BURADA REKLAMINIZ OLA
BİLƏR

Göz sulanmasının səbəbi nə ola bilər? - Göz yaşı kanalı tıxanıqlığına diqqət!

Göz yaşı kanalı tıxanıqlığı göz yaşı mayesinin gözdən burun boşluğuna axmasını təmin edən drenaj sistemində axın pozuntusunun yaranması ilə xarakterizə olunan vəziyyətdir.

 

Pravda.az bildirir ki, kanal tıxandıqda göz yaşının axıdılması mümkün olmur, nəticədə isə gözdə sulanma, qızartı və çapaq kimi narahatlıqlar meydana gəlir.

 

Xüsusilə körpəlik dövründə daha çox müşahidə edilən bu hal bəzi hallarda öz-özünə keçsə də, bəzən müalicəyə ehtiyac duyulur. Bu vəziyyət böyüklərdə də rast gəlinə bilər və adətən infeksiya, göz daxilində ağrı və şişlik kimi əlamətlərlə müşahidə olunur.

 

Göz yaşı kanalı tıxanıqlığı nədir?

 

Göz yaşı kanalı tıxanıqlığı göz yaşının normal şəkildə axmadığı və göz səthində yığılıb narahatlıq yaratdığı xəstəlikdir. Bu vəziyyət nazolakrimal kanalın tıxanması nəticəsində yaranır. Göz yaşı burun boşluğuna çata bilmədiyi üçün gözdə sulanma, batma, qızartı və infeksiya riski ortaya çıxır.

 

Göz yaşı kanalı tıxanıqlığı nədən olur?

 

Tıxanıqlığın əsas səbəbi nazolakrimal kanalın tam və ya qismən bağlanmasıdır. Bu vəziyyət doğuşdan ola biləcəyi kimi, sonradan da inkişaf edə bilər. Körpələrdə anatomiya ilə, böyüklərdə isə yaş, xəstəliklər və ətraf mühit faktorları ilə əlaqələndirilir.

 

Körpələrdə səbəblər

 

Körpələrdə bu hal göz yaşı kanalının alt hissəsindəki nazik pərdənin doğuşdan bağlı qalması ilə əlaqədardır. Bəzən isə skeletin inkişafının natamam olması və ya fizioloji inkişafın tamamlanmaması nəticəsində drenaj sistemi düzgün formalaşmır.

 

Böyüklərdə göz yaşı kanalının tıxanmasına səbəb olan amillər bunlardır:

 

Yaşla əlaqədar olaraq göz yaşını axıdan kanallar darala bilər.

 

Burun və ya göz ətrafında infeksiyalar meydana gələrsə, tıxanıqlıq yarana bilər.

 

Göz və burun nahiyəsindəki şişlər kanalı bağlaya bilər.

 

Kimyaterapiya və digər dərmanlar bu prosesə təsir göstərə bilər.

 

Üz travmaları nəticəsində kanal strukturu zədələnə bilər.

 

Göz yaşı kanalı tıxanıqlığının əlamətləri

 

Tıxanıqlığın əsas əlamətləri göz sulanması, axıntı, qızartı, çapaq və bulanıq görmədir. Eyni zamanda “dakriosistit” – göz yaşı kisəsinin iltihabı da görülə bilər. Bu əlamətlər böyüklərdə olduğu kimi, körpələrdə də müşahidə edilir.

 

Ən geniş yayılan simptomlar:

 

Göz sulanması

 

Yanma hissi

 

Bulanıq görmə

 

Axıntı və qızartı

 

Dakriosistit

 

Göz sulanması

 

Normal vəziyyətdə göz yaşı burun boşluğuna axaraq göz səthini nəmləndirir. Kanal tıxandıqda bu axın pozulur və maye göz səthində toplanır. Bu, davamlı sulanmaya və görmənin zəifləməsinə səbəb olur.

 

Göz axıntısı və qızartı

 

Tıxanmış kanalda bakteriya yığılıb infeksiyaya səbəb ola bilər. Gözdə axıntı və qızartı bu infeksiyanın nəticəsidir. Eyni zamanda gözün təbii axını pozulduğundan bölgədə iltihab və qızarma da müşahidə edilir.

 

Dakriosistit

 

Dakriosistit – göz yaşı kisəsinin bakterial infeksiyasıdır. Gözün iç küncündə şişkinlik, ağrı və irinli kütlələrlə xarakterizə olunur. Vaxtında müalicə olunmadıqda infeksiya yayılaraq ciddi narahatlıqlara səbəb ola bilər.

 

Göz yaşı kanalı tıxanıqlığı necə müalicə olunur?

 

Müalicə tıxanıqlığın dərəcəsinə görə dəyişir. Körpələrdə masajla, böyüklərdə isə dərman və ya cərrahi müdaxilə ilə aparılır. İltihabı azaltmaq və infeksiyanı aradan qaldırmaq üçün antibiotik və göz damcıları da istifadə olunur. Bu üsul tıxanıqlığın ciddi olduğu hallarda tətbiq olunur. Açıq və ya endoskopik üsulla aparılır. Cərrah kanalın açılması üçün burunla göz arasında əlaqə qurur və nazik boru yerləşdirir.

 

Körpələrdə masaj və müalicə prosesi

 

Masaj burun kökündən göz yaşı kisəsinə doğru yumşaq şəkildə aparılmalıdır. Gündə bir neçə dəfə təkrarlanaraq kanalın təbii olaraq açılması təmin edilə bilər. Uğurlu nəticə üçün həkim göstərişlərinə ciddi əməl edilməlidir.

 

Əminə Bayramova

Tarix: 18 Aprel 2025, 09:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin