BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanışının maşınını başqasının adına rəsmiləşdirərək lombarda qoydu - HƏBS

Sabunçu Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Vüsal Dadaşovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elnurə Rəcəbovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə ona 2 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunub və dərhal məhkəmə iclas zalında həbs edilib.


Qeyd: Məhkəmə sənədlərinə əsasən, Vüsal Dadaşov etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmişə xeyli miqdarda ziyan vurmaqda ittiham edilir.


İttiham aktına görə, təqsirləndirilən şəxs 2011-ci il istehsalı olan “Hyundai Elantra” markalı avtomobili 17 000 manat qiymətinə satacağına dair yalan vəd verərək, zərərçəkmiş Pərvin Fərzəliyevi aldadıb. O, avtomobili qanunsuz şəkildə ələ keçirmək məqsədilə tanışına etibarlı şəxs kimi təqdim edib, həmin şəxsin sənədlərini Pərvin Fərzəliyevə göstərməklə onun etibarını qazanıb.


Sonradan Vüsal 26 oktyabr 2023-cü il tarixdə 16 saylı notariat kontorunda avtomobilin “nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair” etibarnaməni Ə.Əhliyarlının adına rəsmiləşdirib. Bu yolla avtomobilə sərəncam vermək hüququ əldə edən şəxs nəqliyyat vasitəsini əvvəlcə başqa şəxsin adına keçirib. Daha sonra təqsirləndirilən şəxs 31 oktyabr 2023-cü ildə avtomobili lombardda tanışının adına girov qoyaraq 11 700 manat məbləğində pul əldə edib. O, götürdüyü vəsaiti şəxsi ehtiyaclarına xərcləyib.


Nəticədə zərərçəkmiş Pərvin Fərzəliyevə 17 000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurulub.


Məhkəmə istintaqı zamanı ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmədiyini deyən Vüsal Dadaşov maşın alqı-satqısı ilə məşğul olduğunu söyləyib. 

 

Kamal Məmmədov 

Tarix: 8 Dekabr 2025, 09:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin