BURADA REKLAMINIZ OLA
BİLƏR

COP29-da iştirak edəcək əcnəbilər üçün xüsusi viza müraciət sistemi işə salındı

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu sessiyasında (COP29) iştirak edəcək əcnəbilər üçün xüsusi viza müraciət sistemi işə salınıb.

 

Müvafiq məlumat COP29-un rəsmi internet portalında dərc edilib.


Qeyd edilib ki, əcnəbi iştirakçılar Azərbaycana birdəfəlik giriş vizası əldə etmək üçün sözü gedən sistemin xidmətlərindən istifadə edə bilər. Onlar Azərbaycanı tərk etmək və COP29-un davam etdiyi günlərdə yenidən geri qayıtmaq istəyərsə, bu halda bir daha UNFCCC-nin təqdim etdiyi qeydiyyat nömrəsindən istifadə edərək, viza müraciəti prosesini təkrarlamalıdır.

 

İştirakçıların qeydiyyatı UNFCCC-nin onlayn qeydiyyat sistemi vasitəsilə təsdiqləndikdən sonra onlara e-poçtla UNFCCC qeydiyyatını təsdiqləyən viza üçün müraciət linki göndəriləcək. Saytdakı məlumatda diqqətə çatdırılıb ki, bu məqsədlə Azərbaycana gələcək əcnəbilərin pasportları aktiv olmalı, etibarlılıq müddəti ölkəmizin ərazisinə daxil olduqları tarixdən azı 6 ay sonrakı dövrü əhatə etməlidir.

 

İştirakçılara göndəriləcək xüsusi elektron viza formasında sözügedən sənədin verilmə müddəti qeyd olunacaq. Orada əks edilən məlumatlarda viza sənədinin 30 noyabr 2024-cü ilədək qüvvədə olması göstəriləcək.

 

“COP29 xüsusi vizasında vizanın verilmə tarixi qeyd ediləcək və bu viza 30 noyabr 2024-cü il tarixinədək etibarlı olacaq.

 

Viza sahibləri Azərbaycan Respublikasına bu tarixdən əvvəl daxil olmalıdırlar”, - məlumatda bildirilib.

 

Vizanın əldə olunması üçün hər bir iştirakçı link vasitəsilə daxil olaraq müvafiq formanı doldurmalı və tələb olunan sənədlərin elektron versiyalarını təsdiq məqsədilə portala yükləməlidirlər:

 

“Müraciət təsdiq edildikdən sonra COP29 xüsusi vizanızı vebsaytdan yükləməyiniz üçün sizə vizanızı təsdiq edən e-poçtla link göndəriləcək. İştirakçılara UNFCCC-də qeydiyyat təsdiqləndikdən dərhal sonra COP29 xüsusi vizası üçün müraciət etmələri tövsiyə olunur. Vizanın statusunu izləmək üçün UNFCCC qeydiyyatını təsdiq edən e-poçtdakı viza portalı linkindən istifadə edilməlidir”.

 

Həmçinin iştirakçılar vizaların verilməsi ilə bağlı suallar üçün [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.

Tarix: 12 İyul 2024, 11:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin