BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərbaycanda dövlət idarələri Göyçaya köçürülsün” – Tarixçidən TƏKLİF

Son zamanlar paytaxtın Şamaxıya köçürülməsi məsələsi yenidən gündəmə gətirilib. Belə ki, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev paytaxtın Şamaxıya, Milli Məclisin isə Gəncəyə köçürülməsini təklif edib. Həsənquliyev moderator.az saytına deyib ki, Bakının küçələri dar və həddindən artıq yükləndiyindən paytaxtın gələcəkdə köçürülməsi qaçılmazdır: “Şamaxı prezidentin də qeyd etdiyi kimi, Şirvanşahların paytaxtı olub. Seysmik zona olduğu üçün orada beşmərtəbəli 9 bal gücündə zəlzələyə davamlı evlər və inzibati binalar tikmək, Prezident Administrasiyasını, Nazirlər Kabinetini, Konstitusiya Məhkəməsini, Ali Məhkəməni ora köçürmək daha məqsədəuyğun olardı. Milli Məclisi isə Gəncəyə köçürmək daha məqsədəuyğun olardı. Bu həm Bakını ekoloji fəlakətdən qurtarar, həm də regionların iqtisadi inkişafına böyük töhfə verərdi” - deputat bildirib.

 

Son illər Bakıda yaşanan tıxaclar bu mövzunun tez-tez gündəmə gəlməsinə səbəb olub. Dünyada da bu cür təcrübələr çoxdur ki, ölkələrin əhalisi artdıqca, iqtisadiyyatı inkişaf etdikcə paytaxtı dəyişirlər. Məsələn, Gürcüstan, Türkiyə, ABŞ misalını göstərmək olar ki, bu ölkələrdə ən böyük şəhərlər deyil, alternativ şəhərlər paytaxta çevrilib. Dünya təcrübəsində eyni zamanda dəniz sahilində olan şəhərləri də paytaxt etmirlər. Bu, həm həmin şəhərlərə turist axınının  çox olması, həm də təhlükəsizlik baxımından qəbul edilən qərardır. Dünyada paytaxtın köçürülməsi dedikdə ilk növbədə dövlət qurumlarının binaları, universitetlərin köçürülməsi nəzərdə tutulur. Rəsmi səfərlərin çox olduğu ölkələrdə sıxlığın qarşısını almaq üçün bu cür inzibati binalar şəhərin mərkəzindən kənara daşınır.

 

Tarixçilər də hesab edirlər ki, Şamaxı və Gəncənin Azərbaycan tarixi üçün əhəmiyyəti böyükdür. Bu baxımdan tarixçilərin fikrincə xüsusilə Gəncəni paytaxta çevirmək uğurlu addım olar.

 

“Yeni Müsavat”a danışan tarixçi-alim Dilavər Əzimli mövzu ilə bağlı aşağıdakıları söylədi: “Bu gün həqiqətən də Bakı şəhərində sıxlıq yaşanır və bunun qarşısını almaq üçün çalışmaq lazımdır. Dünya təcrübəsində Nyu-York-Vaşinqton, Ankara-İstanbul və digər bu kimi nümunələr var. Belə ki, iri şəhər mərkəz kimi qalıb, ancaq dövlət idarələrinin binaları müəyyən ərazilərə paylanır. Zaman-zaman bu, gündəmə gətirilib. Azərbaycan üçün ən məqbul variantlardan biri də Göyçaydır. Eyni zamanda Şəki, Qəbələ arasında gözəl şəhər salmaq da olar ki, bu da zaman-zaman gündəmə gəlib. Hesab edirəm ki, məsələ həllini tapmalıdır. Söhbət təkcə parlamentin Gəncəyə getməsindən getmir. Respublikanın müəyyən bir ərazilərində dövlət idarələrini yerləşdirməklə Bakıdakı sıxlığı aradan qaldırmaq olar. Azərbaycanın hər bölgəsi bu məsələdə iddialı ola bilər. Lakin elə yer seçiməlidir ki, bu, bütün məsələləri təmin edə bilsin. Əhalinin, xarici qonaqların gediş-gəliş məsələsi də nəzərə alınmalıdır. Konkret olaraq Gəncə və Şamaxıdan söhbət gedirsə, bu iki şəhərin tariximizdə də xüsusi yeri var.  Bu baxımdan qeyd edilən şəhərlərin mərkəz olmaq təcrübəsi mövcuddur. Gəncə təkcə Azərbaycana deyil, dünyaya da nəhəng simalar bəxş edən şəhərdir. O baxımdan Gəncənin adını dünyada indiyədək duyanlar çox olub. Gəncə hər zaman  Azərbaycana hücum edən düşmənlərə qarşı savaş meydanı olub”.

 

Tarixçi Azərbaycan Xalq Cümhuriyyəti dönəmində Gəncə və Şamaxının əhəmiyyətindən danışıb: “Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu dönəmdə Bakı düşmənlərin əlində idi. Erməni-rus hərbi birlikləri Bakını işğal etmişdilər. Bundan əlavə isə onlar zaman-zaman Bakının etnik tərkibini dəyişməyə nail olmuşdular. O zaman Gəncə Azərbaycanın təkcə paytaxtı deyil, həm də müqavimət hərəkatının əsas meydanına çevrildi. Bu baxımdan qeyd edə bilərik ki, Gəncə AXC dönəmində də müstəsna rola malik olub. Dünyaya tariximizi çatdırmaq baxımından da hesab edirəm ki, daha çox Gəncənin paytaxta çevrilməsi əhəmiyyətli olardı. Oranın infrastrukturu da buna imkan verir. Ona görə də düşünürəm ki, təkliflər yerindədir və xüsusilə də bu məsələlərdə Gəncənin üzərində dayanmaq olar”.

 

Qeyd edək ki, paytaxtın köçürülməsi üçün konstitusiyada dəyişiklik olmalıdır. Konstitusiyanı dəyişmək üçün isə referendum keçirilməlidir. 2030-cu ilə qədər olan dövrü əhatə edən  “Böyük Bakının Regional İnkişaf Planı”nda paytaxtın köçürülməsi nəzərdə tutulub. Bir zamanlar məlumat yayılmışdı ki, hökumət paytaxtın köçürülməsi üçün yeri Ələt ərazisindəki geniş dağətəyi sahəni təyin edib. Hacıqabul yolunun Nəvahi hissəsinə (Qazax istiqamətinə gedərkən, yolun sağ tərəfi) düşən Bakının peyk-şəhəri olacaq yeni paytaxtın adı barədə dəqiq qərar verilməyib. Mənbənin iddiasına görə, yeni paytaxt kimi bu ərazinin seçilməsi təsadüfi deyil. Çünki bu geniş ərazidə hələ SSRİ dövründə Atom Elektrik Stansiyasının (AES) tikintisi planlaşdırılıb. AES-in tikintisi üçün keçən əsrin 80-ci illərində bura seçilib və SSRİ-nin müvafiq idarələri, xüsusilə buradakı geoloji vəziyyəti (sürüşmə, süxurların möhkəmliyi, zəlzələ riski və sair) öyrəndikdən, geofiziki araşdırmalar apardıqdan sonra obyektin tikintisinə razılıq verib. Hətta Xəzərin səviyyəsi maksimum qalxarsa, bu ərazinin təhlükəsiz olacağı barədə proqnoz verilib. Amma SSRİ-nin süqutu bu prosesi dondurdu...

Tarix: 9 Dekabr 2019, 10:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin