BURADA REKLAMINIZ OLA
BİLƏR

Rəşad Bayramov: “Rusiya başa düşür ki, təzyiq rıçaqlarının işə salınması İrəvanı Moskvadan daha da uzaqlaşdıra bilər”

“Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvənin seçkilərdə və daxili siyasi proseslərdə mövqeyini qoruması fonunda Ermənistan-Rusiya münasibətlərinin gələcək istiqamətinin yenidən müzakirə mövzusuna çevrilməsi təbiidir. Son illərdə İrəvanın Qərblə yaxınlaşma siyasəti, Rusiyanın regiondakı təsir imkanlarının zəifləməsi və Qarabağdan sonra formalaşan yeni geosiyasi reallıq Moskvanı Ermənistan siyasətinə yenidən baxmağa məcbur edir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.

 

O bildirib ki, Rusiyanın əsas məqsədi Ermənistanı tamamilə itirməmək və ölkənin Qərb təhlükəsizlik sistemlərinə inteqrasiyasının qarşısını almaqdır: “Moskva bir daha anladı ki, Paşinyan hökumətinin devrilməsi və ya hakimiyyətdən uzaqlaşdırılması əvvəlki illərlə müqayisədə daha çətindir. Buna görə də Kreml yaxın perspektivdə birbaşa hakimiyyət dəyişikliyi ssenarisindən daha çox, Ermənistan daxilində siyasi, iqtisadi və ictimai təsir rıçaqlarını qorumağa çalışacaq. Bu istiqamətdə ilk addım iqtisadi təsir mexanizmlərinin gücləndirilməsi ola bilər. Ermənistan iqtisadiyyatı hələ də Rusiyadan ciddi dərəcədə asılıdır. Enerji sektoru, bank sistemi, əmək miqrasiyası və ticarət əlaqələri Moskvanın əlində mühüm təsir alətləri olaraq qalır. Kreml bu vasitələrdən istifadə etməklə İrəvanın Qərbə doğru hərəkətinin sürətini azaltmağa cəhd göstərəcək. Eyni şəkildə Ermənistan daxilində Rusiyaya yaxın siyasi və ictimai qüvvələrin dəstəklənməsinin də davam edəcəyi şübhəsizdir. Rusiya bu seçkilərdə özünə bağlı olan qüvvələrin parlamentdə təmsilçiliyinə və bununla da Paşinyanın üçdə iki səs çoxluğu əldə etməsinin qarşısını almağa müvəffəq oldu. Bu da o deməkdir ki, strateji qərarların qəbulunda müxalifətin təsir imkanları var və Rusiya da öz maraqlarını qorumaq üçün həmin qüvvələrdən maksimum şəkildə istifadə etməyə çalışacaq.  Ən vacib məqam isə odur ki, hazırda Rusiya və Ermənistan rəsmilərinin kəskin ritorikasına baxmayaraq tərəflər bir-birinə məcburdurlar. Ermənistan hələ ki, Rusiya asılılığından qurtarmaq üçün alternativlər formalaşdıra bilməyib. Rusiya isə Ermənistanı tamamailə itirmək istəmir və başa düşür ki, təzyiq rıçaqlarının işə salınması İrəvanı Moskvadan daha da uzaqlaşdıra bilər. Ona görə də düşünürəm ki, növbəti mərhələdə hər iki tərəf praqmatik əməkdaşlığa üstünlük verəcək. Moskva artıq anlayır ki, Ermənistanın Qərbə yaxınlaşması müəyyən həddə qədər davam edəcək. Buna görə də Kremlin məqsədi bu prosesi dayandırmaqdan çox, nəzarət altında saxlamaqdan ibarət ola bilər”.

 

Politoloqun sözlərinə görə, bu şəraitdə Azərbaycanın mövqeyi xüsusi əhəmiyyət kəsb edir: “Bizim üçün əsas prioritet Ermənistanla sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və regional kommunikasiyaların açılmasıdır. Azərbaycan üçün Ermənistanın hansı geosiyasi mərkəzə yaxın olması deyil, onun regional reallıqları qəbul etməsi və revanşist siyasətdən uzaq durması daha vacibdir. Başqa sözlə Rusiyanın Ermənistan üzərində təsirini artırıb-artırmamasından asılı olmayaraq Azərbaycan balanslı siyasət yürütməyə davam edəcək. Rəsmi Bakı həm Moskva, həm də digər regional aktorlarla münasibətlərini qorumağa çalışaraq, çünki biz Cənubi Qafqazda yeni qarşıdurma xəttinin formalaşmasında maraqlı deyilik. Digər tərəfdən, Ermənistanın Qərblə yaxınlaşmasının sürətlənməsi də Azərbaycanın siyasətini köklü şəkildə dəyişdirməyəcək. Çünki Bakı son illərdə öz xarici siyasətində çoxvektorlu yanaşmanı qoruyaraq həm regional, həm də qlobal güclərlə işləmək qabiliyyətini nümayiş etdirib. Odur ki, Paşinyanın siyasi mövqeyinin möhkəmlənməsi Rusiyanın Ermənistandan tam geri çəkilməsi anlamına gəlmir. Kreml iqtisadi, siyasi və təhlükəsizlik alətlərindən istifadə etməklə ölkədə təsirini qorumağa çalışacaq. Azərbaycanın isə bu prosesdə əsas hədəfi Ermənistanın hansı geosiyasi düşərgəyə aid olmasından daha çox, regionda dayanıqlı sülhün və yeni nəqliyyat-kommunikasiya layihələrinin reallaşması olacaq. Bu baxımdan Bakı üçün əsas məsələ Ermənistanın xarici siyasət seçimi deyil, onun regional sabitliyə nə dərəcədə töhfə verməsidir”.

 

Şəhanə Qədirli

Tarix: 9 İyun 2026, 15:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin