BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda tibbi müayinə məcburi ola bilərmi? – Deputatdan AÇIQLAMA

Azərbaycanda müəyyən müddət çərçivəsində “check up” olunmayan, il ərzində müayinəyə getməyən vətəndaşların məcburi müayinəyə cəlbi və imtina etdikləri təqdirdə isə cərimə tətbiqi təklif olunur. Bildirilir ki, vətəndaşlar vaxtında müayinə olunmurlar və xəstəliyin son həddində bundan xəbər tuturlar, o zaman isə müalicə təsirini göstərmir. Xərçəng xəstəliyinin belə ilkin mərhələdə müalicəsinin mümkünlüyü diqqətə çatdırılır.

 

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli isə Pravda.az-a açıqlamasında deyib ki, sağlamlıq insan həyatının təməlidir.

 

M.Məmmədli bildirib ki, müayinə-müalicə ilə bağlı insanlara bütün dünyada seçim hüququ verilib: “Hər bir insan öz sağlamlığının qorunmasına özü qərar verən şəxsiyyətdir. Buna görə də belə məsələdə inzibati, administrativ metodlardan istifadə doğru yanaşma deyil. Dövlətimiz Konstitusiyaya uyğun olaraq hər bir vətəndaşının sağlamlığının qorunması üçün sosial dövlət modelinə uyğun şəkildə münbit şəraitin yaradılmasını təşkil edir. Bu baxımdan proses daha çox maarifləndirmə, ilkin səhiyyə xidmətində düzgün təşkilatçılıq, vətəndaşlarla  müvafiq strukturların, səhiyyə müəssisələrinin orta tibb işçiləri və həkimlərin maarifləndirici tədbirləri şəklində həyata keçirilir. Kütləvi informasiya vasitələrinin isə rolu bu prosesi işıqlandırmaq, səhiyyə maarifçiliyi işini təşkil etmək, daha çox əhaliyə yaymaqdan ibarətdir. Səhiyyə Nazirliyi bu profilaktik məsələlərdə vahid səhiyyə siyasətini müəyyənləşdirən qurum kimi həm aksiyalar keçirir, həm də müvafiq tibbi maarifləndirmə işini təşkil edir. Bir sözlə, ümumi yanaşmaya görə, tibbi maarifləndirmə, ilkin səhiyyə xidməti, səhiyyə maarifçiliyi, kütləvi informasiya vasitələrində prosesin işıqlandırılması, təhsil müəssisələrindən iş yerlərinə qədər vahid təbliğat işinin qurulması ilə prosesi idarə edə bilərik və etməliyik. İnzibati yanaşmalar, fərqli istiqamətlər seçmək, insanları başqa cür yönləndirmək kimi metodlardan istifadə doğru yanaşma deyil. Sosial dövlət modelinə uyğun şəkildə icbari sığortanın imkanlarından yararlanaraq, vətəndaşlarımızla tibbi maarifləndirmə işini doğru quraraq prosesin öhdəsindən gələ bilərik”.

 

Aytəkin Qardaşova

Tarix: 11 İyun 2026, 09:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin