BURADA REKLAMINIZ OLA
BİLƏR

Avaralığa görə cərimə tətbiqinə başlanılıb?

Son vaxtlar “avaralığa görə cərimə” anlayışı cəmiyyətdə müzakirələrə səbəb olub. Bir çoxları demokratik ölkədə insanın həyat tərzinə görə cərimələnməsini məqbul saymır. Məsələ ilə bağlı hüquqşünaslar mövcud qanunvericiliyin mahiyyətini açıqlayıblar. Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Azərbaycan Vəkillər Kollegiyasının üzvü Mehman Muradlı bildirib ki, qanunvericilikdə “avaralıqla məşğul olan şəxs” anlayışı konkret meyarlarla müəyyən edilir:

 

“Avaralıqla məşğul olan dedikdə müəyyən yaşayış yeri və yaşamaq üçün vəsaiti, hər hansı ictimai faydalı işi və ya peşəsi olmayan şəxslər başa düşülür. Bura “Məşğulluq haqqında” Qanuna əsasən işaxtaran və ya işsiz kimi rəsmi qeydiyyata alınmış şəxslər daxil edilmir. Eyni zamanda, mütəmadi olaraq xırda oğurluq və ya dilənçilik yolu ilə dolanan şəxslər bu kateqoriyaya aiddir”.

 

 

 

Vəkil vurğulayıb ki, burada əsas məqsəd insanın işsiz olması deyil, ictimai asayişi pozan və sosial risk yaradan həyat tərzinin qarşısının alınmasıdır.

 

Digər hüquqşünas Toğrul Məmmədov isə saytımıza açıqlamasında bildirib ki, İnzibati Xətalar Məcəlləsində əsasən yetkinlik yaşına çatmayanların avaralığa cəlb edilməsi ayrıca məsuliyyət yaradır:

 

“Yetkinlik yaşına çatmayanın avaralığa cəlb edilməsinə görə əlli manatdan doxsan manatadək cərimə nəzərdə tutulur. İşin hallarından və xətanı törədənin şəxsiyyətindən asılı olaraq bu tədbirlər kifayət hesab edilmədikdə, beş gündən on beş günədək inzibati həbs də tətbiq edilə bilər”.

 

Beləliklə, ekspertlər hesab edir ki, demokratik ölkədə insanın həyat seçiminə görə cərimələnməsi deyil, ictimai təhlükə yaradan və qanunla qadağan edilmiş davranışların qarşısının alınması hədəflənir.

Tarix: 10 Fevral 2026, 16:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin