BURADA REKLAMINIZ OLA
BİLƏR

Arvadını öldürməyə cəhddə ittiham edilən şəxsin cəzası azaldıldı

Şirvan Apellyasiya Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən S.Tahirovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Bəhmənovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Təqsirləndirilən şəxsin əməli CM-in 29,120.1-ci maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif olunub və ona 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təyin edilmiş 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası və Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təyin edilmiş 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası qismən toplanılaraq üzərində qəti olaraq 4 il 3 ay cəzası saxlanılıb.

 

İttiham aktına əsasən, təqsirləndirilən şəxs nikahsız, lakin faktiki olaraq ər-arvad münasibətində olduğu zərərçəkmiş R.Hüseynova ilə Lənkəran rayonu ərazisində yerləşən fərdi yaşayış evində birgə yaşayıb. 2024-cü ilin oktyabr ayının ortalarında ailə-məişət zəminində aralarında yaranmış mübahisə səbəbindən o, arvadını evdən qovub. Zərərçəkmiş şəxs yenidən həmin evə qayıtmaq məqsədilə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə müraciət etdikdən sonra S.Tahirov 20 noyabr 2024-cü ildə onun evə qayıtmasına razılıq verib. 21 noyabr 2024-cü il tarixdə, saat 16:50 radələrində R.Hüseynova yaşayış evinə qayıdıb və gəlininə məxsus yataq otağına daxil olub. Bu zaman S.Tahirov onun ardınca həmin otağa keçərək aralarında olan problemin polis orqanlarında həll edilməsinin yolverilməz olduğunu bildirib.

 

İstintaqla müəyyən edilib ki, aralarında yaranmış sözlü mübahisə zamanı zərərçəkmiş şəxsin onun ünvanına nalayiq ifadələr işlətməsi S.Tahirovu qəzəbləndirib. O, şəxsi münasibətlər zəminində qisas almaq məqsədilə arvadını qəsdən öldürmək qərarına gəlib.

 

Cinayətkar niyyətini həyata keçirmək üçün təqsirləndirilən şəxs evdə olan gəlini və azyaşlı nəvələrinin otağa daxil olmamaları məqsədilə otağın qapısını arxadan açarla kilidləyib. Daha sonra ov bıçağını çıxararaq çarpayının üzərində əyləşmiş R.Hüseynovanın üzərinə cumub. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi arxası üstə çarpayıya uzadaraq, qəsdən öldürmək niyyəti ilə, fasilə vermədən sağ əlində tutduğu bıçaqla onun həyat fəaliyyəti üçün vacib orqanlarının yerləşdiyi nahiyələrə ardıcıl dörd dəfə zərbə endirib. Nəticədə R.Hüseynovaya qarın boşluğuna nüfuz edən, daxili və xarici qanaxma ilə müşayiət olunan, həyat üçün təhlükəli ağır xəsarət, həmçinin sol yanaq və döş qəfəsi nahiyələrində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan üç ədəd kəsilmiş yara yetirilib.

 

Hadisə zamanı evdə yaranan səs-küyə gəlinləri otağın qarşısına gələrək onları səsləyib və qapını açmağa cəhd edib. Azyaşlı nəvələrinin evdə olması, həmçinin zərərçəkmiş şəxsin çoxlu qan itirdiyini görən S.Tahirov onun öləcəyinə əmin olduğu üçün növbəti zərbələri vurmaqdan imtina edib.

 

Zərərçəkmiş şəxs təcili tibbi yardım vasitəsilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və vaxtında göstərilmiş ixtisaslı tibbi yardım nəticəsində onun həyatı xilas edilib. Bu səbəbdən istintaq orqanı təqsirləndirilən şəxsin cinayət əməlini öz iradəsindən asılı olmayan hallar nəticəsində başa çatdıra bilmədiyini müəyyən edərək, hadisəni qəsdən adam öldürməyə cəhd kimi qiymətləndirib.

 

Məlumata görə, S.Tahirov hadisədən sonra Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə gedərək törətdiyi cinayət əməlini etiraf edib və cinayətin aləti olan bir ədəd bıçağı istintaqa təqdim edib.

 

Kamal Məmmədov

 

 

 

Tarix: 10 Fevral 2026, 09:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin