BURADA REKLAMINIZ OLA
BİLƏR

“Trendyol” satıcıları tərəfindən aldadılan müştərilər HARA MÜRACİƏT ETSİNLƏR? - AÇIQLAMA

Son zamanlar “Trendyol”dan onlayn alış-veriş edənlər sifariş vedrikləri məhsulla bağlı narazılıq yaşayırlar. Belə ki, müştəri bəyəndiyi məhsulu  sifarişi verir, lakin nəticədə, ona sifariş verdiyindən fərqli, yararsız, yaxud da saxta məhsul göndərilir. Təbii ki, müştərinin belə halda ağlına gələn ən birinci ünvan karqo şirkətidir, amma onlar problemdən boyun qaçırırlar. “Trendyol”a ünvanlanan şikayət məktubları da çox vaxt cavabsız qalır. Beləcə məsələ uzanacaq deyə müştəri də əlacsız geri çəkilir. Bu səbəbdən “Trendyol”da vəziyyətdən sui-istifadə halları çoxalır, belə saxtakarlıqlar getdikcə daha çox təkrarlanır. Bəs görəsən, Türkiyədən məhsul sifariş verib, narazı qalan azərbaycanlı müştərilər hara müraciət etməlidirlər?

 

Hüquqşünas Əkrəm Həsənov Pravda.az-a açıqlamasında deyib ki, məhsulu kim satırsa, keyfiyyətinə məsuliyyəti də o daşıyır. 

 

“Fərqi yoxdur ki, mal Azərbaycanda, yoxsa xaricdə satılır. Müştəri adi qaydada məhkəməyə verə və ona vurulan zərərin əvəzini tələb edə bilər. Azərbaycandakı satıcı keyfiyyətsiz mal satsaydı, müştəriyə deyərdik ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etsin, çünki bu, daha tez başa gələndir. Həm də vətəndaş üçün məhkəməyə müraciət etmək artıq vaxt və xərcdir. “Trendyol” satıcısı Türkiyədəndir. Vətəndaşımız formal olaraq Türkiyənin müvafiq dövlət orqanına, məhkəməsinə şikayət edə bilər. Amma başa düşürük axı, buna nə qədər vəsait, səy lazımdır, hətta alınan malın qiymətindən qat-qat baha. Buna görə də vətəndaş faktiki heç nə edə bilməyəcək. Sadəcə, sosial şəbəkələrdə, mətbuatda məlumatları yaymaq olar, vəssalam. Belə halda heç kim oradan mal almayacaq. Bir sahibkar, satıcı üçün bundan böyük cəza yoxdur. Məhsul xaricdən alındığı üçün faktiki başqa cür mübarizə aparmaq olmur...”, - hüquqşünas bildirib. 

 

Qeyd: Türkiyənin onlayn alış-veriş platforması olan “Trendyol”un Azərbaycandakı nümayəndəliyi “Trendyol Azərbaycan”dır. Nizamnamə kapitalı 200 000 AZN olan şirkətin qanuni təmsilçisi Beti Yuhay Almozlinodur. 

 

Aytəkin Qardaşova 

Tarix: 9 Sentyabr 2024, 13:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin