Reklam

Cavid Qurbanov: “Voleybol qızlara həyatlarını qurmaq üçün yaxşı şərait yaradır”

“Komandalarımız əsasən gənclərə üstünlük verir. 12 voleybolçumuz ölkə xaricində çıxış edir. Hamısı da ad qazanmış tanınmış voleybolçulardır. Polina Rəhimova, Yelizaveta Səmədova kimi qızlar dünya meydanlarında artıq öz sözlərini deyiblər. Əvvəllər əsasən qadınlar arasında çempionat olardı. İndi kişi komandalarımız da var. Həm Fövqəladə Hallar Nazirliyinə, həm Sərhəd Qoşunlarına, həm də Azərbaycan Dövlət İqtisad Universiteti rəhbərliyinə təşəkkürümü bildirirəm”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Voleybol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Cavid Qurbanov deyib.

 

C.Qurbanov qeyd edib ki, qızların orta əməkhaqqısı təxminən 2000 manata yaxındır: “Voleyboldan gözəl nə var ki? Həm yaxşı əməkhaqqı verilir, həm sağlamlıqdır, həm dünyanı görmək imkanı olur. Ucqar rayonlardakı valideynlərə üzümü tutub deyirəm ki, qızlara imkan verin voleybol oynasınlar, inkişaf etsinlər. Voleybol həm də qızlara həyatlarını qurmaq üçün yaxşı şərait yaradır. Bəzi düşüncələri dəyişmək lazımdır. Gördüyünüz kimi, ucaboylu gənclərimiz var ki, onlara hər cür şərait yaradacağıq. Ölkə prezidentinin, həmçinin I vitse-prezidentimizin idmana qayğısı, xüsusi tapşırıqları var. Ümid edirik ki, bütün bunların nəticəsində komandalarımızın, gənclərimizin səsi daha yüksək yerlərdən gələcək, Avropa, dünya çempionatında oynayacaqlar, Olimpiya lisenziyalı turnirlərə qatılacaqlar”.

Tarix: 14 Dekabr 2019, 19:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin