BURADA REKLAMINIZ OLA
BİLƏR

Kərbaladan qayıdan qardaşlar qurbanlıq heyvanın pulunu geri istəyən həmyerlilərini bıçaqladı

Şirvan Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Mahir Əsədli və eyni maddələrlə ittiham olunan onun qardaşları - Fərrux Əsədli ilə Şakir Əsədlinin (hər üçünün adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Yaşar Həşimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.


İttihama görə, Mahir Əsədli qardaşları – Fərrux Əsədli və Şakir Əsədli ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında cinayət əlaqəsinə girib. Hadisənin əsasında Fərrux 2024-cü ildə Kərbala ziyarətindən qayıdan zaman zərərçəkmiş Bayram Quluzadə (adı, soyadı şərtidir) onun üçün kəsdiyi qurbanlıq heyvana görə verdiyi 170 manat pulu dəfələrlə tələb edib. Mahir zərərçəkmiş şəxs ilə qardaşı Fərrux arasında əvvəl baş vermiş əsassız mübahisəni cüzi bəhanə kimi göstərilib.


İstintaq materiallarına əsasən, əvvəlcədən əldə olunmuş razılaşmaya uyğun olaraq 19 noyabr 2024-cü il tarixdə, saat 14:30 radələrində qrup üzvləri Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən avtomobil təmir sexinin qarşısına gəliblər. Məlum olub ki, Bayram həmin vaxt sözügedən sexdə olub.
 

Qardaşlar zərərçəkmiş şəxsə yaxınlaşaraq heç bir əsaslı səbəb olmadan onun ünvanına nalayiq ifadələr işlədib, ictimai qaydanı kobud şəkildə pozaraq cəmiyyətə açıq-aşkar hörmətsizlik nümayiş etdiriblər. Mahir xuliqanlıq niyyəti ilə Bayramın üz nahiyəsinə iki dəfə yumruqla zərbə vurub.


Eyni niyyətlə hərəkət edən Şakir əvvəlcədən özü ilə gətirdiyi ağac parçası ilə zərərçəkmiş şəxsə hücum edərək kürək nahiyəsindən bir dəfə zərbə endirib və ona sağlamlığa zərər vurmayan xəsarət yetirib. Bundan sonra isə Mahir özü ilə gətirdiyi istintaqa məlum olmayan bıçaqla Bayramın qarın nahiyəsindən bir dəfə zərbə vurub.


Hadisə zamanı Bayramın qardaşı, zərərçəkmiş Tahir Quluzadə (adı, soyadı şərtidir) ona qarşı zorakılığın qarşısını almaq istəyən zaman Şakir əlindəki ağac parçasından silah qismində istifadə edərək onun sol bud nahiyəsinə zərbə endirib. Daha sonra isə Mahir bıçaqla Tahirin qarın və bel nahiyələrindən üç dəfə zərbə vuraraq sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirib.
 

Bayram hadisədən qaçaraq avtomobil təmir sexinin içərisinə daxil olduqda, qrupun digər üzvü Fərrux onun arxasınca gedərək xuliqanlıq hərəkətlərini davam etdirib. Belə ki, o, özü ilə gətirdiyi mismarçəkəndən silah qismində istifadə edərək Mahirin sol qaşüstü nahiyəsindən zərbə vurub və ona yüngül dərəcəli bədən xəsarəti yetirib.


Ardınca Şakir də sexin içərisinə daxil olaraq ağac parçası ilə Bayramın baş nahiyəsinə bir neçə dəfə zərbə endirib. Daha sonra isə bıçaqdan silah qismində istifadə edərək Bayramın sinə və qarın nahiyələrindən bir neçə dəfə zərbə vurub. Nəticədə Bayrama döş və qarın boşluqlarına nüfuz edən, sağ ağciyərin və yoğun bağırsağın zədələnməsi, hemopnevmotoraks, daxili və xarici qanaxma ilə müşayiət olunan, həyat üçün təhlükəli olan ağır bədən xəsarətləri yetirilib.


Beləliklə, təqsirləndirilən şəxslər qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq edərək zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqda təqsirli biliniblər.


Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mahir Əsədli 8 il müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmlə digər qardaşlar da Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək müxtəlif cəzalara məhkum olunublar. Hökmdən narazı qalan Mahir apellyasiya şikayəti verib.


Kamal Məmmədov 

Tarix: 6 Fevral 2026, 08:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin