BURADA REKLAMINIZ OLA
BİLƏR

Vətəndaş yaşadığı mənzilə qeydiyyata düşməyibsə, “yaşayış yeri haqqında arayış”ı necə əldə etməlidir? - İZAH

Bakıda daşınmaz əmlak bazarında tez-tez rast gəlinən problemlərdən biri də vətəndaşın qeydiyyatda olduğu ünvandan fərqli yerdə yaşaması ilə bağlıdır. Xüsusilə çıxarışı olmayan mənzillərdə yaşayan və ya aldığı mənzildə qeydiyyata düşməyən şəxslərdən müxtəlif qurumlar tərəfindən “yaşayış yeri haqqında arayış” tələb olunduqda, bu sənədin haradan və hansı qaydada alınması sual doğurur. Bəzi hallarda belə arayışlar komendantlıqlar tərəfindən verilsə də, onların hüquqi qüvvəsi və etibarlılığı ilə bağlı mübahisələr yaranır.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Azərbaycan İstehlakçılar Şurasının sədri, vəkil Roman Qaraşovun sözlərinə görə, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaması, yəni mənzilə dair “çıxarış”ın olmaması, şəxsin həmin yaşayış sahəsində faktiki yaşaması faktını hüquqi baxımdan avtomatik olaraq aradan qaldırmır.

Vəkil Roman Qaraşov - FOTOBAZA Pravda.az

O bildirib ki, bu iki anlayış mülkiyyət hüququ və faktiki yaşayış, Azərbaycan hüququnda fərqli hüquqi institutlar kimi qiymətləndirilir və onların kəsişməsi mürəkkəb hüquqi rejim yaradır: “Yaşayış yeri haqqında arayışın verilməsi dövlət-hakimiyyət səlahiyyətinin həyata keçirilməsi hesab olunur və bu funksiyanı yalnız qanunvericiliklə müəyyən edilmiş subyektlər icra edə bilər. Vətəndaş Bakı şəhərində çıxarışı olmayan mənzildə yaşayır, lakin rəsmi qeydiyyatı başqa inzibati rayondadırsa, onun yaşayış faktının ilkin təsdiqi üçün müraciət etməli olduğu qurumlar həmin binaya faktiki xidmət göstərən Mənzil İstismar Sahələri (MİS/JEK) və ya yerli icra hakimiyyətinin ərazi nümayəndəlikləridir. Bu qurumlar mənzilə dair daxili sərəncam sənədlərinə – məsələn, Mənzil Tikinti Kooperativi (MTK) ilə bağlanmış müqaviləyə, ödəniş qəbzlərinə və maliyyə arayışlarına əsaslanaraq şəxsin həmin ünvanda yaşamasını təsdiq edən arayış təqdim edə bilirlər. Çünki çıxarışın olmaması yaşayış faktını deyil, əsasən əmlak üzərində tam sərəncam və mülkiyyət hüququnun dövlət qeydiyyatını məhdudlaşdırır”.

 

Vəkil qeyd edib ki, yeni tikili binalarda geniş yayılmış “komendantlıq” institutu isə hüquqi baxımdan xüsusi diqqət tələb edir: “Komendantlıqlar adətən MTK-ların və ya binanı idarə edən özəl qurumların icraedici strukturu kimi fəaliyyət göstərirlər. Onların təqdim etdiyi arayışlar müəyyən hallarda praktiki və sübutedici əhəmiyyət daşısa da, bu sənədlər rəsmi dövlət sənədi statusuna malik deyil. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 141-ci maddəsi çərçivəsində qiymətləndirildikdə, komendantlıq tərəfindən verilən arayış daha çox binadaxili uçotu əks etdirən “xüsusi yazılı sübut” xarakteri daşıyır. Bu səbəbdən belə sənədlər kommunal xidmət münasibətlərində, məişət xarakterli təsdiqlərdə və bəzi mülki-hüquqi münasibətlərdə qəbul oluna bilər. Lakin dövlət orqanları xüsusilə məhkəmələr, hüquq-mühafizə orqanları və hərbi komissarlıqlar həmin arayışları adətən yalnız əlavə sübut vasitəsi kimi qiymətləndirirlər. Başqa sözlə, komendantlıq arayışı təkbaşına bütün inzibati-hüquqi nəticələrin yaranması üçün kifayət hesab olunmaya bilər. Məsələnin hüquqi baxımdan ən effektiv və sistemli həlli “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş müvəqqəti qeydiyyat (“olduğu yer üzrə qeydiyyat”) mexanizmindən istifadə edilməsidir. Çıxarışı olmayan mənzildə yaşayan şəxs MTK müqaviləsi, mənzilin təhvil verilməsini və binanın faktiki istifadəyə hazır olduğunu təsdiq edən sənədlərlə ASAN Xidmət mərkəzlərinə müraciət edərək həmin ünvanda müvəqqəti qeydiyyata düşə bilər. Bu zaman şəxsin daimi qeydiyyat ünvanının dəyişdirilməsi tələb olunmur. Belə qeydiyyat həyata keçirildikdən sonra yaşayış yeri haqqında arayış artıq komendantlıq və ya digər özəl idarəetmə strukturları tərəfindən deyil, birbaşa Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş məlumat bazası əsasında dövlət tərəfindən təqdim edilir. Bu sənəd rəsmi hüquqi statusa malik olur, bütün dövlət orqanları üçün məcburi tanınır və hüquqi mübahisə ehtimalını minimuma endirir. Nəticə etibarilə, komendantlıq və ya MTK tərəfindən verilən arayışlar praktik zərurətdən yaranan keçid xarakterli sənədlər sayılsa da, onların hüquqi etibarlılığının və tətbiq imkanlarının gücləndirilməsi üçün həmin sənədlərin dövlət qeydiyyat sistemində rəsmiləşdirilmiş müvəqqəti qeydiyyatla dəstəklənməsi ən düzgün və peşəkar hüquqi yanaşma hesab olunur”.

 

Şəhanə Quliyeva

Tarix: 15 May 2026, 14:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin