BURADA REKLAMINIZ OLA
BİLƏR

Şadlıq sarayında həmkəndlisini bıçaqlayan şəxs məhkəmə zalından həbs edildi

Şəki Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Habil İslamovun (adı, soyadı şərtidir) barəsindəki qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, hadisə 16 aprel 2024-cü il tarixdə, saat 15 radələrində Şəki rayonunun Kiçik Dəhnə kəndi ərazisində yerləşən "Dəhnə" şadlıq sarayında qeydə alınıb.

 

Belə ki, sözügedən şadlıq sarayında keçirilən toy şənliyində sərxoş vəziyyətdə olan Habil İslamov onunla bir masada yanaşı əyləşmiş həmkəndlisi, zərərçəkmiş Əkrəm Taharovla (adı, soyadı şərtidir) mübahisə edib. O, zərərçəkmişə Rusiyada olan zaman guya kirayədə yanında qaldığı şəxslərin cibindən pul oğurlamaqla özünün və orada yaşayan Kiçik Dəhnə kənd sakinlərinin nüfuzuna xələl gətirməsini bildirib. Mübahisə zamanı Habil onun ünvanına ucadan nalayiq ifadələr işlədib, sonra üzərində olan bıçaqla qəsdən Əkrəmin sol ayağının bud nahiyəsinə zərbələr vuraraq, xəsarətlər yetirib.

 

Hadisədən sonra Habil İslamov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Şəki Rayon Məhkəməsinin hökmü ilə o, 2 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə iclas zalında dərhal həbsə alınıb.

 

Kamal Məmmədov

Tarix: 14 İyul 2025, 08:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin