BURADA REKLAMINIZ OLA
BİLƏR

“Yaşlı nəsil siyasətçilərdən uzaq durun” – Hüquqşünasdan ÇAĞIRIŞ

“Uzun müddətdir ki, əxlaq, tərbiyə, Dövlət, Vətən anlayışlarından xəbərləri olmayanlar haqqımda ağlagəlməz böhtanlar uydurub bilərəkdən məni təhqir etdirirlər. Ən dəhşətlisi də odur ki, uzun illər haqlarını qoruduğum və gün də məhz onlar üçün çalışdığım kasıb təbəqənin bir çox təmsilçisi də bu əxlaqsız, tərbiyəsizlərə züy tuturlar. 1980-ci ilin sonu 1990-cı illərin əvvəli buraxdığı səhvləri yenidən təkrarlayırlar. Onların sadələyini, təcrübəsizliyini, baş verənlərdən xəbərləri olmamasından istifadə edən fürsətçiləri, satqınları, tərbiyəsizləri, gündə bir qucaq dəyişənləri, hər şeyləri ilə alver etməyə hazır olanları milli qəhrəman sayıb onlardan nicat gözləyirlər”.

 

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

 

A.İsmayılov bildirib ki, vaxtilə belələrinə görə həyatları, gələcəkləri məhv edilən, heç nədən həbsxana həyatı yaşayanlar, yaxud Vətəndən didərgin düşənlər, bu gün bir tikə çörəyə möhtac olanlar da onların kimliyini bilə-bilə susurlar: “Bəzilərində isə nifrət o həddədir ki, intiqam hissini təmin etmək üçün tək hakimiyyət təmsilçilərinin yox, bütün Azərbaycanın da məhv olmasına hazırdırlar. Bunlar o qədər həyasızdırlar ki, insanı bilə-bilə təhqir edib dara düşəndə onları müdafiə etməyi də xahiş etmirlər, tələb edirlər. Bunlar əxlaqsız, cinayətkar, xain olanın birisini bilə-bilə cəmiyyətə qəhrəman kimi təqdim edirlər ki, sonra ondan da istifadə etsinlər. Bir sözlə, bunlar üçün müqəddəs heç nə yoxdur. Həyatın dəfələrlə belələrini cəzalandırmasına baxmayaraq yenə də öz murdar əməllərindən əl çəkmirlər. İnanın, belələrinə həqiqətən də yazığım gəlir. Ancaq belələrinin diktəsi ilə heç vaxt addım atmamışam və atmayacam! Azərbaycana gəldiyim ilk günlərdən hansı yolu getdiyimin fərqindəyəm. Bu yol mənə və ailəmə bolluca məhrumiyyətlər yaşadıb. Ancaq getdiyim yolu dəyişmək, ona korrektə etmək fikrim yoxdur. Uca Allaha və həyatın ədalətli olduğuna inamım sonsuzdur. Şükür Allaha ki, bu günə qədər atdığım addımların heç birindən peşman deyiləm. Sadəcə, arzum odur ki, bu gün nə etdiyimi başa düşməyənlər, yaxud səhv fikirdə olanlar bütün fəaliyyətimi diqqətlə araşdırıb bu gün məni təhqir etdirənlərin həyatları ilə müqayisə edələr. Məhz ona görə də hər dəfə təkrarlayıram, özünüzdən başqa heç kimə inanmayın! Nə eşitdiyinizi, gördüyünüzü kimlərinsə sözlərinə görə yox, öz təhlillərinizə görə dəyərləndirin ki, illər əvvəl buraxılan səhvləri təkrarlamayasınız. Azərbaycan qədər yalana don geyindirənlər və buna inanlar ölkəsi tanımıram. Bu da təsadüfi deyil. Uzun illər bizi idarə edən imperiyalar, xüsusilə Rusiya bu torpaqda xalqı parçalayıb, şər, böhtan toxumları səpib və onu becərənləri bəsləyib.

 

Bu gün xüsusilə Azərbaycan gənclərinə müraciət edirəm. Yaşlı nəsil siyasətçilərdən uzaq durun. Maksimum savadınızı, biliyinizi artırın, özünüz qərar qəbul etməyi öyrənin, dedi-qodulardan, pafosdan, populizmdən, şər-böhtandan uzaq olun, öz haqqınızı heç kimin yeməsinə yol verməyin, düz olanda heç kimdən və heç nədən qorxmayın! Bilin, şəxsi ləyaqətlərini gənclik illərindən qoruya bilməyənlər sonradan onu heç vaxt qazana bilməzlər. Həyatda səmimi, dürüst olun. Heç kim, heç kimi daim aldada bilməz. Satqınlardan, yaltaqlardan, bütlərdən uzaq olun. Oğurluqla, əxlaqsızlığın ömrü az olur deyiminə inanın. Bu gün meydan sulayan “qəhrəman”ların həyat yolunu, ailələrinin durumunu, həyatda hansı şəxsi uğur qazandıqların, harada, necə oxuduqlarını, işlədiklərini, maliyyə mənbələrini araşdırın. Addımlarınızı ancaq şəxsi maraqlara görə yox, həm də cəmiyyətə ən azından ziyan verməmək şərtilə atın. İnanın ki, həyat ədalətlidir. Etdiyiniz haqsızlığın, xəyanətin bədəlini hökmən ödəyəcəksiniz. Mənim bu gün nəyi, necə, nə üçün etdiyimin gələcəkdə araşdıralacağına və haqq etdiyi dəyəri alacağına zərrə qədər şübhəm yoxdur. Ona görə də yolumu davam edəcəm. Bu yolda haqlı olanlara Uca Allahdan uğur diləyirəm!”

Tarix: 11 Avqust 2020, 08:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin