BURADA REKLAMINIZ OLA
BİLƏR

“Tum çırtlayır, kişilər ağız-ağıza, zənənlər burun-buruna öpüşür, uşaqlar skameykaların altına fırtıqlarını yaxırdılar”

Erməni faşizminin COVİD-19 virusundan fərqi yoxdur, hələlik bəşəriyyət bunların ikisinə də vaksin bulmamışdır. Bizim general və polkovniklərin bu faşizmlə mübarizədə həlak olması da həkimlərin virusla savaşda ölməsinə bənzəyir.

 

Sosial məsafə, gigiyena, maska taxmaq isə hardasa sərhəddə erməni faşistlərinin atəşindən uzaq durmağın vacibliyinə analogiyadır. Eyni zamanda, bu cəbhələrin hər ikisində vaxtaşırı dezinformasiya, şayiələr, ziyanverici yalanlar baş alıb gedir. Ümid edək, tezliklə bu virusların kökü kəsilər.

 

Əslində, biz koronavirusa yayın, Günəşin son qoyacağına ümid edirdik, təəssüf ki, belə olmadı. Bu da COVİD-19-un təbii deyil, hardasa laboratoriya məhsulu olması (erməni faşizminin Rusiya və bəzi Qərb laboratoriyalarında yetişdirilməsi artıq kimsəyə sirr deyil), bioloji silah kimi yaradılması təxminlərini doğruldur. Çünki adətən təbiətin yetişdirdiyi viruslar ultrabənövşəyi şüalarda, yüksək temperaturlarda ölürlər. Bu merət isə ölmək bilmir, ordan ora, bu şəhərdən o rayona, o ölkədən bu ölkəyə, bu adamdan o adama hoppanaraq gəzməkdədir. Deməli, bunun koduna, genetikasına hansısa müdaxilə edilib, xüsusi yetişdirilib ki, öldürmək çətin olsun. Misal olaraq GMO məhsulları göstərə bilərəm. Əgər hazırda dünya kənd təsərrüfatında genetik modifikasiya olunmuş məhsullar olmasa, hamımız acından qırılardıq, çünki ənənəvi, necə deyərlər, təbii və orqanik ərzaq bitkiləri və heyvandarlıq məhsulları artan bəşəriyyətin tələbatını ödəməzdi. O üzdən alimlər taxıl məhsullarının quraqlığa, soyuğa dözümlü növlərini yaradıblar. Heyvanların xüsusi, hər iqlim şərtlərinə dözümlü südlük, ətlik cinsləri yetişdirilib və sairə - istəyən internetdən bu temada yüzlərlə informasiya tapa bilər. Kartofa əqrəb geni “vurulursa” nəticədə ona zərərverici həşəratlar yaxın gəlmir. Çiyələyə şimal kambala balığı geni daxil edilməklə onun soyuğa dözümü artırılır və sairə. Sözümün canı odur ki, bu COVİD-19 da təbiətdəki koronavirusun laboratoriyada xüsusi yetişdirilmiş, “ölümsüz” modifikasiyasıdır. Böyük ehtimal çinlilərin səhlənkarlığı üzündən bu virus laboratoriyadakı kolbasından qaçaraq canımıza daraşıbdır.

 

Günəş söhbətinə qayıdaraq onun vətənimiz üçün başqa önəmini vurğulamaq istərdim.

 

Bu yaxında camaat Milli Məclisə haçan girib ora 22 min 500 manat 49 qəpik ziyan vurdu? Ay sağ olasan: gecəyarısı. Havanın zülmət qaranlığından istifadə edən təxribatçı cəbhəçi ünsürlər sabitliyi pozmuşdur. Elə bil koronavirus yayan yarasalardır. Məncə artıq hökumət bu qaranlıq işinə nəsə əncam çəkməlidir. İlk növbədə Ayın işığını artırmaq olar, sonra dövlət büdcəsi, neft gəlirləri, pambıq yığımı imkan verdikcə Günəşin bütün sutka işlədilməsinə baxmalıyıq. Necə olur, deputatlar, nazirlər gecə-gündüz xalq üçün çalışır, Günəş isə axşam saat 8 radələrində yatmağa gedir, bir də səhər durur? Bəlkə, başqa ölkələr və xalqlar buna dözürlər, bizim üçün qəti qəbul edilən hal deyil. Azərbaycanın imkanları çatır ki, Günəş bizə sutkada 24 saat işıq salsın. Onu tutub axşama yaxın üfüqə mıxlamaq lazımdır. Hüquq-mühafizə orqanlarımıza tapşırılsın. Ən yumşaq halda Günəşə 10 sutka vermək olar.

 

Eyni zamanda, mən hökumətin COVİD-19 virusu ilə mübarizə tədbirlərinin niyə böyük fayda vermədiyinin səbəbini başa düşmüşəm. Bu da gecənin düşməsiylə bağlıdır.

 

Camaatımız hesab edir, hava qaralanda virus sanki yatmağa gedir.

 

Əgər inanmırsınızsa, axşamlar istənilən küçə, park, bulvar, həyət-məyət zonalarına tamaşa edin. İnsanlar sözün əsl mənasında qarışqa kimi qaynaşırlar. Srağagün axşam 9 radələrində mən yaşayış yerimin (yaşadığımı xüsusi vurğulamaq istəməzdim, belə alındı) yaxınlığındakı parkda qaçmaq istəyirdim, sıxlığı yararaq cəmi 1 dövrəni güclə qaçdım. Adam əlindən iynə atsan, yerə düşməzdi. Guya qərarla beş nəfər bir yerə toplanmamalıdır, ancaq parkda insanlar on-on, otuz-otuz toplaşıb nəsə danışır, tum çırtlayır, kişilər ağız-ağıza, zənənlər burun-buruna öpüşür, uşaqlar skameykaların altına fırtıqlarını yaxırdılar.

 

Əlbəttə, qanun keşikçiləri vəziyyətə nəzarət edirdilər - bir polis nəfəri başına xeyli insanı yığıb söhbətləşirdi. Belə şəraitdə bu karantinin mənası nədir?

 

Zamin Hacı

Tarix: 19 İyul 2020, 18:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin