BURADA REKLAMINIZ OLA
BİLƏR

Ramiz Rövşənin doğum günüdür – “Nə sən kiriyirsən, nə yağış kəsir"

Xalq şairi Ramiz Rövşənin doğum günüdür.

 

Pravda.az xəbər verir ki, R.Rövşənin 73 yaşı tamam olur.

 

Ramiz Rövşən 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub. Əslən Qubadlı rayonunun Teymur Müskanlı kəndindəndir. Suraxanı rayonundakı 208 N-li şəhər orta məktəbində təhsil alıb. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini (1964-1969), Moskva Ali Ssenari Kurslarını bitirib (1976-1978). Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, "Mozalan" satirik kinojurnal studiyasında redaktor (1971), kinostudiyanın ssenari emalatxanasında ssenarist (1974-1975), ssenari redaksiya heyətinin üzvü (1979-1987), kinostudiyanın baş redaktoru (1987-1992) işləyib. 1992-ci ildən Azərbaycan Tərcümə Mərkəzinin baş redaktorudur. Bir neçə şeir kitabının müəllifidir.

 

Ramiz Rövşənin ssenariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilib. Şeir və hekayələri tərcümə edilərək bir sıra keçmiş SSRİ respublikalarında, eləcə də ABŞ-da, Almaniyada, Böyük Britaniyada, Fransada, Polşada, Bolqarıstanda, Türkiyədə və İranda çap olunub. Ramiz Rövşən Müsavat Partiyasının 1997-ci ildə qəbul olunmuş himninin sözlərinin müəllifidir.

 

2013-cü ildə "Türk Dünyası Bilim, Kültür ve Sanat Ödülü"nü alıb.

 

Avrasiya Akademiyasının akademiki və akademiyanın "Avrasiya Əfsanəsi" mükafatının sahidir (2019).

 

Azərbaycan Respublikası Prezidentinin 25 may 2019 tarixli Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Xalq şairi fəxri adına layiq görülüb.

 

Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin Elmi-Bədii Şurasının, Dünya Poeziya Hərəkatı (WPM) Koordinasiya Şurasının üzvüdür.

 

Şeirləindən birini təqdim edirik:

 

Boşaldı dünyanın sən olan yeri…

Dünyanın sən olan yerindən indi

Tozlana-tozlana maşınlar keçir,

Nazlana-nazlana xanımlar keçir,

Cavanlar keçir tüpürüb siqaret kötüklərini.

Dünyanın sən olan yerindən ancaq mən keçə bilmərəm.

Baş alıb qaçaram gecələr ilə,

Uzun yollar ilə, küçələr ilə,

Dünyanın sən olan yerindən elə baş alıb qaçaram, qaça bilmərəm.

Yenə də, açılar səhər qəfildən,

yenə də, sökülər qızıl dan yeri.

Bütün yer üzünün hər tərəfindən

görünər dünyanın sən olan yeri.

Dünyanın sən olan yerinə bir gün

yağış yağacaq.

Gecə köynəyində, ürkək-utancaq,

çıxarsan eşiyə, gözlərsən məni,

üşüyə-üşüyə gözlərsən məni.

Qoşulub ağlarsan

yağan yağışa,

Əlimdən nə gələr?..

Məni bağışla!..

…Nə sən kiriyirsən, nə yağış kəsir,

yağışa qarışıb axarsan, kiri.

Ağlaya-ağlaya bu yaz gecəsi

əriyib yağışa çıxarsan, kiri.

Baxdıqca qorxuram

yağan yağışa,

Ağlaya bilmirəm…

Məni bağışla!..

Tarix: 15 Dekabr 2019, 11:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin