Reklam

Culfada maşın fəhləni yol kənarında arvadı ilə telefonla danışarkən vurubmuş - HÖKM

Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Tərxan Rzayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.


İttihama görə, hadisə 06 mart 2025-ci il tarixdə, saat 13:45-də radələrində Naxçıvan-Ordubad avtomobil yolunun Culfa rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.


Belə ki, Ordubad rayon sakini, 1993-cü il təvəllüdlü Tərxan Rzayev idarə etdiyi "Niva" markalı avtomobillə hərəkətdə olarkən sükan arxasında yatıb. Bu zaman nəqliyyat vasitəsi asfalt yoldan çıxaraq yolun sağ kənarında çay yatağında oturan, Culfa rayon sakini, 1963-cü il təvəllüdlü Malik Əliyev vurulub. Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.


Tərxan Rzayev məhkəmə ifadəsində bildirib ki, işi ilə əlaqədar Naxçıvan şəhərində yerləşən Naxçıvan şəhər Elektrik Baş Şəbəkəsinə montyorluq kursuna gəlibmiş. Hadisə də kursdan geri qayıdan zaman baş verib.


Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən mərhumun həyat yoldaşı Teyyibə Əliyeva qeyd edib ki, əri yol idarəsində fəhlə işləyirmiş. Onun sözlərinə görə, hadisədən əvvəl gəlininin səhhəti ilə bağlı onu Bakı şəhərinə həkimə aparıbmış. Hadisə günü əri Tərxan Rzayev ilə telefonda danışarkən o, işdə olub: “Telefon danışığı zamanı anidən səs kəsildi. Bir qədər sonra başqa bir nömrədən zəng gəldi və mənə ərimi maşın vurduğu üçün öldüyü deyildi”.


Kamal Məmmədov 

Tarix: 14 Avqust 2025, 09:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin