BURADA REKLAMINIZ OLA
BİLƏR

“Səməd Səmədov isə “tıxsız” bir insandır” – Firuzə İbadova

Azərbaycan Respublikası Əməkdar artisti Firuzə İbadovanın müsahibəsi.

 

– Koronavirusa görə sənətçilər dolanışıq baxımından əziyyət çəkirlər. Bəs siz dolaşınığınızı necə təmin edirsiniz?

 

– Bu, bütün dünyanı bürüyən bir bəladır. Amma nə yaxşı ki, dövlət başçımız, cənab İlham Əliyev və vitse-prezidentimiz Mehriban xanım Əliyeva insanların qayğısına qalırlar. Dünya ilə müqayisədə ölkəmizdə ölüm faizi çox aşağıdır. Çünki dövlət başçısı insanlara qayğı göstərir. Qaydanı pozan insanlara isə cərimələr tətbiq edilir. Çünki biz yaxşı yaşamağa və qidalanmağa öyrəşmişik. Dünyanın bütün sərvətləri Azərbaycandadır. Çünki Azərbaycanın 9 iqlimi var. Bütün iqlimlərə aid qidalarımız, təbiətimiz var. Dünyanın heç bir yerində belə şərait mövcud deyil. Əsrarəngiz rayonlarımız, dağlarımız, çiçəklərimiz… Amma dolanışığımızı çox çətinliklə təmin edirik. Ailəmdə kişi xeylağı yoxdur. Mən həm kişilərin, həm də qadınların işini görürəm. Yəni ki, ailəmin həm ağsaqqalı, həm də ağbirçəyiyəm. Ancaq mən evimə qazancı gətirirəm.

 

– Bəs bunu necə təmin edirsiniz? Balansı necə tənzimləyirsiniz?

 

– Çox çətindir. Hələ də yaşadığımız evin pulunu ödəyib, qutara bilməmişəm. Mart ayında koronavirus Azərbaycana daxil oldu və onunla da bütün işlərimiz dayandı. Həmçinin də uzun müddətdir müalicə alıram. Çünki bədənimin sağ tərəfi fəaliyyətsiz idi. Əməkdar elm xadimi Əli Şirvəliyev məni müalicə edirdi, amma rəhmətinə qovuşdu. Digər həkimim isə Neftçilər Xəstəxasının baş nervpotoluqu Hikmət Qarayevdir. Müalicə alarkən, işimlə də məşğul olurdum. Məni Səidə Haqqverdiyeva-Əhmədzadə və Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə dəvət eləmişdi. Orada musiqi rəhbəri kimi könüllü olaraq işləyirdim.

 

– Bacınız Rəhilə İbadova da həmin teatrda işləyib. Bilirik ki, o, çətin anlar yaşayıb. Hazırda nə işlə məşğuldur?

 

– Rəhilə xanım gözəl aktrisa olduğu üçün Rəşad müəllim və mnədəniyyət nazirimizin müavini mükafat olaraq onu yenidən işinə qaytardılar. Sentyabr ayında 70 yaşını qeyd edəcək. Həm buna, həm də səhhətinə görə də xahiş etdi ki, onu işdən azad etsinlər. Onun gözəl obrazları illər ərzində uşaqların nəzərində qaldı: “Tık-tık xanım”, “Cırtdan” və s. 27 tamaşada onun öz obrazları var idi. Onları tək özü icra edirdi. Çox dəyərli sənətkar və çox gözəl xanımdır.

 

– Gənc ifaçılar klassik musiqilərə daha çox müraciət edirlər. Təəssüf ki, bəstəkar mahnılarını olduğu kimi yox, aranjeman edərək, korlayırlar. Amma qayda belədir ki, ifaçı bəstəkar mahnısının ilk iki bəndini olduğu kimi səsləndirib, sonrakı bəndlərində isə improvizasiya edə bilər…

 

– Yaralı yerimə toxunduğunuz. Klassik musiqiləri dəyişmək olmaz. Çünki klassik əsərlər notlar üzərində elə yazılıb ki, onların aranjemana ehtiyacı yoxdur. Elə mahnılar sonsuzadək yazılan əsərlərdir. Xatırlayıram ki, rəhmətlik bəstəkar Oqtay Kazımovun mahnılarını 10-15 dəqiqə ərzində evindəki pianoda öyrənirdim. Qastrol səfərlərində Masallı, Şəki və başqa rayonlarda keçirilən konsert proqramlarında oxuyurdum. Göygöldə “Göygöl” mahnı-rəqs ansamblı vardı ki, o vaxtlar ansambl dövlət statusu almamışdı. Həmin illərdə, yəni 1977-ci ildə Müslüm Moqomoev adına Azərbaycan Dövlət Filarmoniyasında işləyirdim. Nazirlikdən məni Gəncəyə göndərdilər ki, burada işləyim. Rəhmətlik mədəniyyət naziri Zakir Nərimanoviç konserti izləməyə gəlməliydi və konsertdən sonra ansambla dövlət status verilməliydi. Həmçinin də konserti izləməyə Rəqqas Kamil Dadaşov, bəstəkar Cahangir Cahangirov və başqa mədəniyyət və incəsənət xadimlərindən ibarət heyət gəlmişdi. Rəhmətlik Cahangir Cahangirov ön sırada əyləşmişdi, Fikrət müəllim də (red. bəstəkar Fikrət Əmirov) oradaydı. Cahangir Cahangirov “Bayram suitası” yazmışdı. Həmin kompozisiyada Qızılgülün ayrıca solo ifası var idi ki, onu da mən oxuyurdum və rəqqasə də rəqsiylə təsvir edirdi. Çox gözəl klassik əsərdir. Musiqiçilər də çox gözəl ifa edirdilər. İstər-istəməz onu qavrayırdın və oxumaq istəyirdin.

 

İndi də estradada dəyərli ifaçılarımız çoxdur. Xanəndələrimizin hamısı özünəməxsus və mükəmməldirlər. Muğam bizim klassik musiqimizdir və ona toxunmaq olmaz. Xahiş edirəm ki, klassik, retro mahnıları oxusunlar. Amma onun kantasına dəyməsinlər və ya aranjeman eləməsinlər. Aranjeman ora yamaq kimi gəlir. O heç vaxt tutarlı ola bilməz.

 

– Sənətçilər arasında birlik olmalıdır ki, bu cür gənclərə qarşı mübarizə aparsınlar və onları düzgün yola çəksinlər. Sizi dinləyən varmı?

 

– Mənə çox sayda həmkalarım müraciət edirlər ki, bu, kimin mahnısıdır və ya nə vaxt yazılıb? Özümə görə savadım var. Səlahiyyətim olsa idi və ya dərs tədris etsəydim, bildiklərimi gənc nəslə ötürərdim. Çox tövsiyyə etmişəm ki, xalq mahnılarını korlamasınlar. Xalq mahnısına heç bir üslubda aranjeman lazım deyil. Bəstəkar mahnılarına isə qətiyyən olmaz. Çünki dünyasını dəyişən bəstəkarlar və onların ailələri var. Elə ailələr var ki, mənimlə ünsiyyətdədir və deyirlər ki, onlara deyin, notları olduğu kimi-kantası necə yazılıbsa, mahnını da elə oxusunlar. Amma Firuzə təkdir axı…

 

– Ömrünün uzun illərini sənətə sərf edən sənətçilərlə ünsiyyət qurmaq, yeni işə başlayan gənclərlə müqayisədə daha asandır. Bu, nədən irəli gəlir? Sənət aləmi o qədər xaotik vəziyyətə büründü ki, böyük-kiçik bilinmir?

 

– Sizinlə müqayisə edəcəyəm: şəxsən 3-5 il əvvəl gələn jurnalistlərimizi tanımıram. Ya onlara fikir vermirəm, ya da maraqlanmıram. Amma siz nə qədər işlər görmüsünüz: üstü örtülü işləri açmısınız, cəmiyyətə deyilməyən sözləri təqdim etmisiniz. Amma yeni gələn isə hər şeyə nail olub, siz isə kənarda qalmısınız… Eynilə mən və mənim kimi sənətçilər də… Həmin insanlarla hərdən telefonla danışırıq. Deyirlər ki, nə olacaq bizim işimiz? Nə edəcəyik?

 

– Düşünürsünüz ki, burada satılmışlar və yaxud alınmışlar prinsipi var? Yəni ki, həmin gənclər ya satılıb, ya da alınıb?

 

– Elə deyib, gənclərimizi üzməzdim. İndiki gənclik özünə çox arxayındırlar. Ümumiyyətlə, gənc insan özünə çox arxayın olur. Necə ki, mən gənc olanda hər yerə məni göndərirdilər, hər yerə mən gedirdim. Amma indi başa düşürəm ki, nizam-intizam qaydaları var idi və ona riayət edirdim. Buna görə də məni həmin ampluada və həmin platformada saxlayırdılar. İşdə özümü aparmağım, getdiyim ölkədə özümü qorumağım və səhnədəki çıxışım-bunlar məni indiyə qədər saxlayıb. Amma çox arxayın idim. İndiki gənclik də elədir. Özlərinə çox güvənirlər. Amma onların hər şeyi qabaqdadır. Fikirləşirəm ki, o vaxtki mədəniyyət işçiləri ilə indikilər yer ilə göy qədər fərqlənir. Fərqi də ondan ibarətdir ki, biz sovet rejimində böyümüşdük. Ulu öndərimiz Heydər Əliyevin sözü yadıma düşür ki, “Mən fəxr edirəm ki, Azərbaycanlıyam!”. Xarici səfərdə olanda rus vətəndaşının danışığını görəndə də ağlayırdıq ki, Vətənimi istəyirəm. Azərbaycanda hava limanına enəndə yeri öpürdük.

 

Azərbaycan sərvəti bol olan ölkədir. İnsanları da mehribandılar. İndi isə bu mehribançılıq azalıb. İmkanı olanlar imkansızlara az əl tuturlar. Sosial bərabərlik bərpa olunmalıdır. Hər şeyi dövlətimizdən gözləyə bilmərik. Son zamanlar görürsünüz ki, icra başçıları və digər şəxslər necə qanunsuzluqlara əl atıblar. Əlli ilə yaxındır ki, sənət aləmindəyəm, dövlətim və xalqım həmişə məni əziz tutub və yüksəkdə saxlayıblar. Amma onlar niyə belə edir axı? Bu, dövlətə xəyanətdir. Amma hamısından qabaq özlərinə xəyanət ediblər. Çünki yalan danışıramsa, birinci özümü aldadıram. Daxilimdəki ruhumu dinləyən Allahım da məndən üz çevirir. Nə olardı ki, həmin icra başçıları dövlətdən oğurlamışdısa, elə bu millətə paylayardılar. Axı bu, dövlətə xəyanətdir. Niyə dövlətə xəyanət edirsiniz? Hər insanın səhvi ola bilər, amma böyük səhvlər etməməliyik. Xeyirxahlıq elə bir şeydir ki, yalanın içində də olanda səni xilas edir. Ümumiyyətlə, dövlətə qarşı düzgün olmaq lazımdır. Sevinirəm ki, öz dövlətimə qarşı düzgün, sadiq olmuşam və dövlətimin pulsuz vəkili kimi dünyada Azərbaycanı təmsil eləmişəm. Amma heç vaxt bunu dilə gətirməmişəm. Uğurlarımı ön plana çıxartmamışam. Dünyamı dəyişəndən sonra nələr üzə çıxar, nə qədər rəhmət apararam, çiyinlərimdə xeylül-əməlim kimi olar.

 

– Firuzə xanımın adı səslənəndə əməkdar artist Cavanşir Məmmədovun da adı səslənir. Uzun illərin duet ortaqları və ayrılmaz sənətçilərisiniz. Birlikdə bir çox xalüqələr yaratmısınız. Hazırda birlikdə yaradıclıq fəaliyyətinizi davam etdirisiniz, yoxsa ayrılmısınızmı?

 

– Ailələrimiz çox sıx dosturlar. Biz onları, onlar da bizi çox istəyirlər. Hər zaman Cavanşir müəllim də, həyat yoldaşı da zəng edib, vəziyyətimizi soruşurlar. Bəzi sovqatlar da göndərirlər. Qərəzsiz insanam, yalan danışmağı da sevmirəm. Bunlardan da əlavə olaraq, sadiq insanam. Həmçinin Cavanşir müəllim də…

 

– Xalq artisti Səməd Səmədov müsahibələrinin birində demişdi ki, müğənni Əli Mirəliyevin iki “bərk gedən” müğənnisi var və onlarla ayın bütün günlərində toylarda olur: biri siz, digəri də Ruhəngiz Musəvi idi. Maraqlıdır ki, sizin adınızı çəkməklə nəyə nail olmaq istəyib?

 

– Əli Mirəliyev çox maraqlı bir insandır. O, heç vaxt yalan danışmır və çox savadlıdır. Həmçinin də bəstəkarlarımızın əksəriyyətini canlı olaraq görüb və onları yaxından tanıyır. Əli Mirəliyev mənimlə 1970-ci illərdə işləyib. Bizimlə qastrol səfərlərinə gedib. Müxtəlif tədbirlərdə bir yerdə olmuşuq. Hər zaman Səməd Səmədovla da zarafatı olub. Axı onlar da bir yerdə işləyiblər. Əli Mirəliyev çox gözəl zövqlü ifaçı və maraqlı simadır. Səməd Səmədov isə “tıxsız” bir insandır. Heç kimdən incimir, söz atmır, qalmaqal yaratmır. Bunu deməklə o, Əli Mirəliyevə dəstək olub.(PostNews)

Tarix: 29 İyul 2020, 13:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin