baytarlar baxıb, fikirlərini deməlidirlər. Xəstə heyvanı təkrar təbiətə buraxmaq olmaz. Yenə insan məskənlərinə gələcək, ya kiməsə xəsarət yetirəcək, ya kimsə onun yaxınlaşdığını görüb öldürəcək. Ona görə öncə Altıağaca aparılması düzgün addımdır”.

 

Xəbərlərdə qeyd edilib ki, ayını zərərsizləşdirmək üçün dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təcrübəli mütəxəssisləri helikopter vasitəsilə Bakı səhərindən Şəkiyə ezam olunub. Nə üçün vəhşi təbiətlə iç-içə yaşayan bölgələrdə bu cür mütəxəssislər yoxdur? Məsələ ilə bağlı danışan Elxan Əsgərov onu da bildirib ki, bu sahənin mütəxəssisləri çox deyil. O qeyd edib ki, Azərbaycanda yalnız Bakı zooparkında heyvanı bu cür zərərsizləşdirə bilən mütəxəssislər mövcuddur:

 

“Burada diqqət edilməli olan bir sıra məsələlər var. Məsələn, keyidici maddənin dozası artıq olsa, heyvan ayılmaya bilər. Az vurulsa, daha da aqressiv olub, adamları öldürə bilər. İynəni heyvanın hansı hissəsindən vurmağı bilmək lazımdır. İynə düzgün vurulmasa, heyvan ölə bilər. Ona görə də belə təcrübə bizdə yalnız Bakı zooparkının işçilərində var. Ölkəmizdə isə bircə zoopark var”.

 

İctimai Ekoloji Şuranın sədri Mələk Şükürova Oxu.az saytına bildirib ki, Şəkidəki qonur ayı avtomobillərə və şəxsi əmlaklara ziyan vurduğu üçün vətəndaşların bir qismi ayının öldürülməsini təklif ediblər:

 

“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları bununla razılaşmayıblar. Biz İctimai Şura olaraq nazirliyə, xüsusilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə öz minnətdarlığımızı bildiririk ki, məlumat daxil olan kimi sözügedən xidmətin mütəxəssisləri Bakıdan Şəkiyə ezam olunublar.

 

Mütəxəssislər və həkimlər beynəlxalq təcrübələri, eyni zamanda ayının səhhətini də nəzərə alaraq, lazımi qaydalara əməl etməklə ayıya iynə vuraraq yatırdıb, heyvanı Altıağac Milli Parkının nəzdindəki Vəhşi Təbiətin Reabilitasiya Mərkəzinə aparıb. Buna baxmayaraq, ictimai fəal adlandırdığımız bəzi vətəndaşlar qonur ayının hansısa işgəncələrə məruz qaldığını deyirlər. Qeyd etmək istərdik ki, bu sözlər həqiqətə uyğun deyil və proses peşəkarcasına aparılıb. İctimai Şuranın sədri olaraq ictimaiyyəti bu məsələyə peşəkarcasına diqqət yetirməyə və qərəzsiz bir mövqedən baxmağa çağırıram.

 

Bildirmək istəyirəm ki, ayı aparıldığı mərkəzdə reabilitasiya keçdikdən sonra səhhətində hər hansı bir problem olmazsa, dərhal vəhşi təbiətə buraxılacaq.

 

İctimai Şura bu məsələni diqqət mərkəzində saxlayır və yaxından izləyir. Şuranın üzvləri qonur ayının Altıağac Milli Parkının nəzdindəki Vəhşi Təbiətin Reabilitasiya Mərkəzinə aparılmasında iştirak edəcəklər. Bu işdə fəallıq, təmkinlilik və dözümlülük göstərən bütün qurumlara və Şəki şəhər sakinlərinə minnətdarlığımızı bildiririk", - deyə sədr qeyd edib.

 

Tarix: 2 İyun 2020, 08:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin