BURADA REKLAMINIZ OLA
BİLƏR

Həkim məsləhəti olmadan vitaminlər və qida əlavələri qəbul etməyin - XƏBƏRDARLIQ

Yaz aylarında havaların tez-tez dəyişməsi, temperatur fərqləri və mövsümi keçidlər bir çox insanın özünü halsız, yorğun hiss etməsinə səbəb olur. Bu dövrdə xüsusilə immun sistemi zəif olan şəxslərdə qrip və müxtəlif virus infeksiyalarına yoluxma halları artır. Belə vəziyyətlərdə isə bir çox insan həkim məsləhəti olmadan müxtəlif vitaminlər və qida əlavələri qəbul etməyə başlayır. Bəs bu nə dərəcədə doğrudur?

 

Mövzu ilə bağlı Pravda.az-a danışan Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, yaz aylarında immun sisteminin zəifləməsi müəyyən hallarda normal sayılsa da, orqanizmi qorumağın əsas yolu düzgün həyat tərzidir:

“Yaz ayları immun sisteminin daha həssas olduğu dövrlərdən biridir. Xüsusilə temperaturun davamlı dəyişməsi immun sistemi zəif olan insanlarda mövsümi qrip və digər virus xəstəliklərinə yoluxma riskini artırır. Bu da orqanizm üçün əlavə yük və yorğunluq yaradır. Ona görə sağlamlığına diqqət edən insanlar bu dövrdə qidalanmalarına xüsusi fikir verməlidirlər”.

 

Mütəxəssisin sözlərinə görə, yaz mövsümündə mövsümi meyvə-tərəvəzlərdən istifadə etmək, açıq havada daha çox vaxt keçirmək və günəş şüasından düzgün şəkildə faydalanmaq immunitetin güclənməsinə kömək edir.

 

O qeyd edib ki, yuxu rejimi də ən vacib amillərdən biridir: “Bəzən insanlar gec saatlara qədər oyaq qalırlar. Bu isə orqanizmin həddindən artıq yüklənməsinə, vitamin və mineral balansının pozulmasına səbəb olur. Eyni zamanda, kifayət qədər su içmək də çox vacibdir. Su həm qəbul etdiyimiz qidaların parçalanaraq orqanizmə faydalı şəkildə ötürülməsində, həm də toksik maddələrin bədəndən xaric olunmasında mühüm rol oynayır”.

 

M.Hüseynova vurğulayıb ki, insanların ən çox yol verdiyi səhvlərdən biri analiz vermədən vitamin və qida əlavələri qəbul etmələridir: “Bəzi insanlar heç bir analiz etdirmədən müxtəlif multivitaminlər və qida əlavələri qəbul edirlər. Halbuki bu, ciddi fəsadlara səbəb ola bilər. Xüsusilə D vitamini, maqnezium, kalsium və Omeqa-3 kimi əlavələr yalnız orqanizmdə çatışmazlıq olduğu müəyyən ediləndən sonra qəbul olunmalıdır”.

 

Onun sözlərinə görə, xüsusilə D vitamini orqanizm üçün vacib hesab olunsa da, onu nəzarətsiz qəbul etmək düzgün deyil: “Havalar uzun müddət sərin keçəndə bəzən D vitamini normal olan insanlarda belə azalma müşahidə edilir. Amma bu, o demək deyil ki, hər kəs analizsiz şəkildə D vitamini qəbul etməlidir. Eyni hal maqnezium üçün də keçərlidir. İnsanlar yorğunluğu aradan qaldırmaq məqsədilə bilmədən maqnezium qəbul edirlər. Faydaları çox olsa da, artıq qəbulu sağlamlıq üçün təhlükəli ola bilər”.

 

Mütəxəssis bildirib ki, balıq və dəniz məhsulları, qoz və digər çərəzləri az istifadə edən insanlarda Omeqa-3 yağ turşularının çatışmazlığı yarana bilər: “Omeqa-3 xüsusilə inkişaf dövründə olan uşaqlar və yeniyetmələr üçün vacibdir. Çatışmazlıq diqqət əskikliyi, yaddaş problemləri və inkişaf geriliyi ilə nəticələnə bilər. Amma bunun üçün də ilk növbədə analiz və mütəxəssis məsləhəti vacibdir”.

 

O əlavə edib ki, əgər insan balanslı qidalanırsa, yuxu rejimi qaydasındadırsa, fiziki aktivdirsə və analiz nəticələri normaldırsa, əlavə vitamin qəbuluna ehtiyac olmaya bilər: “Düzgün qidalanma, fiziki aktivlik və normal yuxu rejimi sağlamlığın qorunması üçün ən vacib vərdişlərdir. Əgər insan tez-tez xəstələnirsə, davamlı yorğunluq, halsızlıq, yuxusuzluq, iştahsızlıq və ya əksinə həddindən artıq yemək istəyi varsa, az qidalanmasına baxmayaraq kökəlirsə, bu artıq orqanizmdə müəyyən problemlərin göstəricisi ola bilər. Belə hallarda mütləq analiz verilməli və müayinə aparılmalıdır”.

 

Aygün İbrahimli

Tarix: 7 May 2026, 13:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin