BURADA REKLAMINIZ OLA
BİLƏR

Gömrük Komitəsinin inspektoru amnistiyaya düşdü, cəzası yüngülləşdirildi

Şirvan Apellyasiya Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığında təqsirləndirilən İqbal Dadaşovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Pərviz Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, Astara Rayon Məhkəməsinin hökmü dəyişdirilib, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarının 19.5, 5.2.2 və 2.8-ci bəndlərinə əsasən təqsirləndirilən şəxs ona həmin hökmlə Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təyin edilmiş qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla 1 il 6 ay müddətinə islah işləri cəzasından azad edilib. Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə İqbal Dadaşovun Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cəza təyin edilməsinə dair müddəalar hökmdən xaric olunub. Təqsirləndirilən şəxsin üzərində təqsirli bilindiyi Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə barəsində Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə, 1 il 6 ay müddətə gömrük orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə növündə əlavə cəza saxlanılıb.

 

İttihama görə, İqbal Dadaşov Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsinin inspektoru vəzifəsində işləyib.

 

O, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vahid niyyətlə vəzifə səlahiyyətlərindən sui-istifadə edib, vəzifəli şəxs qismində informasiya resurslarına bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə vəzifə saxtakarlığı törədib, vəzifəli şəxs kimi qeyrisinin təhriki ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vahid niyyətlə vəzifə səlahiyyətlərindən sui-istifadə edib, vəzifəli şəxs qismində qeyrisinin təhriki ilə informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməklə təkrarən vahid niyyətlə vəzifə saxtakarlığı törədib.

 

Astara Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla ona qəti olaraq 2 il müddətinə islah işləri cəzası təyin edilmişdi.

 

Kamal Məmmədov

 

 

 

 

Tarix: 6 Mart 2026, 10:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin