BURADA REKLAMINIZ OLA
BİLƏR

Maliyyə Nazirliyi yanında İctimai Şuraya keçirilən seçkilərlə bağlı AÇIQLAMA

Noyabrın 13-də Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında İctimai Şuraya keçirilən seçkiləri sosial şəbəkələrdə bəzi istifadəçilər tənqidlə qarşılayıb. Yeddi nəfər üzv arasında tanınan adların az olduğunu deyənlər bildirirlər ki, İctimai Şurada vətəndaş cəmiyyətindən ibarət qrup olmalıdır.

 

Şuraya üzv seçilən “İqtisadi və Sosial Araşdırmalara Yardım” İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli Pravda.az-a açıqlamasında deyilənlərə münasibət bildirib.

Eyyub Kərimli:

“Bilirsiniz ki, uzun illər Maliyyə Nazirliyində İctimai Şura olmayıb. Təqdiredici haldır ki, yeni rəhbərlik İctimai Şuranın təşkilinə, seçilməsinə şərait yaratdı. Bu da yeni islahatların, maliyyə sahəsində ölkə büdcəsinin formalaşmasında, büdcə qanunvericiliyinin, layihələrinin hazırlanmasında ictimai fikirə böyük diqqət ayrılmasının nəticəsidir. Biz iqtisadçılar da dəfələrlə vurğulayırdıq ki, bu cür sənədlərin qəbul olunmasında mütləq ictimai fikir nəzərə alınamlıdır. Seçkilər çox şəffaf şəkildə keçirilib. Kimlərsə İctimai Şuranın tərkibini tanımadığını deyirlərsə, hesab edirəm, onlar ümumiyyətlə iqtisadi gündəmi, mövzuları izləmirlər. Buna görə də İctimai Şuraya üzv olan iqtisadçıları tanımırlar. Çünki hamısı öz peşə fəaliyyəti ilə əlaqədar ciddi və yaxından tanıdığım, peşəkar, geniş nailiyyətlər əldə etmiş, iqtisadi təhlillər, yeniliklər gətirmiş, digər nazirliklərdə də ekspert qismində daima görüşlərdə iştirak  şəxslərdir. Onların arasında iki nəfər iqtisadi elmlər doktoru da var. Elşad Məmmədov, İnqilab Əhmədov. İnqilab Əhmədov uzun müddət QHT-lərdə, beynəlxalq layihələrdə çalışmış insandır. Hazırda da elmi-pedaqoji fəaliyyətlə məşğuldur. Hətta hesab edirəm ki, ictimai sektorun əsaslarını qoyan insanlardandır. Ola bilər, işləri ilə bağlı mediada aktiv deyil. Elşad Məmmədov da daim ictimai şuralarda üzv olub. Universitetlərdən birində prorektordur. Uzun müddət Azərbaycan Dövlət İqtisad Universitetində fəaliyyət göstərib. Mehdi Babayev auditordur. Bildiyim qədər, o da İqtisadiyyat Nazirliyində və digər iqtisadi dövlət  sektorlarında ekspert kimi fəaliyyət göstərib. Bu sahədə böyük bilikləri, tədqiqatları var. Anar Əzizov iqtisadi sahə üzrə media nümayəndəsidir. Peşəkar kimi yaxşı tədqiqatları var. Nuriyyə Novruzova da peşəkar QHT rəhbəridir. “Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası”nın İdarə Heyətinin sədridir. Geniş təcrübəsi var. Elman Sadıqov iqtisadçı ekspert kimi uzun illər media sahəsində çalışmış, öz töhfəsini vermiş insandır. Məşğulluq sahəsində böyük məqalələri, iqtisadi təhlilləri var. Sosial şəbəkələrdə, mediada, televiziyada çox aktiv insandır. Özümlə bağlı  qeyd etmək istərdim ki, iqtisad üzrə fəlsəfə doktoruyam, 17 il  Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında pedaqoji fəaliyyətlə məşğulam. 20 ildən artıq QHT sektorunda fəaliyyətim var. İqtisadiyyatla bağlı bir çox layihələrə rəhbərlik etmişəm. İqtisadiyyat Nazirliyində işçi qrupunun üzvüyəm. "Google"da axtarış versələr, yüz mindən çox fərqli rəyim var. “İctimai iştirakçılıq haqqında” qanuna müvafiq olaraq, İctimai Şurada təkcə QHT rəhbərləri deyil, ekspert kimi fəaliyyət göstərən tanınmış insanlar iştirak edirlər. Bəlağətli desək, deyə bilərəm ki, bu heyət hazırda ictimai şuralar içində ən peşəkar heyətlərdən biridir”, - ekspert deyib.

 

Aytəkin Qardaşova

Tarix: 14 Noyabr 2025, 14:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin