BURADA REKLAMINIZ OLA
BİLƏR

Fazil Mustafa Vəkillər Kollegiyasının sədri vəzifəsi ilə bağlı məhdudiyyətin götürülməsindən danışdı: “Ajiotaj yaratmağın mənası yoxdur”

Məlum olduğu kimi, Milli Məclis Vəkillər Kollegiyasının fəaliyyətinin əsaslarının təkmilləşdirilməsi haqda “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişikliyi ilk oxunuşda qəbul edib. Qanun layihəsinə əsasən, iki dəfədən artıq təkrarən Vəkillər Kollegiyası Rəyəsət Heyətinin sədri seçilə bilmək məhdudiyyətinin götürülməsi müzakirə yaradıb. Bunun demokratik ənənələrə zidd olduğu bildirilir.

 

Bu barədə Pravda.az-a açıqlama verən Milli Məclisin deputatı Fazil Muxtafa deyib ki, sədr seçimi səsvermə yolu ilədir.

 

“Qərar niyə müzakirəyə səbəb olur ki? Bir adam yaxşı işləyirsə, buna məhdudiyyət qoymağın nə mənası var? Onsuz da sədr seçimi səsvermə ilədir. Yığışıb, əleyhinə səs verərlər, bir dəfəyə də keçməz, yaxud eyni adamın leyhinə səs verərlər, vəzifədə qalar. Bir insan özünü doğruldursa, bu qədər məhdudiyyət qoyulması, məncə, doğru deyil. İnsanlar peşə fəaliyyəti ilə bağlı kimi məqbul görürlərsə, onun məsələsini həll etməlidirlər. Buna görə də hansısa şəkildə ajiotaj yaratmağın mənası yoxdur. Xoşlamayacaqlar, sədr vəzifəsinə davam etməyəcək, yaxud onların maraqlarını daha çox müdafiə edəcəksə, məqbul olacaqsa, təbii ki, müəyyən dərəcədə dəstəkləyəcəklər. Rəhbər vəzifəsində müddət qoyulması əslində bəzi qurumlarda ola bilər. Amma Vəkillər Kollegiyasında buna ehtiyac görmürəm. Kimsə uğurlu fəaliyyət göstərirsə, qoy axıra qədər göstərsin. İndiki Vəkillər Kollegiyasının sədri kifayət qədər vəkillərin marağını qoruyan mövqe sərgiləyir. Buna görə bəlkə, uyğundur ki, sahənin inkişafına köməklik göstərsin, fayda versin. Qərarda hansısa narazılıq yaradan məqam görmürəm”, - F.Mustafa bildirib.

 

Qeyd: Vəkillər Kollegiyasının sədri hazırda Anar Bağırovdur. O, 2017-ci ildən bu vəzifədədir.

 

Aytəkin Qardaşova

Tarix: 13 Oktyabr 2025, 15:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin