BURADA REKLAMINIZ OLA
BİLƏR

15 sentyabr tarixi Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı tarixinə yazılan şanlı səhifələrdəndir - RƏY

Sentyabrın 15-i Bakının işğaldan azad olunduğu gündür. 106 il bundan öncə - 1918-ci il sentyabrın 15-də Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Nəticədə, həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub. Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. 

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən politoloq Rəşad Bayramov xatırladıb ki, 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra iyunun 16-da hökumət Gəncəyə köçür və həmin dövrdən etibarən ölkədə faktiki olaraq ikihakimiyyətlilik hökm sürür. 

 

Qərb Azərbaycanı təxribata çəkmək məqsədi güdür - Rəşad ...

 

“Ölkənin Şərq hissəsi, yəni Bakı quberniyası Stepan Şaumyan başda olmaqla Xalq Komissarları Sovetinin, qərb hissəsi - Yelizavetpol quberniyası isə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin hakimiyyəti altında idi. Belə mürəkkəb şəraitdə Bakını daşnak-bolşevik qüvvələrindən azad etmək Cümhuriyyət hökuməti qarşısında duran ən vacib məsələ idi. Bunun üçün isə yeganə yol kimi Osmanlıya müraciət etmək qalırdı. Qeyd edim ki, Azərbaycanla Osmanlı arasında 1918-ci il iyunun 4-də Batumda müqavilə imzalanmışdı və həmin müqaviləyə görə də Osmanlı dövləti Azərbaycana yardım etməyi öz üzərinə götürmüşdü. Həmin müqavilə imzalanarkən hələ Batumda ikən Məhəmməd Əmin Rəsulzadə və xarici işlər naziri Məmmədhəsən Hacınski ölkədə asayişi qorumaq məqsədilə bu müqavilə əsasında hərbi yardım göstərilməsi barədə Osmanlıya müraciət etmişdilər. Təbii olaraq Osmanlının da bu müraciətə biganə qalması mümkün deyildi. O zaman daşnak-bolşevik ünsürlərdən təşkil edilmiş Bakı Soveti türk-müsəlman əhaliyə zülm edirdi. 1918-ci ilin martında azərbaycanlılara qarşı törədilən soyqırımının qarşısını nə Transqafqaz Komissarlığı, nə də Transqafqaz Seymi ala bilmişdi. Daşnak-bolşevik hücumlarının son dərəcə kəskinləşdiyi bir şəraitdə Osmanlının hərbi naziri Ənvər paşa qardaşı Nuru Paşanın komandanlığı ilə Azərbaycana hərbi qüvvələr göndərmək haqqında qərar verdi. Beləliklə, Azərbaycanın milli hərbi qüvvələri də daxil olmaqla, Qafqaz İslam Ordusu yaradıldı”. 

 

Politoloq bildirib ki, həmin dövrdə Bakı Sovetinin bolşevik-daşnak ordusu da Milli Azərbaycan hökumətinin fəaliyyətinə birdəfəlik son qoymaq üçün 1918-ci il iyunun 10-da Gəncə istiqamətində hücuma başlamışdı: “Hərbi əməliyyatların aparıldığı ərazilərdə müsəlman əhali talanlara və soyqırımına məruz qoyulurdu. İyunun 23-də Azərbaycan hökuməti ölkədə hərbi vəziyyət elan etdi. 27 iyun-1 iyul tarixində Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam ordusu Göyçay ətrafındakı döyüşlərdə müharibənin taleyini həll etdi. Bakı Sovetinin qoşunlarının Gəncəyə yürüşünün qarşısı alındı və Qafqaz İslam ordusu Bakı istiqamətində əks hücuma başladı. Daşnak-bolşevik qoşunu darmadağın edilərək geri çəkilmək məcburiyyətində qaldı. Bir-birinin ardınca Göyçay, Kürdəmir, Ağsu, Şamaxı daşnak-bolşevik işğalından azad edildi. Növbə Bakıya çatdı. Bakı şəhərinin azad edilməsi üçün ilk ciddi cəhd 1918-ci il avqustun 5-də göstərilmişdi. Həmin gün Qafqaz İslam Ordusu Şərq cəbhəsi komandanı Mürsəl Paşanın rəhbərliyi ilə Qurd qapısı istiqamətindən Bakıya doğru irəlilədi. Bakının azad edilməsini uğurla başa çatdırmaq üçün 5 avqust döyüşünün nəticələri Qafqaz İslam Ordusu komandanı Nuru Paşa, Əlahiddə Azərbaycan Korpusunun komandanı Əliağa Şıxlinski və onların rəhbərlik etdikləri qərargahlar tərəfindən ciddi təhlil olundu, qüvvələrin düzgün istiqamətləndirilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi planlaşdırıldı. Onların arasında hərbi qüvvələrin gücləndirilməsi, Bakıətrafı kəndlərin əhalisinin döyüşə səfərbər edilməsi, qoşun hissələrində və könüllü dəstələrdə ruh və qələbə əzminin yüksəldilməsi kimi tədbirlər var idi. Həmin tədbirlərin həyata keçirilməsi istiqamətində aparılan işlər öz bəhrəsini verdi. Qafqaz İslam Ordusu sentyabrın 14-nə keçən gecə Bakı üzərinə başlanan növbəti hücumla qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirdi. Sentyabrın 15-də isə döyüşlər o qədər də uzun sürmədi. Həmin gün Sentrokaspi Diktaturası məğlub oldu. Bakının azad olunması üçün türk-Azərbaycan qüvvələrinin apardıqları iki günlük əməliyyat parlaq qələbə ilə başa çatdırıldı. Beləliklə də, cəmi üç il əvvəl Çanaqqala döyüşlərində zəfər çalmış türk qardaşlığı yenə də döyüşdən qalib çıxdı. Bakının azad edilməsi istiqlalın elan olunmasından sonra Azərbaycanın taleyində ikinci böyük tarixi hadisə idi. Sentyabrın 16-da Osmanlı-Azərbaycan hərbi hissələrinin Bakı ətrafında paradı keçirildi. 1918-ci il sentyabrın 17-də isə hökumət Gəncədən Bakıya köçdü və Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı kimi fəaliyyət göstərdi. Osmanlı ordusu təkcə Bakının azad olunması üçün həyata keçirilən hərbi əməliyyatlar zamanı 1130, ümumilikdə isə, 5 minə yaxın şəhid verib. Təsadüfi deyil ki, türk ordusunun Azərbaycanda hərbi əməliyyatlar keçirdiyi bölgələrdə onlarla şəhidlik mövcuddur. Tam məsuliyyəti ilə demək olar ki, 1918-ci ilin 15 sentyabr tarixi Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı tarixinə yazılan şanlı səhifələrdəndir”. 


Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev isə bildirib ki, dünya tarixində böyük dövlətlərin mövcud olduğu bir coğrafiyada, Rusiya, Almaniya, Osmanlı, Fransa, Britaniya, Amerika və digər ölkələrin talayıb sərvətlərini daşındığı torpaqlarda Azərbaycan adını bərpa edib Qərbdə və Şərqdə öz demokratik sistemi ilə dünya respublika dövlət quruluşları içərisində ilk sıralarda olan Xalq Cümhuriyyəti yaradılıb: 

 

Zaur Əliyevin “Erməni kilsəsi və terror: Erməni tarixindən Ermənistan  dövlətinə qədər” kitabı nəşr edilib – Yeni Çağ Media


“O dövrə nəzər salın, böyük imperiyalar, dövlətlər Azərbaycanın neftindən tutmuş bütün digər sərvətlərini daşıyıb aparırdılar. Bu torpaqlara sahib olmaq üçün Rusiya, indiki İran-Osmanlı kimi qonşu dövlətlərlə yanaşı Almaniya, Britaniya və hətta deyərdim, Avropanın digər dövlətləri də mübarizə aparırdılar. Elə bilirsiniz ki, təkcə onlara sərvət lazım idi? Xeyr! Bütün coğrafiyada mövcud olan dövlətlər və bir ucu Avropadan, digər ucu Şərqə, Çin səddinə qədər olan ərazilərdə hər kəs Səfəvilərin və Əfşarların, Böyük Xəzər Xaqanlığının dirilişindən qorxurdular. Bəli, 28 May 1918-ci il. Tikə-tikə parçalanmaqda olan böyük dövlətlərin Azərbaycan adlı torpağını bir yerə toplayıb, xalqı və sərhədləri bir etmək missiyası Cümhuriyyət quran kişilərin üzərində idi. Rəsulzadə, Yusifbəyli, Xoyski, Şeyxzamanlı, Topçubaşov və digərləri məhz seçilmişlər idilər. 1918-ci il sentyabrın 15-də Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir. Osmanlı qoşunları Bakının azad olunması üçün həyata keçirdikləri hərbi əməliyyatlarda 1130 şəhid veriblər. Fikir verin, Azərbaycan Cümhuriyyətinin Baş naziri Fətəli xan Xoylunun 1918-ci il, 19 sentyabrında yazdığı məktuba: “Qafqaz İslam Ordusunun Komandanı Səadətli Nuru Paşa cənablarına! Komandanlığınız altındakı cəsur türk əsgərimiz tərəfindən Azərbaycanın paytaxtı olan Bakının düşməndən təmizlənməsi münasibətilə millətim şəxsinizə və dünyanın ən cəsur və soylu əsgəri olan türk oğullarına minnətdar olduğunu ərz etməklə iftixar duyuram”. 15 sentyabr Bakı işğaldan azad olandan sonra Şərq Ordusu Qrupu komandanı Xəlil Paşa Bakıda yaşayan əhalinin qarşılaşdığı erməni və rus vəhşiliyini bu cümlələrlə bildirmişdi: “Bakı ingilislərin nəzarəti altında olarkən ermənilər və bolşeviklər yerli xalqa qarşı geniş bir qətliam hərəkatına başlamışdılar. Ermənilər şəhərin hər məhəlləsində türklərin cəsədlərindən bir qala qurmuş və bütün vəhşiliklərini ortaya qoymuşdular. Kiçik uşaqlar qala bürcləri olmuş, qadınlar ayıb yerlərindən süngülənmiş və bıçaqlanmışdılar”. Osmanlı hərbiyyə naziri Ənvər Paşanın əmri ilə 1918-ci ilin iyun ayında Qafqaz İslam Ordusu Nuru Killigil və Xəlil Paşanın komandanlığı altında Azərbaycana göndərilir. O zaman yarbay rütbəsində orduda xidmət edən Nuru Killigil Qafqaz İslam Ordusuna Paşa (general) rütbəsi ilə komandan təyin olunur. Şübhəsiz ki, Bakının azad edilməsi dövrün gərgin hərbi, siyasi müzakirələrinin və münaqişələrinin nəticəsi idi. Bir neçə cəbhədə mübarizə aparan Osmanlı dövləti beynəlxalq münasibətlərdə öz gücünü təsdiq etmək üçün müxtəlif həmlələrə yol atırdı. Azərbaycandan davamlı şəkildə göndərilən nümayəndələr də Osmanlının tezliklə Cənubi Qafqazla bağlı zəruri addım atacağını şərtləndirirdi. Hələ 1915-ci ilin fevralında Fətəli xan Xoylunun qardaşı oğlu Arslan xan Xoylu sərhədi gizlicə keçərək Ərzurumda Ənvər Paşa ilə görüşmüş və müstəqil Azərbaycan dövləti qurmaq naminə bir hərəkət planı təqdim etmişdi. 1918-ci ilin yanvarında isə Nağı bəy Şeyxzamanlı Azərbaycandakı vəziyyəti Ənvər Paşaya anlatmaq üçün İstanbulda doğru yola düşmüşdü. 1918-ci ilin fevral ayında İstanbulda Hərbi Nazirlikdə təşkil olunmuş komissiyada Qafqaz İslam Ordusunun qərargahı üçün 20 nəfərlik bir tərkib seçilir. 14 martda Nuru Paşa Azərbaycana gəlmək üçün səhər tezdən İstanbuldan Mosula yola düşür. 25 martda Qafqaz İslam Ordusu komandanı, Sultan Məhmət Rəşad adına Qafqazda hərbi və siyasi fəaliyyət göstərə biləcəyi fərmanı verilən Nuru Paşa Mosula çatır. 5 apreldə Osmanlı dövlətinin hərbi naziri Ənvər Paşa Qafqaz İslam Ordusunun təşkili və vəzifəsinə dair təlimatnaməni təsdiq edir. 8 apreldə Nuru Paşa Mosuldan Azərbaycana doğru yola çıxır. Bir müddət Gəncədə Azərbaycan ordusunun təşkilatlanması ilə məşğul olan Nuru Paşa Göyçay ətrafında bolşevik-daşnak qüvvələrini məğlubiyyətə uğradır. Qələbəsini əks-hücumla davam etdirən Qafqaz İslam Ordusunun irəliləyişinin qarşısını almaq üçün ingilislər Bakıya qüvvə göndərir. Azərbaycan daxilindən, yerli əhalidən böyük dəstək alan Qafqaz İslam Ordusu ingilis qüvvələrini də Bakı ətrafında məğlub edir. Bakının azad olunmasında türk qardaşlarımızla yanaşı Bakının igid oğulları - qoçuları da mübarizə aparıb, döyüşüblər... Baxmayaraq ki, sovet dönəmində bu mövzu heç vaxt təbliğ olunmayıb və Bakı qoçularının bu müharibədə rolu haqda heç yerdə danışılmayıb. İndi isə öz qəhrəmanlarımızı mütləq tanımalıyıq və hörmətlə anmalıyıq. Aradan 106 il keçməsinə baxmayaraq onları təbliğ etmək gec deyil. Bu kişilərin çoxu bizim erməni zülmündən xilas olmağımız üçün canlarından keçiblər. 15 sentyabr günü Bakı qoçuları söz qoyublar ki, emənilərə normal ölüm haramdı, çünki insan deyillər. Qadınlarımızın namusuna toxunan iki erməninin taleyi isə diri-diri divara hörülmək olub. Qoçular bir nəfər düşməni belə küçədən keçməyə qoymurdular. Hamıya tapşırılmışdı ki, son gülləyədək vuruşsunlar. Güllə qurtaranda isə əks hücuma keçib xəncərlərini işə salsınlar. Həmin gün Bakının və bakılıların taleyi həll olunurdu. Və tarixin bu acı dönəmində bütün yükün ağırlığı el arasında heç də həmişə müsbət qarşılanmayan qoçuların çiyninə düşmüşdü.... Azərbaycanın müstəqilliyində mühüm rol oynamış Osmanlı zabitlərindən olan Xəlil Paşa Bakının bolşevik-daşnak qüvvələrindən azad edilməsində əvəzsiz rol oynayıb. Həmçinin Birinci Dünya müharibəsində İraqdakı Kutul-Amare bölgəsində başda general Tounşend olmaqla 13 min ingilis əsgərini əsir götürməsi ilə tarixə adını yazıb. General Səməd bəy Mehmandarovla birlikdə indiki "Sahil" bağının yerində Bakını azad edilməsi ilə bağlı ilk hərbi paradı təşkil edir. 15 sentyabr 1918-ci ildə Bakı işğaldan azad olunan günü qoçular tərəfindən azərbaycanlılara qarşı vuruşan qarşı tərəfdən 17 erməni yüksək rütbəli zabit, 9 rus, 10 gürcü zabiti, 1151 erməni əsgər, 383 rus, 4 ingilis və 113 nəfər müxtəlif millətdən olan əsgər əsir götürüldü. Əsir alınannalar arasında düşmən tərəfində vuruşan iranlı əsgər və zabitlər də vardı. Bakı şəhəri azad edildikdən sonra Qafqaz İslam Ordusunun hissələri Qarabağa göndərilib. Həmin vaxt Nuru paşa Ənvər paşaya teleqramla bildirirdi ki, Qarabağ məsələsini üç həftə ərzində başa vurmağa çalışacağıq. Mudros müqaviləsinə uyğun olaraq Osmanlı əsgərlərinin Azərbaycanı tərk etməsinə baxmayaraq, Nuru paşa 1920-ci ilədək Azərbaycanda qalır və Qızıl Orduya qarşı Qarabağ üsyanını təşkil edir. Azərbaycan Demokratik Respublikası süquta uğrayandan sonra Almaniyaya köçən Nuru Killigil 1938-ci ildə yenidən Türkiyəyə dönür...” 

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” mövzusu üzrə dərc olunub. 

 

Aytəkin Qardaşova

Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış etdi Pravda.az

Tarix: 14 Sentyabr 2024, 15:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin