BURADA REKLAMINIZ OLA
BİLƏR

Piyadanı maşınla vuraraq öldürən şəxsə hökm oxundu

Saatlı Rayon Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Xanalı Səfərovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İxtiyar Abuşovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.


İttihama görə, hadisə bu il saat 18:00 radələrində Hacıqabul–Horadiz avtomobil yolunun Saatlı rayonu, Varxankənd kəndi ərazisindən keçən 71-ci kilometrliyində qeydə alınıb.


Belə ki, Xanalı Səfərov özünə məxsus “VAZ-21074” markalı avtomobili Hacıqabul rayonu istiqamətində idarə edərkən yaşayış məntəqəsində müəyyən edilən maksimal sürət həddini aşaraq 80 km/saat sürətlə hərəkət edib. Bu zaman o, yol şəraitinə düzgün qiymət verməyib, diqqətini yoldan ayırıb və yolun sol çiynində piyada üçün təhlükəsiz yan məsafə saxlamayıb.


İstintaq materiallarına əsasən, sürücü hadisənin qarşısını almaq üçün texniki imkanının olmasına baxmayaraq, zəruri manevrləri vaxtında etməyib və avtomobilin qabaq sağ hissəsi ilə yolun sol çiynində adi yerişlə hərəkətdə olan, piyada, 1991-ci il təvəllüdlü Həsən Aslanovu vurub. Hadisə nəticəsində piyada oradaca ölüb.


Hadisədən sonra Xanalı Səfərov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov 

Tarix: 5 Dekabr 2025, 08:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin