BURADA REKLAMINIZ OLA
BİLƏR

Avtobus sürücüsü səbəbsiz yerə səs siqnal verdiyinə görə onunla mübahisə edən şəxsi döydü

Abşeron Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Zahid Həsənovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə ona 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndləri tətbiq edilməklə təqsirləndirilən şəxs cəzadan azad olunub. Zahid Həsənovun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.

 

İttiham aktına əsasən, hadisə 29 iyun 2025-ci il tarixdə saat 18:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, O.Sarıvəlli küçəsində vətəndaşların gur toplaşdığı ərazidə qeydə alınıb.

 

Belə ki, Zahid Həsənov idarə etdiyi “Isuzu” markalı avtobusu (119 saylı marşrut xətti ) ilə həmin ərazidə yaşayan zərərçəkmiş Daşqın Nəbiyevin (adı, soyadı şərtidir) yaşayış evinin yaxınlığında yerləşən sonuncu dayanacaqda mütəmadi olaraq səbəbsiz yerə səs siqnalı verib. Buna görə də zərərçəkmiş sürücüyə irad bildirilib. Bu iraddan sonra təqsirləndirilən şəxs heç bir əsas olmadan ictimai qaydanı kobud şəkildə pozaraq, cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirib. O, Daşqına qarşı zor tətbiq edərək onu sifət nahiyəsindən qəsdən iki dəfə yumruqla vurub. Nəticədə zərərçəkmiş şəxsə sağ gözün küt travması, sağ göz almasının əzilməsi, sağ alt və üst göz qapaqlarının şişkinlik halında qançırları, eləcə də sağ gözün ağlı qişasında qansızma qeydə alınıb. Xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri kimi qiymətləndirilib.

 

Məhkəmə baxışı zamanı Zahid Həsənov ona qarşı irəli sürülmüş ittihamla razılaşmayaraq özünü təqsirli bilməyib. O, ifadəsində deyib ki, 119 saylı marşrut xəttində avtobus sürücüsü işlədiyi zaman dayanacaqda avtomobillərin yolu bağlaması səbəbindən hərəkəti təhlükəsiz təmin etmək məqsədilə səs siqnalı verib. Bu zaman əvvəllər tanımadığı bir şəxs onunla mübahisə edərək ünvanına nalayiq ifadələr işlədib.

 

Təqsirləndirilən şəxsin sözlərinə görə, vəziyyəti sakitləşdirmək məqsədilə həmin şəxsi avtobusdan endirib və yalnız bir dəfə üz nahiyəsindən şillə vurub. O, yumruqla və ya digər zorakı hərəkətlər etmədiyini, qarşı tərəfin isə sonradan özünə xəsarət yetirdiyini iddia edib. Bildirib ki, onun bütün davranışları yalnız mübahisəni və təhqirləri dayandırmaq məqsədi daşıyıb.

 

Zahid Həsənov məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edib.

 

Kamal Məmmədov

Tarix: 10 Fevral 2026, 10:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin