BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ayıb olardı...” – 80 yaşlı şairin içindəki uşaq oyandı - VİDEO

“Yaşımın yanındakı 0-ı atdım, özümü 8 yaşında uşaq kimi hiss etdim. Doyunca yelləncəkdə yelləndim”.

 

Yazıçı, şair, dramaturq Seyran Səxavət Pravda.az-a doğulduğu Füzuli rayonunda uşaqlaşmağının sevincindən danışıb.

 

Doğma yurdundan ayrılmaq istəmədiyini deyən şair Yağlıvənd kəndində toy kimi baş tutan görüşdən də bəhs edib: “May ayının 10-da Füzuli rayonuna getmişdim, 3 gün qaldım. Doğulduğum Füzuli rayonunun Yağlıvənd kəndində toy kimi bir görüşümüz baş tutdu. Kəndimizin sakinlərinin böyük əksəriyyəti gəlmişdi. Köndələn gölünün ətrafında çadır qurduq. Yemək-içmək, çalmaq-oynamaq - hamısı vardı”.

 

Şair öz elində keçirdiyi hissləri belə ifadə etdi: “Bizim kənd hələ ki, abadlaşdırılmayıb. Amma Füzuli şəhəri çox gözəlləşib. Səhər saat 07:30-da şəhərin gözəl parkında gəzməyə çıxmışdım. Uşaqlar üçün yelləncəkləri görəndə bir anda uşaq oldum. Hələ tezdən idi. Ətrafda heç kim yox idi. Yoxsa camaatın içində ayıb olardı. Düz başa düşməzlər... Gördüm heç kim yoxdu, yaşımın yanındakı 0-ı atdım, 8 yaşındakı uşaq kimi yelləncəkdə doyunca yelləndim. Elə bildim ki, təkcə Qarabağ yox, bütün dünya mənimdir. Səbəbim də vardı uşaqlaşmağa. Doğulduğun torpağa 35 ildən sonra böyümüş insan kimi qayıtmaq çətin olur. Uşaq kimi gəzmək daha rahatdır. Axı uşaqların heç nə vecinə olmur”.

 

Səmimiyyəti ilə seçilən yazıçı- şairimiz  “uşaqlaşdığı” vaxtın necə lentə alındığını da açıqlayıb: “Mən öz aləmimdə yellənirdim. Birdən yerli sakinlərdən biri peyda oldu. Qənbər adlı kişi. O da məni lentə aldı”.

 

Şair onu da vurğulayıb ki, füzulililər onu çox mehribanlıqla qarşılayıblar: “Qarşıma çıxanlar hamısı məni hər iki yanağımdan öpürdülər. Fərqi yox idi, qadın idi, ya kişi...  İnsanların səmimiyyəti, təbiətin gözəlliyi məni o qədər valeh etmişdi ki, heç qayıtmaq istəmirdim. Amma nə edək? Qayıtmalı idik, qayıtdıq”.

 

Seyran müəllim Füzuliyə gedib orada yaşamaq istədiyini də deyir: “Niyə getmək istəmirəm? Bu dəqiqə gedərəm. Amma bir az gözləyirəm. Hələ çətin şəraitdə yaşayan insanlarımız köçsünlər, yerləşsinlər. Ondan sonra yuxarılardan xahiş edəcəm ki, mənə bir otaqlı bir ev versinlər. Arvadı da vuracam qoltuğuma, gedəcəm”.

 

- “Bir otaq bəs edər?” 

 

Şair cavabı özünəməxsus şəkildə verir: “Mənim bu dünyanın özündə yox, sözündə gözüm var. Bircə otaq bəsimdir. Zəngin ailədə böyümüşəm. Özüm də yaxşı həyat yaşamışam. Heç nədə gözüm yoxdur”.

 

Yeri gəlmişkən, Seyran müəllim Füzulidən qayıtdıqdan sonra hələ də özünü 8 yaşlı uşaq kimi hiss etdiyini deyir: “Hələ orada hiss etdiyim uşaqlıq ab-havası başımdan çıxmayıb. Ona görə yazı da yazmıram. 8 yaşında uşaq nə yazar? Qoy böyüyüm, sonra yazaram..."

 

Aygün İbrahimli

 

Fotoları təqdim edirik
Tarix: 15 May 2026, 14:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin