BURADA REKLAMINIZ OLA
BİLƏR

Avtoxuliqanlıq edərək YPX əməkdaşına xəsarət yetirın qazi məhkəmə zalından azadlığa buraxıldı

Şirvan Şəhər Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Heydər Gülmalıyevin barəsindəki cinayət işi üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ceyhun Mustafayevin sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.


Hökmə əsasən, təqsirləndirilən şəxs 2 il 1 ay 12 günmüddətinə azadlığın məhdudlаşdırılmаsı (elektron qolbaq) cəzаsınа məhkum edilib. Heydər Gülmalıyevin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib, məhkəmə iclas zalında dərhal həbsdən azad olunub.


İttiham aktına görə, Heydər Gülmalıyev 22 avqust 2022-ci il tarixdə işğaldan azad olunmuş Laçın rayonu ərazisində hərbi xidmət zamanı mina partlayışı nəticəsində sol ayağını itirdiyinə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ona verilmiş “Khodro Samand” markalı avtomobili idarə etdiyi zaman xuliqanlıq xarakterli hərəkətlərə yol verib.


Belə ki, 29 aprel 2025-ci il tarixdə, saat 15 radələrində təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin təsiri altında, sərxoş vəziyyətdə, həmçinin nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan “Khodro Samand” markalı avtomobili ön və arxa dövlət qeydiyyat nişanları olmadan Şirvan şəhəri, Heydər Əliyev prospektində idarə edib. Qayda pozuntusuna yol verdiyi üçün Şirvan Şəhər Polis Şöbəsinin DYP əməkdaşları tərəfindən saxlanılıb, lakin bu zaman o, ictimai qaydanı kobud şəkildə pozaraq cəmiyyətə açıq hörmətsizlik ifadə edən, zor tətbiqi və əmlakın zədələnməsi ilə müşayiət olunan hərəkətlər törədib.


Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili qəsdən hərəkətə gətirərək, dayanmış vəziyyətdə olan “Opel Vita” markalı maşının arxa hissəsinə çırpıb. Daha sonra xuliqanlıq niyyəti ilə maşınla hərəkətini davam etdirərək Şirvan Şəhər Polis Şöbəsinin İnzibati Təcrübə üzrə baş inspektoruna məxsus “Toyota Corolla” markalı avtomobil istiqamətində sürməyə davam edib. Hadisə zamanı Heydər Gülmalıyev Yol Patrul Xidmətinin baş inspektorunu vuraraq onu “Toyota Corolla” markalı avtomobillə idarə etdiyi “Khodro Samand” arasında sıxıb. Nəticədə YPX əməkdaşı xəsarət alıb.


Bundan əlavə, təqsirləndirilən şəxs “Toyota Corolla” markalı avtomobilə 650 manat, “Opel Vita” markalı avtomobilə isə 280 manat məbləğində maddi ziyan vurub.


Hadisə zamanı Heydər Gülmalıyev saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilmişdi. 

 

Kamal Məmmədov 

Tarix: 16 Oktyabr 2025, 08:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin