BURADA REKLAMINIZ OLA
BİLƏR

“Deputatlar desinlər ki, biz öz kürsümüzdən imtina edirik, çünki kənd təsərrüfatına töhfə verə bilmirik” - Vahid Məhərrəmli

“Azərbaycanda kifayət qədər bitkiçiliyi, heyvandarlığı yaxşı bilən, bu sahəyə bələd Türkiyədə yüksək səviyyədə təhsil almış və ölkəmizə qayıtmış azərbaycanlılar və yerli mütəxəssislər var. Hesab edirəm ki, həmin mütəxəssislərin bilgisindən, potensialından düzgün istifadə edilməlidir. Ümumiyyətlə, kənd təsərrüfatı olduqca mürəkkəb sahədir. Heyvandarlıq və bitkiçilik bir-birindən asılı olduğu üçün hər iki sahədən anlayışı olan savadlı, təcrübəli, peşəkar mütəxəssis olmalıdır ki, sahəni yaxşı idarə edə bilsin. Aqronom olsa, yaxşıdır. Çünki heyvandarlığın inkişafı bitkiçiliyin inkişafından asılıdır. Aqronom həm də istehsal prosesini idarə edəndir, təşkilatçıdır. Nə qədər ki, gec deyil yerli savadlı kadrlarların potensialından istifadə etmək lazımdır”.

 

Bunu aqrar sahə üzrə ekspert Vahid Məhərrəmli Pravda.az-a açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, bəzi fikirlər səsləndirilir və düşünürlər ki, Amerikada və digər ölkələrdə savadlı mütəxəssislər var, onlar gəlib Azərbaycanın kənd təsərrüfatını idarə edə bilərlər: “Təxminən 2010-2011-ci illərdə Amerikadan Azərbaycanda balıqçılığın rəqabətqabiliyyətli olub-olmadığını müəyyən etmək üçün bir təcrübəli mütəxəssis gəlmişdi. Onun müəllif olduğu müəyyən düsturlar var idi. Həmin layihəyəyə mən də cəlb olunmuşdum. Təsəvvür edin, bir neçə gün biz Salyan və Neftçalada olduq və həmin rayonlarda çoxsaylı balıqçı fermerlərlə görüşlərimiz oldu. Amerikalı ekspertlə aramızda ciddi mübahisə yarandı. O deyirdi ki, Azərbaycanda balıqçılıq rəqabətqabiliyyətli deyil. Mən də razılaşmırdım ki, Azərbaycanda balıqçılıq gəlirlidir. Mənə deyirdi ki, Azərbaycanda balığı sentyabr ayından yanvar ayınadək tuturlar və bu biznes balıqçılara 4 ayda bir o qədər də gəlir verə bilməz. Mən isə apardığım araşdırmanı ortaya qoydum ki, Azərbaycanda sentyabrdan aprel ayınadək balıq tutulur və satışa göndərilir. Ona sübut edirdim ki, sentyabr ayından başlayaraq hər ayda balıqların çəkisi artan istiqamətdə gedir. O iddia edirdi ki, Azərbaycanda qış mösümündə su soyuq olduğu üçün balıqlarda çəki artımı baş vermir. Mən isə Salyan rayonundan olan bir fermerin təsərrüfatının mühasibat uçotunu əsas gətirərək sübuta yetirməyə çalışdım ki, qış aylarında da balıqlarda çəki artımı alınır. O mənə inanmadı və israilli mütəxəssisə zəng etdi, vəziyyəti dedi. Cavabında isə ona bildirildi ki, mən düz deyirəm. Çünki Azərbaycanda balıq saxlanılan göllər donmur. Amerikadan və digər ölkələrdən gələn mütəxəssis bizim torpaq iqlim şəraiti ilə bağlı və digər incə nüansları öyrənmək üçün 30-40 il lazımdır”.

 

V. Məhərrəmli bildirib ki, öncə Rusiyada sonra Azərbaycanda işlədiyi üçün bunun fərqini görüb: “Bizim kəndlilərin yanaşması da fərqlidir. Elə millətlər var ki, onlar kollektiv əməyə üstünlük verirlər. Azərbaycanlılar isə kollektiv işləməyi bir o qədər sevmirlər. Onlar fərdi qaydada daha yaxşı, məhsuldar olurlar. Çox nüans var. Bunu isə yanlız yerli savadlı mütəxəssis bilər və ölkəmizdə də var. Bir dəfə mənimlə bu barədə söhbət etdilər. Təklif etdim ki, işçi qrupu yaradın, hər biri ölkəni nazir səviyyəsində idarə edə biləcək 20 mütəxəssis tövsiyə edə bilərəm... Milli Məclisdə bir nəfər də olsa, aqronom, zootexnik, baytar həkimi yoxdur. Yaxşı olar ki, Milli Məclisin Aqrar siyasət komitəsində olan deputatlar desinlər ki, biz öz kürsümüzdən imtina edirik, çünki kənd təsərrüfatına töhfə verə bilmirik. Kənd təsərrüfatı ilə bağlı o qədər qanuna ehtiyac var. Real vəziyyəti dəyərləndirmək lazımdır, boşluqlar çoxdur. Yeni qanunu kim işləyəcək? Əlbəttə, bu sahəni bilənlər... Təklif edirdim ki, Milli Məclisdə ən azı 20 nəfər (aqronom, zootexnik, baytar, torpaqşünas) olmalıdır. Azərbaycan əhalisinin təxminən yarısı kənd təsərrüfatında işləyir, yarısı da kənddə yaşayır. Kənddə olan problemlər də dərindir, mürəkkəbdir. Çünki o problemləri həll etmək üçün həm qanunvericilik bazasını yaratmaq, təkmilləşdirmək lazımdır. Digər tərəfdən idarəetmədə təcrübəli adamlar tərəfindən məsləhətlər verilməlidir”.

 

Xatırlatma: Milli Məclisin iclasında parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev bildirib ki, kənd təsərrüfatına investisiya qoymaq lazımdır: “Yaxşı olar ki, biz bu sahəni idarə edə bilən adamları ABŞ-dan və digər yerlərdən ölkəmizə dəvət edək. Onlar bu sahədə kök salmış problemləri aradan qaldırsınlar”.

 

Şəhanə Quliyeva

Tarix: 13 Fevral 2026, 11:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin